525.Az

İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahan prosesini izləyiblər


 

MƏHƏBBƏT VƏLİYEVA: "MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU ÜZRƏ MÜSABİQƏDƏ İŞTİRAK EDƏNLƏRİN SAYI İLDƏN-İLƏ ARTIB"

İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahan prosesini izləyiblər<b style="color:red"></b>

İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahan prosesini izləyiblər.

Azərbaycan Texniki Universitetinin idman zalına təşkil edilən mediaturda təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, təhsil ekspertləri, media kapitanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mediatur iştirakçıları imtahanın gedişini yaxından izləyib, onlara imtahan prosesi ilə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, son illərdə müəllim nüfuzunun, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb.

Vurğulanıb ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı ildən-ilə artıb. Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində isə 48 204 namizəd iştirak hüququ qazanıb. Məlumat verilib ki, bu günədək keçirilən imtahanlarda 15 797 namizəd iştirak edib. Namizədlərdən 3 nəfər 58 bal toplayaraq ən yüksək nəticə göstərib.

İyulun 8-dən etibarən start verilən müəllimlərin işə qəbulu imtahanları iyulun 24-dək davam edəcək.

Nazir müavini Məhəbbət Vəliyeva deyib ki, bu günə qədər müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin test mərhələsində 2280 sual imtahan iştirakçılarının ixtiyarına verilib ki, onlardan yalnız 8-də səhv çıxıb. Mütəxəssislər tərəfindən hazırlanan sualların cavablarının doğruluğu şübhə altına alına bilməz: "Yekun cavabların hesablanmasında namizədlərin müəyyən tərəddüdləri olsa, gələcəkdə apellyasiya məsəlinə baxa bilərik". M.Vəliyeva qeyd edib ki, müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin test mərhələsində kompüterdən istifadə üçün tam şərait yaradılıb: "Texniki avadanlıqların bütün parametrləri ölçülüb. Lakin müəyyən istisnalar olduqda, yəni imtahan prosesində kompüter donduqda və ya hər hansı nasazlıq yarandıqda namizəd zaldakı nəzarətçilərə müraciət etməlidir. Belə hal aşkar olunarsa, mütləq şəkildə nasazlığın aradan qaldırılması üçün ona ayrılan vaxt dayandırılır və sualların cavablandırılması üçün əlavə vaxt verilir".

Nazir müavinin sözlərinə əsasən, bu il ümumtəhsil müəssisələrində müəllim işləmək üçün müraciət edən namizədlərin 2300 nəfəri rus bölməsi üzrə sənəd verib. Onun sözlərinə görə, Azərbaycan bölməsinə bir fənn üzrə sənəd verənlərin sayı 2000 nəfər olduğu halda, rus bölməsində bu say 40-dır. M.Vəliyeva rus bölməsində müəllim işləmək üçün müraciət edənlərin sayının az olduğunu da nəzərə çatdırıb: "Ötən il müəllim işləmək üçün müraciət edən 51 min namizədin 46 min nəfəri müsabiqəyə buraxıldı. Bu il isə müraciət edən 54 687 nəfər nəfərin 48 204-ü imtahanda iştirak üçün təsdiq cavabı alaraq müsabiqəyə buraxılıb. Müsabiqədə iştirakla bağlı ana dili, ingilis dili, riyaziyyat fənləri üzrə müraciətlər daha çox daxil olub".

İndiyədək 10 fənn üzrə test imtahanının keçirildiyini xatırladan nazir müavini Bakıda müəllim işləmək istəyənlər üçün keçid balının daha yüksək olduğunu da vurğulayıb: "Bakı üçün keçid balı 48-dir. Amma neçə ildir elə ixtisaslar var ki, məsələn, ingilis dili fənni üzrə müəllimlər 52 balla işə qəbul oluna bilmirlər. Çünki bu ixtisas üzrə müraciət edənlər daha yüksək nəticə əldə edirlər".

M.Vəliyeva qeyd edib ki, ötən il ərzində imtahan nəticəsi əsasında təhsil sistemində 12 min nəfər daimi əsaslarla işə qəbul olunub. Onların arasında yerdəyişmə əsasında işə qəbul edilənlər də var.

M.Vəliyeva əlavə edib ki, rus bölməsi ilə bağlı müraciət edənlərin sayı çox olarsa, əlavə siniflərin açılması üçün şərait yaradılır. Bu ildən rus bölməsi üzrə I sinfə şagird qəbulunda müsahibə mərhələsi keçirilir. M.Vəliyeva bu il müsahibə mərhələsində yaxşı nəticə göstərən uşaqların siniflərə yerləşdirildiyini də söyləyib: "1-ci siniflərə qəbul prosesinin demək olar ki, 90 faizi yekunlaşıb. Bu günə qədər qəbulla bağlı narazılıq olmayıb".

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə bildirib ki, müəllimlərin işə qəbulu üzrə keçirilən test imtahanlarında ötən 6 gün ərzində 15 mindən artıq müəllim imtahan verib. Onun sözlərinə görə, bu müddət ərzində qayda pozuntusu edən 5-ə yaxın müəllimin nəticəsi ləğv edilib: "Qayda pozuntusu əvvəlki illərlə müqayisədə azalıb. Qayda pozuntusu edən şəxslərə bir neçə dəfə xəbərdarlıq edilir. Daha sonra həmin şəxsin yeri dəyişdirilir ki, narahatlıq yaratmasın, köçürmə halı olmasın. Yerin dəyişməsi ən çox istifadə etdiyimiz iltizam qaydasıdır. Elə hallar olur ki, imtahana gələn şəxs zala qulaqcıqla daxil olur, bu, aşkarlanarsa, hadisə aktlaşdırılır və nəticə ləğv edilir. Eyni zamanda, qadağan olunan texniki vasitələrdən istifadə etmək istəyənlər də olur ki, bu zaman nəticə ləğv edilir".

M.Camalzadə bildirib ki, bu gün keçirilən imtahanlar zamanı başqasının yerinə imtahan vermək istəyən 2 şəxs aşkarlanıb: "Təbii ki, bunun qarşısı alınıb, sənədləşmə aparılıb və nəticələr ləğv edilib".

S.QARAYEVA

 





17.07.2019    çap et  çap et