525.Az

Bakı lift idarəsinin oyunları... - Elçin Hüseynbəylinin yazısı


 

Bakı lift idarəsinin oyunları... - <b style="color:red">Elçin Hüseynbəylinin yazısı </b>

Xırdaçılığı sevmirəm. Amma elə məsələlər var ki, özümü, ətrafımı, qonşuları  incidəndə biganə qala bilmirəm. Məsələnin o biri tərəfi də var: bəs mən, yəni qələm adamları bu problemdən yazmasa, kim yazacaq. İctimai nəzarət daha çox qələm adamlarından asılıdır, eləmi dostlar? Dövlətimiz də, rəhbərimiz də bunu istəyir və dəfələrlə bunu mətbuata bəyan edib.

Bu, köhnə kişilər demiş, məsələnin mabədi. İndi keçək əsas məsələyə...

Başlığa çıxardığım bu "oyunların" mahiyyəti mənə tam aydın deyil. Ona görə də  məsələni birlikdə araşdırsaq yaxşı olar. Biz təzə məskunlaşdığımız binanın (Q.Qarayev prospekti - 29) altıncı blokunda lift əvvəlcədən hətərən-pətərən vururdu, yəni kefi istəyəndə işləyirdi, istəməyəndə yox. Sağ olsun doqquzuncu mərtəbədə yaşayan Kolya.  O olmasa, lift də işləməzdi. Özü də təmənnasız adamdır.

Əsas məsələ bu deyil. Əsas məsələ bundan sonradır.

Bir gün, yəni təxminən 10 gün əvvəl liftimiz qəfil dayandı. Fikirləşdim ki, bina sakinləri daha təcrübəlidirlər, yəqin ki, liftin düzəlməyinin yolunu bilirlər. Amma sevindirici xəbər olmadı. Dedilər ki, liftin mühərriki yanıb. Bəs neyləməli? Lift idarəsinə söyləməli. Yəni bu işə məsul Nizami rayon Mənzil Kommunal və Texniki Xidmət İstehsalat Birliyinə. Elə də elədik. "Qadan alım, liftimiz işləmir, xahiş edirik bir əncam çəkəsiniz. Xəstə adamam, evdə körpə var". 50 ilin müəlliməsi olan qonşumuz belə deyir. Amma aldığı cavab şaşırdıcı olur.  422 10 94 nömrəli telefonu götürən arvadın (çünki ona "xanım" müraciəti yaraşmır):  "Ayıb deyil, şikayət edirsiniz, lift işləyəndə niyə təşəkkür etmirdiniz? Özü də liftə borcunuz var".

Düzü, borcun nə səbəbdən yarandığını öyrənə bilmədik. Çünki həmin işçi  özünü təqdim eləmədən dəstəyi asmışdı. Halbuku  ona "Ayıb sizə olsun ki, lift işləmir!" demək istəyirdilər.

Əlac qaldı Bakı Lift-Təmir İstehsalat Birliyinə. Direktor köməkçisi Məryəm xanım bizi iki gün "fırlatdı". "Xalid  müəllim sahədədir. Xalid müəllim  müşavirədədir. Xalid müəllim iclasdadır. Xalid müəllimin  qonağı var" və s. və i.a.  Son sözü isə belə oldu: "Baş "mühəndis Mehdi müəllimə zəng eləyin.

Elədik də.

595 98 58 nömrəli telefona Mehdi müəllimin özü cavab verdi və o da bizi belə "fırlatdı":

- Günah bizdə deyil. Günah Nizami rayon Mənzil Kommunal və Texniki Xidmət İstehsalat Birliyindədir. Onlar bizə yazılı müraciət eləməlidirlər və yanmış mühərrikin pulunu ödəyəndən sonra biz lifti işə salacağıq.

- İndi şikayətimizi kimə edək?

- Heç kimə. Bu, bizim işimizdir. Siz dediniz, biz də araşdırıb yoluna qoyarıq.

- Axı sizin lift idarəsinin mütə

xəssisi problemdən xəbərdardır, bəs niyə vaxtında Mənzil Kommunal İdarəsinə məlumat verməyib?

- Araşdırarıq. Heç bir problem yoxdur.

Aradan iki gün keçəndən sonra isə Bakı Lift İdarəsində heç kimin  telefon zənginə cavab verilmədi...

Bizim doqquz mərtəbəli binada yaşayanların çoxu yaşlı adamlardır. Onların əksəriyyəti ziyalılardır və onillər boyu işləyib xalqa xidmət ediblər, dövlət büdcəsinə də pul ödəyiblər. Bakı Lift-Təmir İstehsalat Birliyi də büdcədən maliyyələşir.

Yaşlı adamların tövşüyə-tövşüyə pilləkənləri qalxması, deyinməsi ürəyimi ağrıdır. Bir yaşlı kişi pillələrdə mənimlə üzbəüz gəldi: "Nəvələrimin çatısı düşüb boğazıma, onlarsız dura bilmirəm, məcburam ki, doqquzuncu mərtəbəyə zülmlə qalxım" - deyə şikayətləndi.

Axtarışımızı davam etdiririk və təsadüfən məlum olur ki, kimlərinsə lift idarəsinə borcu var. Ona görə də lift işləmir. Mühərrikin yanması da boş söhbətdir. Sən demə, əvvəllər blokda yaşayan bir qadın lift pulunu yığırmış, indi o rəhmətə getdiyinə görə adamlar pulu necə yığacaqlarını və kimə verəcəklərini bilmirlər.

Yaxşı, deyək ki,  kimlərinsə məsuliyyətsizliyi üzündən pul vaxtında verilməyib, bəs onlara görə başqaları niyə yayın bu istisində zülmə düşməlidirlər. Bir də ki, pulu nəyə görə sakinlər yığmalıdır? Axı pulu məsul idarənin özü sakinlərdən almalıdır. Hansı yolla və necə - bu, başqa söhbətdir. Özü də bu məsələnin nə dərəcədə qanuni olub-olmaması da qaranlıqdır.

Sakinləri düşündürən belə cavabsız  suallar çoxdur. Amma bir sual daha maraqlıdır. Bakı lift idarəsinin əvvəlki rəhbərliyi 10 milyonlarla pulu götürüb aradan çıxdı. Görəsən, indiki rəhbərlik də həmin yola əl atacaqmı?

Ona görə də ictimai nəzarət vacibdir. Dövr və hörmətli dövlət başçımız İlham Əliyev də bizlərdən bunu tələb edir...

P.S. Bu yazı yazılandan təxminən 10 dəqiqə sonra qapımız döyüldü və bir nəfər əlində siyahı lift üçün pul yığdığını dedi, istədiyi məbləğ ödəniləndən sonra söz verdi ki, bu ayın axırına kimi lift işləyəcək. Ayın axırına isə hələ 10 gün var.

Nəsə, Bakı lift idarəsinin oyunları davam edir...

21 iyul, 2019

 





26.07.2019    çap et  çap et