525.Az

Tanıyaq və tanıdaq: Nurəddin Müqəddəm


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Nurəddin Müqəddəm </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad,
Filologiya elmləri doktoru

Nurəddin MÜQƏDDƏM
(Aydın DUMAN)

1968-ci ildə Muğanda dünyaya göz açıb. Uşaqlıq çağları kənd mühitində keçib, ilk təhsilini də elə burada alıb. Gənc yaşlarından ədəbiyyatla maraqlanmağa başlayıb. Şair, yazar və yayınçı kimi tanınan Nurəddin bəyin ali təhsili də ədəbiyyat üzərinədir. O, özü üçün fəaliyyət alanı olaraq çox sevdiyi müəllimlik peşəsini seçib. Təbrizə köçəndən sonra ana dilinin çiçəklənməsi üçün əlindən gələni əsirgəməyib, çeşidli sahələrdə çalışmalara qatılıb. Onun bu günədək şeir, hekayə və daha çox uşaq ədəbiyyatı sahəsində təqdirəlayiq çalışımları olub. Şairin "Ancaq susma" və "Ay alma" adlı şeir kitablarından başqa, uşaqlar üçün çoxlu sayda hekayə və nağıl kitabı nəşr olnub. Hazırda Təbrizdəki "Aydın sav" yayın evinin qurucusu və müdiridir.

Adını təkrar edərkən

Nə yaxşı ki, adının kölgəsində,
uca ağaclar arasında
arxayıncasına
uzanmaq olur arxaya
və budaqlar boyu
izləmək olur yaşıllığı
gizlənpaç oynayan mavilərə qədər.

Adını təkrar edərkən
Quşlar da ona bənzər bir sözcüyü
ən özgür
və ən sevgisəl bir qaydayla
təkrar-təkrar paylaşırlar.
Və bu
mənim təkrarsız həzzim olur
yaşayışda.

Min bir gecə

Yenə başqa bir gecə
Yuxu gözümün yolunu itirmiş
Yaddaşımda min bir xəyal,
min bir fikir sayrışır
Gecənin qaranlığında işıldayan
min bir ulduz kimi.
Hansı vaxtsa
gözümün bulağından
bir damcı p üçürləyir.
Partlayır gecənin bağrı,
Günəş yaşarır yanağında üfüqün
Bu da bir gecəmin əhvalatı
min bir gecəmin biri.

Son görüşümüzdə

Dənizi geymişdin bütün dalğaları ilə,
Sərin küləyi ilə,
Gözəl qıyısı ilə,
Taysız görüntüsü ilə.
Dənizi geymişdin
necə də, mavi yaraşırdı sənə
gerçəkdən,
Gözlərimi oxşayırdı külək,
Üzümü oxşayırdı şeh,
Ruhumu oxşayırdı sevda!
Son görüşümüzdə
dənizi geymişdin.

***

Tanıyıram kəndimizi,
Çoxdandır gəlməmişdim,
gələ bilməmişdim
kəndimizə!
Yadırğamamışam görəsən,
yadırğamayıb görəsən,
Mən onu,
O məni.
Yox, azmamışam
- Çox şükür -
Tanıyıram kəndimizi
Lap ürəyim kimi tanıyıram
Lap ürəyimdəki arzularım kimi
Gecəsindən tanıyıram
- Gecəsinin soyuqluğundan
Ağaclarından tanıyıram
- Ağaclarının sayıqlığından -
Ulduzlarından, ayından tanıyıram
- Ulduzlarının, ayının ayıqlığından.
Ah,
Necə də tələsir ürəyim
Lap yağış kimi tələsir.
Görüşüb hopmaq istəyir torpağına.
Ah, necə də əsir ürəyim
Lap söyüd kölgəsi kimi əsir.
Qucaqlayıb
öpmək istəyir torpağını.
Amma
gecə yarısı kəndə girə bilmərəm
Yorğundur mütləq!
Yuxusuna toxunmayım deyə,
Ucadan salam verə bilmərəm!
Dayanmalıyam burada
- Kipriklərim ağırlaşmadan -
Elə buradan kəndimizdə
danın sökülməsini
bir daha görəcəyəm.
Elə buradan
kəndimizin səhərində açılan
ilk qızılgülü iyləyəcəyəm.

Elə burada
yadırğanıb-yadırğanmamağımı
Gözüm birinci gözə sataşanda
biləcəyəm.
Elə buradaya ağlayacağam,
ya da güləcəyəm!

Sənlə görüşdüyüm çağ

Ən gözəl çağım olur sənlə görüşdüyüm çağ,
Çiçəkli bağım olur sənlə görüşdüyüm çağ,
Bütün yeniləşməyə, yazla eyniləşməyə,
Yaşıl çırağım olur sənlə görüşdüyüm çağ.
Yağışda yuyunarkən həm bir göy tapıram mən,
Həm göy qurşağım olur sənlə görüşdüyüm çağ.
Gözümə ulduz qonur, göydən bir mələk enir,
Mənim qonağım olur sənlə görüşdüyüm çağ.
Yanağın almam mənim, gözlərin çiçəklərim,
Qolun budağım olur sənlə görüşdüyüm çağ.

 





26.07.2019    çap et  çap et