525.Az

"Şair olmağın mən bilən yolu..." - Çingiz Əlioğlunun şeirləri


 

"Şair olmağın mən bilən yolu..." - <b style="color:red">Çingiz Əlioğlunun şeirləri </b>

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, XX yüzil poeziyamızda parlaq imzalardan olan şair Çingiz Əlioğlunun 75 yaşı tamamlandı.

Çingiz Əlioğlu yaradıcılığı son yarım əsrdə Azərbaycan şeirində meydana çıxmış ən gərəkli yeniliklərin ardıcıl və aydın təzahür tapdığı, genişliyi və dərinliyilə seçilən poetik məkandır. Keçən onilliklərdə şeirimizin -  həm fikir, məzmun planında, həm də forma-struktur elementləri baxımından - öncül dünya poeziyası ilə səsləşməsində, bu sayədə bir çox dəyərli novatorluq keyfiyyətləri qazanmasında Çingiz Əlioğlu - istər orijinal yaradıcılığı, istərsə də tərcümə fəaliyyəti ilə - müstəsna rol oynayıb.

Usta şairimizi bu sanballı yubiley yaşı - 75 illiyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm sağlamlıq, həmişəki kimi yüksək yaradıcılıq şövqü arzulayırıq.

Qarışqa payı

Bu gün tamam ayrı, tam başqayam mən,
Bir kəsək dalında, qum kölgəsində
Gizlənə bilən bir qarışqayam mən!
 Qurdların, quşların dişi dibində,
Neçə böyüklərin cibi dibində
Gizlənib dən payım, hər qıxmıq payım.
Bu gün tamam ayrı, tam başqayam mən,
Çiynində özündən nə qədər ağır -
Böyük yük gəzdirən qarışqayam mən.
Nə olsun ağırdır dünyanın yükü?
Özləri özümdən heç seçilməyən,
Hər an harayıma yüyürüb gələn
Qarışqa dostlarım, qardaşlarım var,
Başqa sirdaşlarım, yoldaşlarım var!
Çəkib apardığım yükün siqləti
Sanmayın haçansa məni əzəcək, -
Dünya arpa dəni, qarabaşaq tək,
yerimi tutmağa həmişə hazır
Dostla
rın çiynində yenə gəzəcək...

Deyə bilmədiyim söz

Deyə bilmədiyim sözün içində
İçimin nə qədər ağrıları var.
Deyə bilmədiyim sözün ucundan
Dilim piltə kimi alışıb yanar.
Dilimin ucuna gələn o sözü
Nə qədər qaytarıb uda bilərəm?
Allahın sözüdür, desəm nə olar,
Bir Allah adamı eşidər onu,
Allahın adamı eşitməsə də,
Bu evin qapısı, pəncərələri,
O evin qır damı eşidər onu...
O sözə bağlıdır gizli arzular,
O sözün içində azadlığım var.
O sözə bağlıdır bütün varlığım,
O sözdən başlanır tanımadığım,
Görə bilmədiyim dadlı bir həyat.
O sözü... o sözü deyə bilmirəm...
Çalışıb-vuruşmaq əbəsmiş... heyhat!

Yerdə qalan...

Yerdə qalan nədir ki...
Yerdə qalan azdır, az!
Beş-üç payız, beş-üç qış,
Bir də, bəlkə, beş-üç yaz...
Yerdə qalan nədir ki -
beş-üç bayram, beş-üç toy.
Bir də... beş-üç dərd-qəmi
Sən bunların üstə say.
Yerdə qalan nədir ki -
Beş-üç görüş, ayrılıq.
Sonra... uzun bir gecə...
Bir də gizli bir ümid:
"Bəlkə, bir də ayıldıq..."

Dağlar

Bir səs yuvarladım dərə dibinə
Diksinib oyandı yuxudan dağlar.
Yığdı ayıları kaha cibinə
Qartalı qoynundan ürküdən dağlar.

Bu görüş nə şirin, nə xoş görüşdü,
Zirvədə dodağım qarla öpüşdü.
Qəlbə işıq düşdü, gözə nur düşdü
Silkinib çıxanda kürkündən dağlar.

Havanla dərmanlı, davalıyam mən,
Səndən ayrılalı havalıyam mən,
Kimə əmanətəm, həvaləyəm mən...
Yanına dönmüşəm sürgündən, dağlar...

Qarabağım - qara bağrım

O dağlara sarı
gedən o uşaqların
toylarına çox vardı,
toy yaşına çatmadılar.
O dağalara sarı
gedən o uşaqların
ana gözü oxşayan
boylarına çox vardı hələ.
öz boyları
na çatmadılar.
Nə deyib getdilər,
niyə getdilər?..
And içmişdilər
Halal südə, hala çörəyə.
And içmişdilər
ayaqlarının altındakı ana torpağa,
quma, kəsəyə,
çınqıla, daşa.
Belə müqəddəs and olan yerdə
kimdi baxan boya,
kimdi məhəl qoyan yaşa?..
Getdilər, getdilər
dağlara sarı.
Getdilər
yanar kökslərində,
odlu sinədə
qərənfil bitirməyə, gül bitirməyə.
Getdilər ulu, əbədi dağlardan
əbədi ölümsüzlük gətirməyə...
lll
Mənim bu həyatla öz hesabım var,
Bilirəm pislik nə, yaxşılıq nədir?
Yaşamaq - kimçün oyun, əyləncə,
Mənimçün gündəlik mübarizədir.
Bilirəm dadını halal çörəyin,
Yerində deyilmiş ötkəm sözün də.
Xoşbəxtəm o vaxt ki, dosta gərəyəm,
Düz baxa bilirəm düşmən gözünə.

Bir ömür yaşaram - narahat, çətin.
Arxamca daş atan olsa da, nə qəm.
Nəsillər rahatca keçsinlər deyə
Atılan daşlardan bir yol döşərəm!

Unuda bilmirəm

Unuda bilmirəm... Sevə bilmirəm...
Sənsiz darıxıram,
Sənlə tənhayam,
Belə anlaşılmaz,
Belə barışmaz
Duyğular əlində qalıbdır yaxam.

Unuda bilmirəm... Sevə bilmirəm...
Sizin qapınıza,
Sizin küçəyə,
Ayaq özü çəkir,
Gələ bilmirəm...
Bu niyə belədir, hələ bilmirəm...

Unuda bilmirəm... Sevə bilmirəm...
Bu sirrin cavabın
Bilə bilmirəm.
Yaş elə yaşdır ki,
Bu gizli dərdi
Bir kəsə danışa, bölə bilmirəm.

Unuda bilmirəm... Sevə bilmirəm...
Ağlaya bilmirəm,
Gülə bilmirəm,
Bu sənli dünyada,
Sənsiz dünyada
Yaşaya bilmirəm, ölə bilmirəm...

Şair olmağın mən bilən yolu
 
Ovxarlı saxla təbini...
Oxu, axtar məktəbini.
Axtala saxta təbini,
Qəlp mədhiyyə yazılmasın.
 
Xəyanəti bağışlama,
Xain xəbis alqışlama.
Dəftəri nahaq xışlama,
Söz sahmanın pozulmasın.
 
Şeir yazma dəmdən-dəmə,
İlhamını qoyma dəmə.
Heç vaxt mən şairəm demə,
Qürrələnmə, söz olmasın.
 
Şan-şöhrətə çox can atma,
Şər atıb günaha batma.
Kişi ol, kölgədə yatma,
Od-atəşin azalmasın.
 
Olma ayaq altı qazan,
Çalış hörmət-izzət qazan.
Qaynasın asdığın qazan,
Çömçəndə pay az olmasın.
 
Xalq dərdini gətir dilə,
Bacar, əlac becər elə.
Öz elinlə ver əl-ələ
Əlin əldən üzülməsin.
 
Eyzən elin dilində yaz,
Bir əldə tar, birində saz.
Qoy eyləsin gözəllər naz...
Nə şairdir baz olmasın!
 Əyir sözü, dara iptək,
Geydir atlas, qumaş, ipək.
Söz başına, bax, az turp ək,
Çılpaq olsun, bez olmasın.
 
Hisslərini toz almasın,
Hey pardaxla söz almazın.
Söz də bardır, söz alması
Heç soluxub-sözalmasın.
 
Səs şıltaqdı, söz perikən...
Yaşarısan söz piriykən.
Bax ha, gözlə, sən diriykən
Bir gün qəbrin qazılmasın!...

Ən böyük sevgim

Sən məni heç zaman tərk etməmisən,
Mən səni hər zaman qoyub getmişəm.
Sən mənə heç zaman ərk etməmisən,
Hər uzaq səfərə yola salmısan.
Bütün gəmilərin vida fitini,
Son vağzal zəngini özün çalmısan.
Hansı dayanacaq, hansı perronda
Mən ensəm görmüşəm sən qarşımdasan.
Yaxın limanlardan yola ötürüb,
Uzaq körfəzlərdə qarşılamısan.
Qızmar səhralarda azıbdır izim,
Şimalda dizədək qar şumlamışam.
Mən hara baş vursam bu nəhəng şarda
Görmüşəm hər addım, hər qarışdasan
Ürəkli olmuşam sənə söykənib,
Duymuşam, tanrıtək kürəyimdəsən.
O qədər təbii sanmışam bunu,
Demişəm qanımda, ürəyimdəsən.
Bildinmi dünyanın harasındasan?!
Gah
 zülmət gecənin zil qarasından,
Gah sübhün nurundan mənə baxırsan.
Kitabı açıram arasındasan,
İçirəm, mey kimi qana axırsan...
... Zaman, axan nəhr, bərəçi mənəm,
Səndən sənə yolda bələdçi mənəm.
Havan avazımda, sədan ədamda,
Nə qədər oxşarlıq olar adamda?!
Hər azan sözünün, itən səsinin,
Heç dilə gəlməyən yeni kəlmənin
Ardınca iz tutan ləpirçi mənəm.
Yaşa, ANA DİLİM, zindanda hətta
Sənə zindan döyən dəmirçi mənəm!

... və sonuncusu

Tanrının buluddan yumşaq taxtının
Önündə diz çöküb deyirmiş kimi
Mən sizə...
Mən sizə bunu deyirəm:
Allahın günahkar bəndəsiyəm mən!
Dünyanın sirrindən baş açammadım, -
Heç macal oldu ki, başım açıla...
Əl tuta bilmədim xəstəyə, şilə,
Sonuncu tikəmi kor dilənçiyə
Əynimdən köynəyi lütə-üryana
verə bilmədim!
Nə geydim kəfəntək yurd bayrağını,
Nə öldüm, qorudum yurd torpağını...
Günahkaram, günahkaram, günahkar...
Tövbə tanımadım... növbə tanıdım...
Minbər tanımadım... ənbər tanıdım...
Müqəddəs məkana, pak ünvanlara
Səfər tanımadım... lövbər tanıdım...
Günahkaram!
Siz Allah, siz məni əfv eləməyin,
Varıb gedəsiyəm getdiyim yolla.
Nə körpü dözəcək ağırlığıma,
Nə də ki qapıdan buraxacaqlar...
O tiyan yanırsa, yandıran haqdır...
Artıq getməliyəm, getməli vaxtdır!

 





21.07.2019    çap et  çap et