525.Az

Yadımdakı Qarabağ - Bahəddin Həzi


 

Yadımdakı Qarabağ - <b style="color:red">Bahəddin Həzi </b>

Bu xatirə-poema məzarları Qarabağda qalanlarımızın, şəhidlərimizin və yurd həsrəti ilə dünyadan köçənlərimizin ruhlarına həsr olunur.

Bu cızma-qaramı hamıdan öncə ən yaxın dostlarımdan birinə oxudum. "Şəhriyardan təsirlənmisən" dedi. Baxın, bağda bitən alma ağacının meyvəsi saplağından qopub öz dibinə düşər. O almanın içindəki toxumdan yeni bir alma fidanı cücərər, nə zamansa böyüyər, o da bar verməyə başlar. Biz həmin o alma toxumundan pərdaxlandıq, pərvazlandıq; Şəhriyar kimi qos-qocaman, köklü-köməcli, qollu-budaqlı, barlı-bəhərli bir ağacın fidanı olmaqdan qürur duyarıq.

... Əslində, uşaqlıq xatirələrimi publisistik üslubda yazmağı - doğulub böyüdüyüm kəndimdən bütün Qarabağa baxmağı düşünmüşdüm. Ancaq ilk sətirlərdən mənzum parça alındı. Mən də axarına buraxdım...

Bahəddin HƏZİ

İlıq bir aprel səhəri
Yamaclar göyərəndə.
Yenə dönüb uşaq olam,
Yenə dönəm o kəndə.

Ay işığı bədirlənib
yer üzünə düşəndə,
Göydə "dəcəl" ulduz "axıb"
boşluğa "sürüşəndə",
Yorğun itlər qaranlığa
candərdi hürüşəndə
Şirin yuxu xumarını
hiss eləyəm canımda.
Bir də açam gözlərimi
xoruzların banında.

Görəm, "xoşbəxt keçmişimə"
Allah məni göndərib
indiki zamanımdan.
Görəm, hamı elindədir,
hər kişi öz evində,
Hər şey əvvəl necəydisə,
Elə yerli yerində -
Allahın amanında.
Görəm, bütün qardaş-bacım,
atam, anam yanımda.

Gedib gəzəm o çölləri,
yolları qarış-qarış.
... Aman Allah, burda mənə
hər kəs necə də doğmadır!
Hər yer necə də tanış!..

Görəm, elə həmin kənddi -
Arx həmin arxdı - axır,
bərə həmin bərədir.
O dikdirlər həminkidir,
Dərə həmin dərədir.

Döngələr həmin döngələr,
Dalan həmin dalandır.
Görəm, hər şey necə varsa,
o zamandan qalandır.

... Dolaşam Alma bağında,
ötüb Çinar quyusundan
yetişəm Quru çaya,
Qayalıqdakı sahildə -
O kənd məzarlığında
nigaran ruhlara dua oxuyam.

Enib çayın yatağına,
Axan suyu dinləyəm,
Ötüb keçəm
Məmmədhəsən xəndəyindən
üz tutam Haca yala...
Doyunca baxam kəndimə -
Solumda Gödək dərədir,
Sağımda - Sarı qaya,
Bu təpə - Alagöz yeri,
O çökək - Narlı çala.
Çiməm Qobu axarının
yumşaq, ilıq suyunda.
Günəş sönə Ərgünəşdə -
dağların o tayında.
...Bu arada xəbər gələ:
qonşu oğlan qız qaçırıb
bizim məhlə toyunda.

Qız atası yaralanmış
aslan kimi kükrəyə,
qəzəbindən
yer-göy əsib-titrəyə.
Ağsaqqallar, ağbirçəklər
bu söhbətə qarışa.
Hər şey yaxşılıqla bitə,
sovuşa.
Toy-toya calana belə,
sevənlər də qovuşa,
Fürsət ola, gəlinbacı
kürəkənlə barışığa gedələr -
Ata-ana balasıyla barışa.

Bir ərgən də bir gözəlin
baxışıyla ürəyindən "oxlana",
Bir evə də elçi gələ,
"hə" alına,
şirin çaylar buğlana.
Bəy evindən gələn qoçun
buynuzuna qırmızı lent bağlana
Nişanlı qız gizli-gizli
göz süzdürə oğlana.

Toy aşpazı qazan asa,
Kabablıqlar doğrana.
Ciyərin cızdağı çıxa,
kartof közdə dağlana.
Yuxa yayan ahıl nənə
yüngülcə yaşmaqlana.
Sac qalana, fətir bişə,
fəsəlilər yağlana.
Süfrəmizin Şahı - plov
dəmlənə, qazmaqlana...

Təzə evlənənlər düşə
təzə ev həvəsinə.
Qohum-qonşu səs verələr
cavanların səsinə,
Yığışalar, bu işə əl atalar,
Çaylaqdan daş daşıyalar,
Qum ələyib, palçığını qatalar,
gün qalxmamışdan tökələr
evin bünövrəsinə...

... Mayda gilənar yetişə,
Göy bəhərlər
qıpqırmızı qızara.
Bir saplaqda qoşa bitən
cüt gilələr "sırğa" ola
yeniyetmə qızlara.

Bizim qonşu uşaqları
Barla dolu budaqları
tutub yerə əyələr.
Sığırçınlara qoşulub,
oğrun-oğrun
gilas "dimdikləyələr".

Qız yanağı lalələrə
qara xalı qısqana.
Sarı Qafqaz arıları
bir-birinə çiçəkdəki
təzə balı "qısqana".

Yaşıl qabıqlı fındığı
çıxaraq "libas"ından.
Zərif qoxusunu alaq
atamın calaq etdiyi
yapon gavalısından.

Anam yeməyə çağıra,
Əncirlikdən hay verək.
Qara tutdan, qarağatdan
qarışqaya pay verək.

Şaftalının mürəbbəsi
buğum-buğum qaynaya.
Şirəsindən yaxmac yeyək,
Doyub gedək,
qaçdı-tutdu oynayaq.

Cır arılar şirə duyub
boş ləyənə axışa.
Bir damcıdan dadmaq üçün
teşt içində bir-birilə boğuşa.
Ağzı əmzikli körpələr
qorxub qəfil çığırışa...

... Sünbül qalxa adam boyu,
"Yaşıl dəniz" küləklə dalğalana.
Zəmilərin qırağında,
çobanyastığı, vələmir...
yel vura yırğalana
Qoruqçunun yorğun atı
cığırda yorğalana.
Gecə "yaylım"a çıxanlar
gündüz "macəra" uydurub -
nağıl qurub,
tay-tuşa "lovğalana".

İyunda taxıl sarala,
biçinçiyə hay düşə.
Buğda yığıla xırmana,
hər evə bir pay düşə.
Bildirçinlər dövrə vura,
biçənəyə qıy düşə.
Başaq bəhanəsi ola -
Istəklilər vədələşə
həftəyə bir toy düşə.

İyul qızmar sifətini
kəndə tərəf döndərə.
Muğanlılar Qarabağa
yemiş, qarpız göndərə.
Anam təzə bərəkətdən
kündə yapa təndirə -
yoldan keçən ac qəribə
isti çörək,
pendir, yarpız göndərə.

Yetişə meynənin barı -
Üzümün ilki, nübarı.
Keçiməmə, qara kişmiş,
quşürəyi, Bayanşirə,
ala şanı, Arazbarı...
şirinləşə, ballana.
Sulandıqca ağırlaşıb
saplağından sallana.
Çılğın avqust uşaqları
inadçı ac çəpiş kimi
salxımlara tullana.
...Qız-gəlinlər pencər yığa,
ləzzətli qutab ola,
Gün almanı qaxac edə,
Gül suyu - gülab ola.
Qoradan şirin "abqora",
xar tutdan doşab ola,
Gülöyşə, meyxoş... sıxıla
ləziz narşərab ola,
yarpaqların arasında
"gizlənmiş" innab ola,
Xəstələrə şəfa verə,
bağbana savab ola.

Daha gecə quyruq dona,
Qızmar yavaşdan sına.
Tərəkəmə cavanları
ocaq çata, köz düşə.
Qovurmadan qarın doya,
kənd-kəsəkdən söz düşə,
Çaqqal gələ ət iyinə -
İtlər qova,
alaçığın ətrafına iz düşə.

El yaylaqdan geri dönə,
Alagöldən, Qulalıdan...
qayıdıb düzə enə.
Otlaqdan gələn düyənin
yelinləri yellənə,
buzov doyunca süd əmə,
oynaqlaya, şellənə.
Dağ döşündə yal verələr -
sürü iti yallana,
Gecə keçə, dan sökülə
göyün üzü allana
çoban-çoluq atlarını mahmızlayıb
Haramıya - qışlaqlara yollana.

... O uşaqlıq çağlarımın
qaynar günortasında
Pərən düşmüş xatirəmin
radiodalğasında
başlayar muğam saatı -
Cabbarın köhnə valından
zilə çıxar "Heyratı".
Ağaxan "Sarəng"ə enər -
ilmə çalar "Rahab"a,
Pəsdən deyər Hacıbaba -
Ruhu ovar "Ovşarı",
Rübabədən səslənər o
hüznlü "Heydərbaba",
Saradan "Mahur" gələr,
Seyiddən Arazbarı.

Könülləri kövrəldəndə
Teymurla Nəzakətin
zərif "Bəstənigar"ı,
Bizi bizdən alıb gedər
Tükəzbanın "Qatar"ı,

Dərdimizi dilləndirər
"Qarabağ", "Sarıtorpaq",
"Bakı" şikəstələri.
Bir də bizim Bəhramın
barmağından süzülər
öz şirin bəstələri.

İslamın səsi "Şüştər"də
bulaq kimi çağlayar.
Əbülfətin "Humayun"u
Bərdaştdan Mayəyə dəyib,
Möləvidən "Bidad" deyib
Məsnəvidə için-için ağlayar.
Qədir "Sona bülbüllər"lə
ürəkləri "dağlayar",
Dədə Süleymandan həzin,
yanıqlı avaz gələr.
Yaqubun səsi "Rast" düşər,
Xan əmidən
Şur ilə Şahnaz gələr.
Arifin "Zabul-Segah"ı,
Sabirin "Çahargah"ı
dinləyənə az gələr.
Habilin kamanından
muğamın "nazlı gəlini" -
"Bayatı-Şiraz"gələr,
Ağabala təsnif deyər -
O "Olmaz, olmaz" gələr...
Təbiət bu avazlarda
mürgü vurar, dincələr.
...Bağ-bağçamız
Yavaş-yavaş, yarpaq-yarpaq soyuna.
Buludlar baş-başa dəyə -
çılpaq, utancaq ağaclar
yağmurlarla "yuyuna".

Norveçdən Məkkəyə doğru
köç edən köçəri quşlar
Göy üzündə
qatar-qatar düzülə.
Qarasuyun üstündəki
Xan çinarda gecələyə,
Bir hovur dincini alıb
qalxa yola düzələ.

Son baharın budağında son yarpaqlar
küləklərlə sovrula,
sovrula xəzəl ola
Göy gurlaya, şimşək çaxa,
qəfil leysan yağış yağa,
dərələrdə sel ola.

Qış qapını ala birdən -
Gecə səpələyə qar.
Qar üstündə bədəniylə
öz rəsmini gündüz "çəkə" balalar.
"Yarışalar"... Yaradanla -
qardan adam quralar.
Çöl-bayırda
Bir-birini qovalar,
Yumşaq qarı ovuclayıb
Bir-birinin
qulaqların, burunların ovalar.

... Donub insan şəkli ala
İpə sərilmiş paltar.

O uzun qış gecəsinə
işıq saça babaların
nurla dolu çöhrəsi.
Cırıldaya-cırıldaya
yun əyirə nənələrin cəhrəsi.
O nənələr o iplərdən
nəvələrə isti corab toxuya.
İnək sağa, sərnic dola,
çalxalana nehrəsi,
Körpələrə süd içirib,
nağıl deyə, layla çala,
Bir də
pıçıltıyla dua oxuya.

O evlərdə ipliklərdən
O hanalar qurula.
O analar çeşni çəkə,
O cehizlik xalçalara
O ilmələr vurula,
O gəlinlər xalı-palaz toxumaqdan
O gecələr sevə-sevə yorula...

... Kiçik çillə, böyük çillə,
boz ay - gəlib ötüşə.
Qar əriyə, torpaq qıza,
Novruzgülü boy göstərə,
Bayram ayı yetişə.

Qışdan çıxan bağ-bağata
Yenə yazın ilıq nəfəsi gələ.
Canımıza isti keçə,
uşaqlar bir yaş böyüyə,
Ahıllara gənclik həvəsi gələ.
Ata - yenə yola çıraq,
Ana - baş tacı ola.
Oğullar - düşmən çəpəri,
Qızlar da qardaşlarına
mehriban bacı ola...

... Uca Tanrım, bitsin artıq
doğma torpaq həsrətim,
gerçək olsun bu arzular, bu xəyal.
Nə şan-şöhrət istərəm,
Nə sərvət, nə cah-cəlal.

Səndən bircə istəyim var:
Məni yurduma qaytar,
Qalan ömrümü orda ver,
Canımı da orda al.

24 iyun 2019
Bakı

 





19.07.2019    çap et  çap et