525.Az

Çıxış və təqdimat: mətləbi necə çatdırmalı...


 

Çıxış və təqdimat: <b style="color:red">mətləbi necə çatdırmalı...</b>

Sözün qüdrətini kim dana bilər?! Söz insanlar arasında ən effektli ünsiyyət vasitəsidir. Eyni bir sözün təsiri bəzən müxtəlif olur.

Bu təsirlər isə sözün təqdimat üsullarından asılıdır. Bu vəziyyəti lap erkən çağlardan dərk edən ulu əcdadlarımız sözün təqdim olunmasının ən effektli və təsirli vasitəsi kimi şeirdən istifadə etmişlər. Əlbəttə, fikirlər şeirlə ötürülərkən daha uğurla qəbul olunur. Bəşər tarixində bizə bəlli olan ən möhtəşəm ədəbi nümunələrin bu qədər uzun müddətdə yaşamasının sirri, orada əks olunmuş, çoxlarına məlum olan mənanın daha uğurlu ifadə və təqdim edilməsindədir. Şeir məlum həqiqətlərin daha bəzəkli, dəqiq və orijinal formada qarşı tərəfə çatdırılma üsulu olsa da, bəşəriyyət informasiyaların daha effektiv ötürülməsi üçün axtarışlarını davam etdirərərək musiqini kəşf edib.

Bəzən eşitdiyimiz bir söz, fikir bizi uzun müddət tərk etmir. Elə olur ki, bir sözün təsirindən ömür boyu çıxa bilmirik. Həmin fikri ilk dəfə eşitdikdə müəllifin jestləri, digər ifadə vasitələri, köməkçi üsulları (məs.: sözün nəzmlə, yaxud musiqinin müşayiəti ilə deyilişi və s.) yadda qalmasa da, həmin informasiyanın beyin qabığına daha dərindən yazılmasında rolu boyükdür. Belə çıxır ki, informasiyaların daha uzunmüddətli, qalıcı və təsirli olması üçün onların təqdimatı zamanı yan, köməkçi vasitələrə ehtiyac vardır. Bax, natiqlik sənəti də bu zərurətdən yaranıb. Uzun inkişaf dövrü keçən bu sənət müasir dövrümüzdə öz klassik mahiyyətini xeyli dəyişmiş, psixologiya, sosiologiya və internet resursları ilə çulğaşaraq daha yeni məna kəsb etmişdir. İnsanın cəmiyyətdə necə qəbul olunması, əsasən, onun ifadə etdiyi sözlərin təsirindən asılıdır.

Kim istəməz ki, onun mövqeyi cəmiyyətdə daha üstün olsun? Amma bu mövqe sənin özünü, sözünü necə təqdim etməsindən asılıdırsa, onda bu yöndə daim axtarışların aparılması zərurətini dərk etmək lazımdır. Artıq elə bir dövrə gəlib çatmışıq ki, təqdimat savadının bir dərslik kimi bütün məktəblərdə tədrisi qaçılmazdır. Ənənəvi çıxış, təqdimat və məruzələr müasir dövrdə effekt vermir, ona görə də artıq onları ritorik üsullar hesab etmək olmaz. Dəfələrlə şahid olmuşam ki, yüksək elmi potensialı olan məşhur bir alimin müəyyən bir tədbirin açılışında söylədiyi dərin məzmunlu, əhatəli məruzəsi yalnız uzun və yorucu olduğu üçün prosesin bütün sonrakı gedişini sönükləşdirərək gözdən salıb, təşkilatçılar qarşıya qoyduqları məqsədə nail ola bilməyib. Düzdür, belə hallarda dinləyicilər məruzəçinin yaşını, çıxışın akademik səviyyəsini, dolğunluğunu nəzərə alıb nəzakətlə oturur, qulaq asır, lakin sxolastik, quru faktların aşıladığı donuqluq yığıncağın sonuna kimi iştirakçıları tərk etmir.

"Dərviş Parisi partladır" əsərində Hatəmxan ağa Avropanı bəyənmir və onu təsvir edərkən çoxlu misallar göstərərək orada hər şeyin Şərqdəkinin əksinə olduğunu deyir. Amma tarix göstərdi ki, Avropa Şərqə xas olan bir çox nöqsanları təkrar etməməklə xeyli irəli gedə bildi. Buna aid bir misal da, haqqında bəhs etdiyimiz mövzudan göstərə bilərəm. Adətən, rəsmi tədbirlərimizin sonunda "bədii hissə" adlandırdığımız vaxtda konsert, şeir, yüngül qəlyanaltı, çay fasiləsi zamanı iştirakçılar rəsmiyyətdən qurtularaq, sanki dirçəlir, necə deyərlər, "özlərinə qayıdırlar". Amma Avropada əksər biznes təqdimatı, açılış, tədris, idman və digər bu kimi tədbirlərin əyləncəli, musiqili festivallar fonunda keçirilməsi nəticəsində iştirakçıların daha sərbəst, aktiv hərəkətləri bizdə həsəd doğurur. Elə məktəblərimizdə ənənəvi dərs üsulundan imtina edərək kurrikuluma keçməyimiz də bu zərurətdən doğdu. Artıq şagirdlərin öz fikirlərini sərbəst ifadə edə bilməməsi, kütlə qarşısında özünü itirərək çıxış etməyi bacarmaması, yaradıcı təfəkkürə malik olmaması Sovet təhsil sisteminin bir bəlası kimi qəbul olunduğundan bu sahədə Qərbin malik olduğu dəyərlərə inteqrasiya olunuruq.

Kütlə qarşısında çıxış etməyin məsuliyyətini dərk etməyin özü də bəzən bizə mane olur. Belə ki, məruzəçinin gərginliyi, ciddi-cəhdlə daha sərrast ifadələr axtarması, rəsmi tonu, duruşu, geyimi onun sözlərinin təsir gücünü azaldır. Əslində isə bu məsuliyyətli işi canlı əlaqə və ünsiyyət, qarşılıqlı hörmət və etibar dalğasında daha dolğun icra etmək mümkündür. Çıxış zamanı natiq özünü rahat hiss etməli, danışdıqlarına özü əmin olmalıdır. Ritorika sənətində bir anlayış vardır: "Ucadan düşünmək". Əgər dinləyici səninin üzünə, gözünə, hərəkətlərinə, danışıq tonuna və s. baxıb dediklərinin səmimiliyini qət edirsə, onda o, öz düşüncələrini də ortaya qoymağa hazır olur, necə deyərlər, "ucadan düşünür". Əks halda isə, o, müdafiə mövqeyini tutaraq səngərə çəkiləcək, "zireh"ə bürünəcək və sizin üçün əlçatmaz olacaqdır.

Çıxışdan əvvəl danışacağın mövzunu soyuq başla götür-qoy etməli, əsas müddəaları qeyd etməli, sonra isə bu qeydlərə ötəri nəzər salmaqla danışmağı məşq etmək yaxşı nəticə verir. Yadda saxlamalıyıq ki, izdiham qarşısında çıxış edərkən beynimizdə hər şey bir-birinə qarışacaqdır. Lakin başlıqlara nəzər salan kimi məşq zamanı dediklərimiz bir-bir yada düşəcək. Xüsusən də, əgər məşqlər sənə tanış olan adamların qarşısında və sadədən daha mürəkkəbə doğru yüksələn xətt boyunca aparılmışdırsa, onda proses daha effektli olur. Sonuncu məşqdən sonra qeydləri təzələmək və arxayın şəkildə çıxış vaxtını gözləmək lazımdır. Beləcə çıxış uğurlu olacaqdır!

Giriş sözlərinin uğurlu seçimindən də çox şey asılıdır. Onsuz da iştirakçılar əvvəldə hamıya diqqətlə qulaq asırlar. Sonra isə vəziyyət məruzəçidən asılı olur. Əgər o, çıxışına maraqlı bir əhvalat, yumor, yaxud yaddaqalan bir jestlə başlayaraq diqqəti cəlb edirsə, dinləyicilər əsasən onu sonadək diqqət mərkəzində saxlayır. Danışacağın əhvalatın onlar üçün maraqsız ola biləcəyindən ehtiyat eləmək lazım deyildir, əsas odur ki, səmimi sözlərlə, özünə çox maraqlı görünür kimi, ehtirasla danışıb dinləyicilərin diqqətini hər an özünə cəlb etməyi bacarasan. Əgər bu işdə bir az da irəli gedərək onlara məlum olmayan maraqlı bir fakt söyləyərək heyrət hissi yarada bilsən, arxayın ola bilərsən ki, çıxışının uğuru artıq təmin olunub. Ancaq yadda saxlamaq lazımdır ki, çıxışın sonu bacardığın qədər qətiyyətli ifadələrlə başa çatmalıdır. Sonluqda həmişə çalışmaq lazımdır ki, dinləyiciləri müəyyən fəaliyyətə səsləyən ifadələr bol olsun. İnsan öz təbiəti etibarı ilə elə yaranıb ki, başqasının dərdini, sevincini bölüşməyə meyllidir. Sadəcə bunu onun hiss etməsinə imkan yaratmaq, başa salmaq, izah etmək lazımdır. Bu iş isə əvvəllərdə olduğundan indi daha asandır. Qloballaşma, texniki vasitələrin günbəgün təkmilləşdirilməsi, informasiya almaq imkanlarının artması bizə imkan verir ki, auditoriyanı daha yaxşı hiss edək, onları maraqlandıran ideyalara toxunmaqla dinləyicilərin maraq obyektinə çevrilək.

 





24.07.2019    çap et  çap et