525.Az

Donald Tusk ermənilərin hədəfində: işğalçı ölkə nədən narazı qalıb?


 

Donald Tusk ermənilərin hədəfində: <b style="color:red">işğalçı ölkə nədən narazı qalıb? </b>

Avropa İttifaqı Şurasının prezidenti Donlad Tuskun Ermənistana səfəri bu ölkə mətbuatında politoloqlar, ekspertlər səviyyəsində hələ də geniş müzakirə olunmaqdadır.

Daha doğrusu, ermənilərin bu səfərdən məyus qaldıqları açıq şəkildə özünü büruzə verir.

Məlumat üçün bildirək ki, Tusk regional səfəri çərçivəsində iyulun 9-da Bakıda olub. Bir günlük səfər zamanı o, Azərbaycan rəhbərliyi ilə görüşüb və ardınca mətbuata bəyanatla çıxışı zamanı Avropa İttifaqının Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təkrarlayıb. Həmçinin,  Aİ-nin ölkəmizlə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu vurğulayıb. Ümumilikdə, bu səfər ölkəmiz üçün məhsuldar və faydalı olub.

Tusk iyulun 10-da Azərbaycandan Ermənistana səfər edib. Heç bir resursu, iqtisadi inkişafı, regional əməkdaşlığa töhfəsi olmayan, əksinə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində real addımlar atmaqdan imtina etməklə, regional gərginliyi artıran İrəvanın görünür, Aİ-dən gözləntiləri daha böyük imiş. Paşinyan "inqilab qəhrəmanı" kimi beynəlxalq qurumlar tərəfindən "mükafatlandırılacağını" gözləyir. Amma hakimiyyətə gəlmək başqa, fəaliyyət, verilən vədlərin yerinə yetirilməsi başqa. Paşinyan bir ildən çox müddətdə baş nazir kürsüsündə erməni cəmiyyətinin inkişafı, sosial-iqtisadi rifahı, demokratiya, məhkəmə-hüquq sistemində hər hansı islahatlara nail ola bilməyib. Əksinə, hüquq mühafizə orqanlarına, məhkəmələrə daim təzyiq göstərir və həm də bunu açıq şəkildə edir. Onun ikinci prezident Robert Koçaryanın həbsdən azad edilməsi zamanı məhkəmələri bloklamağa çağırışı da buna əyani sübutdur.

Ermənilərin məyusluğu və narazılığı Aİ Şurası prezidentinin Bakı səfərindən başladı. Tuskun  Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təkrar bəyan etməsi işğalçı ölkədə dərin narahatlıqla qarşılanıb. Tusk İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra keçirilən mətbuat konfransında Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həll ediləcəyini vurğulayıb.

Donald Tuskun tənqid hədəfinə tuş gəlməsinin başqa bir səbəbi isə İrəvanda səfərdə olarkən qondarma "erməni soyqırımı" abidəsini ziyarət etməməsi ilə bağlıdır. Erməni mətbuatı yazıb ki, ölkəyə səfər edən hər bir rəsmi şəxs, xarici qonaq qəbul edilmiş protokol ənənəsinə uyğun olaraq "erməni soyqırımı" abidəsini ziyarət edir:

"Tuskun timsalında isə  bu "qanunauyğunluq" pozulub, çünki avropalı rəsmi xatirə kompleksini ziyarət etməyib və qurbanların xatirəsinə öz ehtiramını bildirməyib".

Ümumiyyətlə, səfər Ermənistanda tamamilə bir protokol səfəri kimi qiymətləndirilir: "Bu səfəri, səlahiyyətlilərin və onları dəstəkləyən mətbuatın təbliğat manipulyasiyasından fərqli olaraq, "tarixi" və "fövqəladə" olaraq xarakterizə etmək olmaz. Tuskun Ermənistana səfəri fiaskoya uğradı və bu, adi bir ziyarət idi.

Mətbuat konfransı zamanı jurnalistlər sual vermək hüququndan məhrum edildilər. Buna səbəb isə hakimiyyətin bəzi media nümayəndələrinin "xoşagəlməz" suallar hazırladığı barədə məlumat alması olub. Xüsusən, Ermənistandakı son hadisələr - siyasi təqib, söz və mətbuat azadlığına qarşı hərəkətlər, sabiq prezident Robert Koçaryanın həbs edilməsi, məhkəmələrin bloklanması, bütün bunlar erməni hakimiyyətini bu cür davranmağa sövq edib", - deyə "168 jam" yazıb.

Erməni siyasi şərhçi Armen Badalyan isə Aİ Şurasının prezidenti kimi Tuskun artıq öz səlahiyyətlərini başa vurmasını deyərək, onun məlum bəyanatından sonra "dünyanın dağılmayacağını" söyləyib: "Qarabağ münaqişəsinin nizama salınması üzrə vəzifədən gedən başçının (Donald Tusk) deyil, Aİ Şurasının yeni rəhbərliyinin nə söyləyəcəyi mühümdür".

Ancaq erməni politoloq unudur ki, bu, Tuskun şəxsi yox, Aİ-nin rəsmi mövqeyidir. Aİ-nin ali nümayəndəsi Federika Mogereni, Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han dəfələrlə eyni bəyanatı verib, həmçinin, Aİ-nin sənədlərində Azərbaycanın ərazi bütövlüyüə və suverenliyinə  dəstək ifadə olunub.

 "Baxış" siyasət və tədqiqatlar analitik mərkəzinin direktoru Anna Karapetyan isə  hesab edir ki, Donald Tuskun bəyanatları Ermənistan hakimiyyətinin düşünməsi üçün bir səbəb olmalıdır: "Xüsusi narahatlıq yaradan Tuskun Bakıda prezident Əliyevlə görüşdə Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi, İrəvanda isə öz müqəddəratını təyin etmək hüququnun vacibliyini qeyd etməməsidir".

Onun fikrincə, bu, rəsmi Bakının yüksək səviyyəli Aİ rəsmilərinin bu formulu səsləndirmələri üçün həqiqətən çox böyük səylər göstərdiyini, Ermənistan tərəfinin isə  bu məsələdə balansın saxlanmasına və mövcud hadisədə  xalqların öz müqəddəratını təyin etmək hüququnu xatırlatamasını nümayiş etdirir.

Azərbaycanla Avropa İttifaqı arasındakı saziş razılaşdırma mərhələsində olmasaydı, bu, belə bir narahatlıq yaratmazdı. Bakının bu sənəddə ərazi bütövlüyü prinsipini daxil etmək üçün bütün səyləri göstərdiyi sirr deyil".

Beləliklə, məlum olan budur ki, Azərbaycan Aİ ilə çox sıx, hərtərəfli əməkdaşlığını inkişaf etdirir, münasibətlər bu gün artan xətlə davam etdirilir. Yaxın günlərdə imzalanması gözlənilən yeni saziş bu münasibətləri yeni bir səviyyəyə qaldıracaq. Aİ isə tərəfdaşlıq etdiyi dövlətin ədalətli mövqeyini, onun  ərazi bütövlüyünü, suverenliyini dəstəkləməklə bu münasibətlərin daha da yüksək səviyyəyə qalxmasına yaşıl işıq yandırır.

PƏRVANƏ

 





17.07.2019    çap et  çap et