525.Az

Hələ vaxt varkən - Fidan Malik yazır


 

Hələ vaxt varkən - <b style="color:red">Fidan Malik yazır </b>

Bu gün yenə oyandıq. Yeni bir günə oyandıq. Telefonumuzun zənginə oyandıq. Əks halda zəngsiz, öz-özümüzə oyanmaq qeyri-mümkün olardı. Çünki gec yatmağa öyrəşmişik. Hərəmiz bir səbəbdən. Amma ən əsası telefonumuz bizimlədir. O, artıq həyatımızın ayrılmaz hissəsidir. O, artıq bizim "əlimiz-qolumuz, düşünən ağlımızdır".

Qayıdaq səhərimizə. Narazı halda qalxdıq. Əhvalımız yoxdur. Hələ çox yuxuluyuq. Çünki orqanizmimizə lazım olan yuxu normamızı ala bilməmişik. Odur ki, ümumiyyətlə, bu səhər yenidən oyana bilməmizin sevincini yaşamağa belə həvəsimiz yoxdur. Yenə qaç-qov. Tələsik evdən çıxırıq. Çünki gecikirik. Dayanacağa çatmışıq. Bu nə təlaş! Nə isə vacib bir şey unutmuşuq! Çox geciksək də, yenidən evimizə tələsirik. Qapının zəngini durmadan basırıq, hətta dözməyib döyəcləyirik də. Qapını kimsə ev adamlarından açır. Bizsə əsəbi, gərgin halda telefonumuzu istəyirik. Onu evdə unutmuşuq. Onsuz günümüzü təsəvvür edə bilmirik. Telefonumuzu götürüb qaça-qovla günlük həyatımıza yollanırıq. Ya da ev əhli sadəcə özümüzük. Qapını tələsik açarla açırıq. Həyatdır. Bəzən belə də olur...

Bəs görəsən, telefonçun qayıdanda, qarşımızdakının kimliyindən asılı olmayaraq, evdəkilərin "nəyi unutmusan?", sualına, "sənə sarılıb, öpməyi", - deyə cavab versək necə olardı?.. Sizcə, bunun üçün geri qayıdardıqmı? Yəqin ki, yox! Lakin axşam geri qayıtdığımızda telefonumuzu yenə də unutduğumuz yerdə görə bilmək ehtimalımız olduğu halda, əzizlərimizlə yenidən görüşə bilmək sevincimizin olub-olmadığını bilə bilmərik.

Bəlkə, kiməsə görə bunlar çox pissimist səslənə bilər. Lakin təəssüf ki, bu gerçəkdir. Bu həyatdır. Bəzən bir evin içində artıq bir-birimizdən soyumaq, bir-birimizi görməzdən gəlmək, yadlaşa bilmək və ya ən pis halda onları bir daha görə bilməmək qorxusu və reallığıdır. Bizə elə gəlir ki, əzizlərimiz bir divara, şkafa bərabərdir. Onları istədiyimiz vaxt, qoyduğumuz ünvanda, sonuncu dəfə olduqları kimi, görə bilərik. Lakin zaman bizim kimi düşünmür. O, bizim qədər arxayın deyil. O gedir. O, durmadan axıb gedir. Hər saniyəninsə öz hökmü var! Bizəsə sadəcə xatirələr qalır. Xatirələrin olması gözəldir. Lakin təəssüflərlə dolu yox, xoş, sevincli anlarla dolu olanda.

Odur ki, əgər telefonunuzu evdə unutsanız və məcburən geri dönəndə qapını sizə əzizləriniz açsa, onlara telefonunuz üçün qayıtdığınızı söyləməyin. Onlar üçün döndüyünüzü söyləyin. Onlara sarılın. Ya da bambaşqa ünvanlarda yaşayırsınızsa, sadəcə nömrəsini yığıb "günün altında çox qalma, yolu ehtiyatlı keç və ya dərmanını vaxtında iç", sözlərini deyin. Çünki birilərinə sevdiyinizi bildirməniz üçün sevgi sözcüklərinə ehtiyac yoxdur. Onların qayğısına qalmanız, dəyər verməniz, hal-əhval tutmanız özü bir sevgi təzahürüdür.

Hələ vaxt varkən, aranızda divarlar yaranmamış, qəlblərdə bağ-bağça salmaq varkən, şaxrta-buz bağlamamış onlara sizin üçün qiymətli olduqlarını hiss elətdirin. Bu son görüşümüz olmaya da bilər ki, bu da Allahın bir-birimizi bir gün daha görə bilmək üçün, bizə bir lütfüdür.

Kimliyindən asılı olmayaraq "sənə sarılmağı unutmuşam" və ya sadəcə "səsini eşitmək istədim", sözlərimizlə bütöv bir gün bizə doğma və əziz olan insanımızın üzündən təbəssüm, qəlbindən sevinc əskik olmayacaq. Hər balaca sevgi qığılcımdan isə qəlblərdə yenidən sevgi alovlanacaq.

 





02.08.2019    çap et  çap et