525.Az

Ceyhun Bayramov: "Son illər müəllim olmaq istəyən kişilərin sayı artıb"


 

"MÜƏLLİMLƏRİN ORTA AYLIQ ƏMƏK HAQQI 600 MANATI ÖTƏCƏK"

Ceyhun Bayramov: "Son illər müəllim olmaq istəyən kişilərin sayı artıb"<b style="color:red"></b>

"Azərbaycanın təhsil sistemində, məktəblərdə qadınlar üstünlük təşkil edir".

Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, təhsil sistemində çalışan kişilərlə qadınların nisbətinin qısa müddət ərzində bərabərləşəcəyini gözləmək düzgün olmaz:

"Biz kişilərin də müəllimlik peşəsinə olan maraqlarını müşahidə edirik. Son illər müəllim olmaq istəyən kişilərin sayında da artım var. Biz bunu böyük məmnunluq hissi ilə qarşılayırıq. Təbii ki, hər zaman balansın qorunması vacib məsələlərdən biridir".

Nazir bildirib ki, hazırda müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarla əlaqədar ölkədəki bütün orta məktəblərdə vakant yerlərin müəyyənləşdirilməsi üçün müvafiq işlər aparılır.
 
O bildirib ki, yaxın zamanlarda orta məktəblərdəki bütün vakant yerlər haqqında məlumat veriləcək:

"Hesab edirəm ki, bu il elan edilən vakant yerlərin sayı ötən ildəki vakant yerlərin sayından çox olacaq. Eyni zamanda, müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarda iştirak etmək üçün elektron ərizə ilə qeydiyyatdan keçən müəllimlərin sayı 56 mindən çoxdur. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir. İşə qəbul üzrə keçirilən imtahanlarda orta hesabla gün ərzində 3200-dək namizəd iştirak edir. Bütün ixtisaslarla bağlı namizədlərin sayı çoxluq təşkil edir. Namizədlərin sayına əsasən elan ediləcək bütün vakant yerlərin tutulması gözlənilir".

Nazir deyib ki, müəllimlərin maaşlarının artırılması ölkədə təhsilin inkişafına, keyfiyyətin yüksəldilməsinə təkan verərək müəllimləri daha əzmlə fəaliyyət göstərməyə ruhlandıracaq:

"Təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb, prezidentin 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb və beləliklə, onların orta aylıq əmək haqqı 600 manatı ötəcək. Peşə təhsili də daxil olmaqla bu tədbirlər ümumilikdə 160 minədək müəllimi əhatə edib. Bu qərarlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilib".

S.QARAYEVA

 





15.07.2019    çap et  çap et