525.Az

İtirməklə yox olduğumuz hiss - Taleh Eminoğlunun yazısı


 

İtirməklə yox olduğumuz hiss - <b style="color:red">Taleh Eminoğlunun yazısı </b>

Əgər dünyanı tam göstərə biləcək güzgü olsa, bəşəriyyət yəqin ki, onun qarşısında dayanıb özü ilə fəxr edər.

Artıq dünyanı idarə edən bizik. Kosmosu fəth edib, yerin dərinliyinə enib, keçmişimizi yaddaşımızdan daha çox ovcumuza sığan cihazlardakı sosial şəbəkələrə yerləşdirib, gələcəyimizdən bəh-bəhlə danışıb mövcud olduğumuz gündən bəri ilk dəfə dünya üzərində hegemonluğumuzun dadını çıxarırıq. O güzgünün qarşısında insanlıq sadəcə qazandıqlarını görürür. Bəs itirdiklərimiz?

Bu gün biz elə bir hissimizi itirmişik ki, bu, insan övladının dünya üzərindəki hegemonluğunun əlindən çıxmasına, məhvimizə gətirib çıxara bilər. Bu, məsuliyyət hissidir.

Məsuliyyət haqqında danışmazdan əvvəl onu qeyd etməliyəm ki, bu anlayış yaxşı və pis, iradə azadlığı, ərdəm və vicdan kimi anlayışlarla bərabər əxlaq fəlsəfəsi  (bu gün başa düşülən mənasından daha dərin və geniş) içərisində yer alır. Odur ki, məsuliyyətdən danışarkən mütləq digər dörd anlayışa qısa da olsa ardıcıllıqla  toxunmalıyam.

Əxlaq fəlsəfəsinin təməlini təşkil edən anlayışlar içərisində birinci yerdə "Yaxşı və pis" gəlir. Fərdin etməli olduğu və əxlaqi cəhətdən müsbət hesab edilən  davranışlara "yaxşı", etməməli olduğu və əxlaqi cəhətdən mənfi olan davranışlara isə "pis" deyilir. Nəyin yaxşı, nəyin pis olması məsələsi daim fəlsəfənin aktual mövzusu olmuş, "yaxşı və pis" anlayışı fərddən fərdə dəyişirmi, yoxsa mütləq "yaxşı və pis" varmı sualına cavab axtarılmışdır. Cavab isə yəqin ki, artıq sizə məlumdur. "Yaxşı və pis" anlayışı nəinki fərddən fərdə, hətta cəmiyyətdən cəmiyyətə dəyişir. Çünki insan, gözləntilərinə uyğun gələn, ehtiyaclarına cavab verən, ailəsinə və bəşəriyyətə faydalı olan şeyləri yaxşı deyə adlandırır. Bir sözlə, işə yarayan, faydalı olan şeylər yaxşıdır. Pis isə bu yaxşının əksi, yəni onun qarşısında dayanandır. Qədim dövrdə Ərəbistanda qız uşaqları "pis"ə aid edilib diri-diri basdırılanda, digər cəmiyyətlərdə onların bu hərəkətinin özü "pis" hesab edilirdi. Bir şeyi də qeyd edim ki, pislik haqqında hər kəs danışsa da, yaxşılığın ən gözəl tərifini Epikür vermişdi: "Yaxşılıq xoşbəxtlikdir".

İkinci pillədə azadlıq dayanır. Azadlıq geniş mənada insanın heç bir təzyiq olmadan öz istək və arzularını reallaşdırması, öz qayda-qanunlara görə davranması, öz seçimlərini özü etməsidir. Azadlıq birbaşa şəkildə şüurla əlaqəlidir və ona görədir ki, cismi substansiyalara, yəni cansız varlıqlara aid edilmir. Onlar sadəcə təbiət qanunlarına tabedirlər. Yəni göyə atılan daşın yerə düşməkdən başqa heç bir şansı yoxdu.

Bu azadlıq anlayışı Sartrın haqqında danışdığı azadlıqdır. Əxlaq fəlsəfəsi içərisində yer alan azadlıq isə Sartrın dediyindən fərqlənir. Belə ki, əxlaq fəlsəfəsində nəzərdə tutulan fərdin iradə azadlığıdır. Yəni onun yaxşı ilə pis, faydalı ilə faydasız arasında seçim edə bilməsidir.

Məsuliyyət anlayışı azadlıqdan sonra gəlir və fərdin öz hərəkətlərinə görə hesab verə bilməsidir. Başqa cür desək, atacağı addımların nəticəsini çiyinlərində daşımasıdır. Məsuliyyətin olması üçün fərddə bir mənalı şəkildə iradə azadlığı olmalıdır. İradə azadlığından məhrum şəxslərdə (uşaqlar, ruhi xəstələr) məsuliyyət hissi olmur. Çünki uşaqlar hərəkətlərinə istiqamət verəcək təfəkkürdən, ruhi xəstələr isə yaxşı ilə pisi ayırd etməkdən məhrumdurlar. Məsuliyyət hissi insanı Sartrın azadlığına aparıb çıxarır. İnsanı insan edir.

Məsuliyyətdən sonra əxlaq fəlsəfəsində ərdəm yer alır və insan iradəsinin əxlaqi baxımdan yaxşıya, faydalıya, dəyərli olana istiqamətlənməsidir. Ərdəmlə bağlı bir çox filosoflar  müxtəlif fikirlər irəli sürüblər: Platona  görə insanda mövcud olan əsas ərdəmlər hər şeyin qədərini bilmək, cəsarət, müdriklik və ədalətdir. Aristotel isə düşünürdü ki, ərdəm həyatımızın tən ortasındakı nöqtədir (qırmızı orta dediyimiz anlayış). Zenonun fikrinə görə isə insanın ərdəmli olması üçün düzgüz seçim, hər şeyin qədərini bilmək, səbir və ədalət kifayət edir. Bütün bunlar insanı mütləq xoşbəxtliyə çatdırır. Ümumilikdə götürəndə ərdəm insanın yaxşını, dəyərlini, faydalı olanı seçməsidir.

Əxlaq fəlsəfəsinin təməlində dayanan sonuncu pillə vicdandır. Vicdan məsuliyyət hissi ilə sıx bağlıdır və  adətən fərdin atdığı addımlardan sonra duyduğu hiss və ürəyinin səsi kimi tərif edilir. Bir sözlə, insanın daxili məhkəməsidir. Vicdanın yaranması barədə əsasən iki ana fikir var. Bir qrup filosof onun doğuşdan mövcud olduğunu deyir: İnsanla bərabər onun vicdan hissi də doğulur, ömrü boyu yanında olur və nəyi edib-etməməli olduğu məsələsində ona yol göstərir (yaxşıya doğru). Digər qrup isə vicdanın sonradan əldə edilən hiss olduğu fikrinin üzərində dayanır: İnsanda vicdan təcrübələri, şəxsi xüsusiyyətləri və yaşadığı cəmiyyətin normalarına uyğun olaraq formalaşır. Bu məsələdə iki düşüncədən birini mütləq doğru kimi qəbul edə bilmərik. Sadəcə onu deyə bilərəm ki, vicdan doğuşdan olan və inkişafına bir az da cəmiyyətin, yaşadıqlarımız istiqamət verdiyi verdiyi hissdir.

Məsuliyyət və onunla əlaqəli digər anlayışlar haqqında qısa məlumatdan sonra qayıdaq yazını əvvəlində qoyduğum məsələyə - məsuliyyət hissinin itirilməsinə.

Necə oldu ki, bütün sahələrdə inkişafın ən yüksək həddinə doğru sürətlə irəliləyən bəşəriyyət məsuliyyət hissini itirməyə başladı? Məsuliyyət hissinin itməsi üçün ən əsas şərt insanın yaxşı ilə pisi bir-birindən seçə bilməsi, bir növ uşaq və ruhi xəstə pozisiyasına düşməsidir. Bunun üçün isə insan həm ümumi, həm də iradə azadlığından məhrum olmalıdır. Bu prosesi yaradan bir neçə faktor var.

Birinci səbəb mənim "Hüdudsuz azadlıq illüziyası" adlandırdığım sosial şəbəkələr, ümumilikdə isə virtual aləmdir. Bunu daha aydın izah etmək üçün Jan-Pol Sartrın azadlıq haqqındakı bu fikri üzərindən çıxış etmək lazımdır: "Mən başqasının baxışları altında obyekt oluram, başqası da mənim baxışlarım altında obyektləşir. Əgər başqası olmasaydı, mən obyekt ola bilməz, özümüdərki bacarmazdım". Azadlıq üzərindən ifadə etsək, bunu belə ifadə edə bilərik ki, mənim azadlığımın başladığı yer, başqasının azadlığının bitdiyi yerdi. Başqasının azadlığının bitdiyi yer isə, mənim azadlığım başlanğıcıdır.

Məsələn, sosial şəbəkələrdə, virtual aləmlərdə insan başqasının baxışı altında obyekt olmaqdan çıxır. Artıq başqaları üçün yeni profil yaratmaq üçün daha çox səy göstərir, real həyatı ilə sosial şəbəkədə təqdim etdiyi arasında dərin uçurum yaradır. Hətta bir az da irəli gedib deyə bilərəm ki, sosial şəbəkələr ikinci insan yaradır.

Bizə elə gəlir ki, bu şəbəkələrin hüdudu yoxdur. Ona görə də bizə daha cəlbedici, daha maraqlı görünür. Bizə verilən sonsuz "azadlıq" içərisində yaşamağa başlayır, onun illüziyasına aldanırıq, öz sərhədlərimizin başlama və bitmə yerini unuduruq. Bir sözlə, azadlığımız "hüdudsuzluq" adı altında məhdudlaşır, yoxa çıxır. Həm bu səbəbdən, həm də virtual aləmdəki informasiya axını içərisində nəyin düz, nəyin səhv olduğunu seçə bilmirik. Qırmızı ortanı gözləmədən qütbləşir, bir xəbər, yaxud informasiya ətrafında cəbhələrə bölünürük. Yaxşı və pisin itməsi onları seçdiyimizə görə (xüsusən pisi) məsuliyyət daşımamağımza gətirib çıxarır.

İkinci faktor isə sənətin kütlə səviyyəsinə  enməsi (sənət sənət üçündür), elmin populyarlaşmasından daha çox populyar elmin (fərziyyələrə əsaslanan)  meydana çıxmasıdır. Artıq insanlar sənətin bütün sahələri üzrə danışa, fikir yürüdə bilir. Təbii ki, bu olmalıdır. Amma "mənim düşüncəmə" görə başlığı altında.  Elmdə də vəziyyət demək olar ki, eynidir. Hər kəs bir-iki kitab oxumaqla, hətta bəzən oxumadan, elm barədə danışa, fizika, təkamül və digər məsələlərlə bağlı isbatlanmış kimi fikirlər irəli sürür. Bu da bir baxıma  yaxşı ilə pis arasında seçim etmək bacarığının korlaşmasına, deyilən fikirlərə, atılan addımlara görə məsuliyyət daşımaq hissinin itməsinə gətirib çıxarır.

Qeyd etdiyim (əsas hesab elədiyim) bu iki faktordan əlavə, digər nüansların da təsiri nəticəsində onsuz da tarix boyu öz seçiminin yükünü daşıması üçün tanrı və şeytanı yaradan insanlar, məsuliyyət hissini itirmiş kütlələrə çevrilir ki,  onların idarə edilməsi, istənilən istiqamətə yönləndirilməsi daha da asanlaşır. Fərdlər kütlələşir, fərdiyyət anlayışı aradan qalxır və insan həyatı qarşısındakı məsuliyyət hissindən belə məhrum olur.

 





28.07.2019    çap et  çap et