525.Az

Gədəbəydə Milli Yaylaq Festivalı coşğusu - Reportaj


 

Gədəbəydə Milli Yaylaq Festivalı coşğusu - <b style="color:red">Reportaj </b>

Azərbaycan xalqının zəngin, çoxəsrlik yaylaq və elat mədəniyyətinin, ərazilərin turizm potensialının üzə çıxarılması, yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədi ilə Gədəbəy rayonunun Miskinli yaylağında Milli Yaylaq Festivalı keçirilib. Festival 26-28 iyul tarixində baş tutub.

Azərbaycanda ilk dəfə təşkil olunan Milli Festival Yaylağı Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), "Cavadxan" Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilib.

26 iyulda açılış mərasimi keçirilən festivala Kənd Təsərrüfatı naziri İnam Kərimov, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Etnoidman Konfederasiyasının sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan, dövlət və hökumət rəsmiləri, diplomatlar, 16 ölkədən nümayəndələr, o cümlədən, yerli və xarici turistlər qatılıb.

Festivalın açılış mərasimində çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev iştirakçıları salamlayaraq, Milli Yaylaq Festivalının təşkilində əsas məqsədinin Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, unikal mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olduğunu diqqətə çatdırıb.

Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxışında həm festivalın önəmindən danışıb, həm də Azərbaycanın multikultural ölkə olduğunu vurğulayaraq, ölkədə azsaylı xalqların mehriban, dinc yanaşı yaşadığını diqqətə çatdırıb.

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki çıxışında festivalın təşkilatçıları arasında olmalarından məmnunluğunu ifadə edib, tədbirə qatılan xarici ölkə nümayəndələrinin milli adət-ənənələrlə yaxından tanış olacağını vurğulayıb.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və "Cavadxan" Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov çıxış edərək, Milli Yaylaq Festivalının bölgədə turizmin inkişaf etdirilməsi, eləcə də qədim ənənələrin qorunub saxlanmasında oynayacağı roldan danışıblar.

Festival iştirakçılarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından salamlayan Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycanın son illərdə xeyli inkişaf etdiyini bildirib. Birinci Milli Yaylaq Festivalında iştirakından məmnun olduğunu vurğulayan Bilal Ərdoğan deyib: "Belə bir festivalın təşkili Azərbaycanda milli idman növlərinin inkişafına çox güclü dəstəyin olduğunu göstərir. Azərbaycanda xüsusilə uşaqlar, gənclər öz milli idman növlərini öyrənməli, onları yaşatmalıdırlar".

B.Ərdoğan Milli Yaylaq Festivalının təşkilinin Azərbaycanda milli idman növlərinin inkişafına güclü dəstəyin olduğunu göstərməsinndən bəhs edərək, qeyd edib ki, Azərbaycanda xüsusilə də uşaqlar, gənclər öz milli idman növlərini öyrənməli, onları yaşatmalıdırlar: "Mədəniyyətimizi itirsək, müstəqilliyimizi itirərik. Buna görə də gənc nəsil arasında milli idman oyunlarının təbliği aparılmalıdır ki, onlar unudulmasın. Əgər öz mədəniyyətimizə sahib çıxmasaq, o zaman bizi məğlub etmək istəyənlər arzularına çatarlar".

Açılış mərasiminin bədii hissəsində tədbir iştirakçıları Milli Yaylaq Festivalında adət-ənənələrlə tanış olub, ümumtürk milli idman növlərinə tamaşa ediblər.

3 gün davam edən festivalın ilk günündə əski xalq oyunları təşkil edilib, yaylaq mətbəx nümunələri hazırlanıb, yerli yorğa atların sərgi-müsabiqəsi keçirilib, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil olunub.

Unikal konsepsiya əsasında təşkil olunan festivalda Azərbaycanda yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin mədəni proqramlarına və nümunəvi çıxışlarına da yer verilib.

***

Milli Yaylaq Festivalının ikinci günü də maraqlı anlarla yadda qalıb. Belə ki, nadir konsepsiya əsasında təşkil olunan ilk Milli Yaylaq Festivalına qatılan minlərlə iştirakçı-turist etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır meydanı, "Yaylaq bazarı", "Sənətkarlıq guşəsi", "Dədə Qorqud ocağı" (tamaşalar üçün səhnə), "Yaylaq yatağı", "Pəhləvan meydanı", "Aşıq Ələsgər ocağı", "Yaylaq süfrəsi" və digər tematik sahələrlə tanış olublar.

El şənliyində yaradılan mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları və eko-etnoturizm sahələri qonaqların diqqətini çəkib. Festival iştirakçıları aşıqların deyişməsini, milli rəqsləri (yallılar, cəngilər), tamaşaları, əski xalq oyunlarını izləyib, yaylaq kulinariyasına aid təamlardan dadıblar. Burada tətbiqi sənət nümunələrinin satış-sərgisi də təşkil olunub. Meydana daxil olan çaparların Qarabağ atları ilə şousu alqışlarla qarşılanıb.

Festival çərçivəsində bir tərəfdə at yarışları, atüstü milli oyunlar, milli güləş yarışı, çoban güləşi, zorxana, ox atma yarışları keçirilib, digər tərəfdə qonaqlar və turistlər arasında kütləvi oyun-yarışları da təşkil olunub. Eyni zamanda, qonaqlar və turistlər arasında masa güləşi, kəndirdartma kimi kütləvi oyunlar da təşkil olunub. Azərbaycanda yaşayan müxtəlif etnik qrupların, eləcə də xarici ölkə sənətçilərinin çıxışları festivalın bayram ovqatına əlavə rəng qatıb.

***

Festivalının üçüncü - sonuncu günü də maraqlı anlarla yadda qalıb. Nadir konsepsiya əsasında təşkil olunmuş festivalda meydana daxil olan çaparların yorğa atlarla çıxışı alqışlarla qarşılanıb. Festival çərçivəsində bir tərəfdə yorğa və çaparaq at yarışları, atüstü milli oyunlar, milli güləş yarışı, çoban güləşi, zorxana, oxatma yarışları keçirilib, digər tərəfdə qonaqlar və turistlər arasında kütləvi oyun yarışları - qurşaq, kəndirdartma təşkil olunub. Azərbaycanda yaşayan müxtəlif etnik qrupların, eləcə də xarici ölkə sənətçilərinin çıxışları isə festivalın bayram ovqatına əlavə rəng qatıb. Həmçinin, pəhləvanlar öz məharətlərini nümayiş etdiriblər. Gəncə Dövlət Dram Teatrının aktyorları mili adət-ənənələri əks etdirən səhnəciklər göstərib.

Bundan başqa, festivalda Gəncə Dövlət Flarmoniyasının "Göygöl" rəqs ansamblı musiqi nömrələrilə çıxış edib.

Sonda iştirakçıların paradından sonra mükafatlandırma olub. Milli Yaylaq Festivalına konsert proqramı ilə yekun vurulub. Beləliklə, Milli Yaylaq Festivalı minlərlə iştirakçı üçün ən xoş anlarla və unudulmaz xatirələrlə yaddaşlara həkk olundu və əsl bayram tədbirinə çevrilib. Qeyd edək ki, avqust ayının sonuna qədər davam edəcək Yaylaq festivalının eko-etnoturizm hissəsində turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq imkanı yaradılıb. Burada turistlər gün ərzində adi kənd həyatını yaşayır, inək, qoyun-keçi otarır, onları sağır, ot biçir, taya düzəldir, atlara qulluq edir, nehrə çalır, tətbiqi sənətlə məşğul olur, milli xörəklərdən bişirir və dəyədə gecələyirlər. Həmçinin, bölgənin məşhur yerlərinə - Koroğlu qalası, Mahrasa məbədi, Qız qalası və digər məkanlara turlar, at gəzintiləri, "Alman izləri" adlı xüsusi ekskursiyalar təşkil olunur.

***

Sonda festivala dəstək olan qurumlardan və festivala qatılan qonaqlardan münasibət öyrəndik. Fikirləri oxucularımıza təqdim edirik:

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov: "Düşünürəm ki, Milli Yaylaq Festivalı öz məqsədlərinə çatmış sayıla bilər. Festivala böyük marağın olması, tədbirin açılış mərasimində minlərlə insanın iştirak etməsi, həmçinin, 16-dan çox başqa ölkədən nümayəndələrin gəlişi buna sübutdur. Bu işdə kütləvi informasiya vasitələrinin tədbiri işıqlandırmasına səy göstərmələri festivala sanki bir rəng qatdı.Tədbirin möhtəşəmliyini Gədəbəyə gələ bilməyənlər də istər televiziya, istərsə də sosial mediadan izləmiş oldular".

***

Gədəbəy rayon İcra hakimiyyətinin informasiya təminatı və təlim sektorunun əməkdaşı Sabir Muxtarov: "Festivalın keçirilməsi ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən təklif irəli sürüldü. Təşkilat komitəsi yaradıldı və icra hakimiyyətinin bütün əməkdaşları işə cəlb olundu. Bu layihəyə bir çox qurum da dəstək olaraq əməkdaşlıq etdi. Festivalın möhtəşəm keçirilməsini kütləvi informasiya vasitələri geniş şəkildə işıqlandırdı. Hətta turizmi daha da geniş şəkildə inkişaf etdirmək üçün icra hakimiyyəti Gədəbəyin gözəlliklərini özündə əks etdirən minlərlə şəkilli bukletlər hazırladı ki, turistlərə təqdim edilsin. Xoş təəssürat o oldu ki, biz hardasa 5 min nəfərlik qonağın iştirakını nəzərdə tutmuşduq. Ancaq gözlədiyimizdən qat-qat çox, hardasa 50 mindən artıq insan iştirak etdi. Ən çox Türkiyə, Qazaxıstan, Qırğızıstandan bölgəyə yüzlərlə turist təşrif buyurmuşdu. Hardasa 16 ölkədən qonaqlar var idi. Hər biri də öz ölkələrinin adət-ənələrini musiqilərini bizlərə göstərməyə çalışırdı".

***

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Nümayəndəliyinin əlaqələndiricisi Teoman Tiryaki: "Dörd ay üzərində çalışdığımız Yaylaq festivalına bu qədər maraq olacağını təsəvvür etmirdik. Festivala gözləmədiyimiz sayda insan qatıldı. Azərbaycanda başqa sahələrdə festivallar düzənlənsə də, Milli Yaylaq Festivalı ilkdir. Uzun illər ərzində bu qədər insanın qatıldığı  belə bir festivala təşkilatçılıq etdiyimiz üçün çox xoşbəxtik, qürur duyuruq. Azərbaycanın Kənd Təsərrüfatı nazirinin və hörmətli Bilal Ərdoğanın açılışa qatılmaları festivalımızı daha da yüksəltdi. Festival bu gün bitsə də,  biz bu ərazini bağlamayacağıq, yaylaq avqustun axırına qədər insanlar üçün açıq olacaq. Biz bu festivalı TİKA-nın dəstəyi ilə gələcəkdə daha da inkişaf etdirəcək, ənənə halına gəlməsinə çalışacağıq".

***

Makedoniya Ticarət Evinin başqanı Tuna Eyüp Kahveci (qonaq): "İlk dəfədir ki, Azərbaycanda oluram. Özümü öz evimizdəki kimi hiss etdim. Burada həyatımda unutmayacağım çox önəmli dəyərlər gördüm. Milli Yaylaq Festivalı deyərdim ki, festivaldan çox yüksək səviyyədə, qurultay səviyyəsində təşkil olunmuşdu. Həm TİKA, həm də Azərbaycan tərəfi mövzu üzərində çox yaxşı işləyiblər. Burada dünyanın bir çox dövlətlərinin  nümayəndələri ilə tanış olduq, eyni zamanda, Azərbaycanda görülən uğurlu işlərə şahidlik etdik. Buna görə ölkə rəhbərliyinə çox təşəkkür edirəm. Ümid edirəm ki, belə festivallar gələcək illərdə daha geniş şəkildə təşkil olunacaq".

***

Türkmənistanın sabiq millət vəkili, şair Feyzi Əkrəm Teyzi (qonaq):

"Bağa gir gül dərməyə,
Türk yoluna sərməyə.
Kərkükdən bura gəldim,
İnan sizi görməyə...

Festival şəhanə idi... At oyunları bizi heyran etdi. 16 ölkədən gələn sənətçilər bizi daha da xoşbəxt etdi. Tədbirin canlı yayımlanması daha çox dostlarımızın festivaldan xəbərdar olmasına səbəb oldu. Bu festivalda Türk dünyasının insanlarının bir-birinə isti münasibətindən qürur duydum. İnanırıq ki, bu festival növbəti illərdə daha da yüksək səviyyədə təşkil olunacaq.

Biz Bakını, Gədəbəyi, Gəncəni gəzdik. Türk dünyasının önəmli isimlərindən olan Nizami Gəncəvinin məzarını ziyarət etdik. Azərbaycan çox dəyişib, inkişaf edib".

***

Makedoniyanın keçmiş naziri Furkan Çako (qonaq): "Azərbaycanda olmaqdan çox məmnunluq duyuruq. Festivalda fərqli proqramlara tamaşa etdik, eyni zamanda, yeni dostlar qazandım. Bu səbəbdən TİKA-ya təşəkkür edirəm! Festivalın Azərbaycanda, xüsusən Gədəbəydə təşkil olunmasının həm Azərbaycan üçün, həm türk dünyası üçün böyük önəm daşıdığını qeyd etmək istəyirəm. Burada çox önəmli anlarımız oldu. Burada gördüklərimizdən, xoş xatirələrimizdən Türk dünyasının digər yerlərində də bəhs edəcəyik. Xoş hisslərlə məmləkətlərimizə dönürük".

***

Türk Milli Birlik Hərakatının başqanı Erdoğan Sarac (qonaq): "Türk dünyasının təmsil olunduğu Milli Yaylaq festivalı bütün dünyaya qardaşlıq mesajı verdi. Arzu edirəm ki, bu festival ənənə halına gətirilsin və hər il bütün türk dövlətlərində təşkil olunsun. Bizə burada yüksək səviyyədə qonaqpərvərlik göstərən festival təşkilatçılarına, bütün azərbaycanlı dostlarımıza ürəkdən təşəkkür edirəm,  festival bütün türk dünyası üçün xeyirli olsun!"

***

Kərkük Mədəniyyət Dərnəyinin başqanı Şəmsəddin Küzeci (qonaq): "Türkiyənin Azərbaycanla birlikdə həyata keçirdiyi bu festival bütün türk dünyasını bir araya gətirdi. Yaylaq festivalı göstərdi ki, türk dövlətləri tez-tez belə festivallar təşkil etməklə özünəməxsus mədəniyyətlərini bir-birinə tanıtlmalı və adət-ənənələr yaşadılmalıdır. Yalnız Türk dünyası öz mədəniyyətlərini bu şəkildə yaşada, ayaqda tuta bilər".

***

Yunanıstanlı jurnalist Nicat Ahmet (qonaq): "Azərbaycana uzun müddətdir gəlmək istəyirdim. Burada çox sayda dostlarım var. Festivala gəlincə, mən Türk dünyasının fərqli festivallarında olmuşam. Amma Azərbaycanda ilk dəfə təşkil olunan Milli Yaylaq Festivalı və burada bütün türk dünyasından nümayəndələrin olması şəxsən mənim üçün çox önəmli idi. Eyni fikirləri paylaşan insanların bir yerdə olması çox gözəldir. Festivalda insanların ürəkdən  çalışması diqqətimi cəlb etdi. Azərbaycanlı gənclər həqiqətən çox bacarıqlıdırlar. Bir sözlə, festival möhtəşəm keçdi, TİKA-nı və bütün təşkilatçıları təbrik edirəm".

***

Kıbrıslı teatr sənətçisi İzel Seyrani (qonaq): "Azərbaycan ilk dəfə gəlirəm. Təbii ki, festivalı başlatmaqla yanaşı, davam etdirmək də önəmlidir. Yaylaq Festivalı Azərbaycanda yüksək səviyyədə başladı; Festivala insanların marağı və qatılımı çox yüksək idi. Bu münasibətlə TİKA-nı təbrik  edirəm. İnanırıq ki, bu festival digər Türk dövlətlərində də təşkil olunacaq, eyni şəkildə davam edəcək.

***

Bolqarıstanlı jurnalist, "Altay" dərnəyinin başqanı Durmuş Arda (qonaq):  "Azərbaycana ilk dəfə gəlirəm, amma türk mədəniyyətinin belə möhtəşəm olduğunu əvvəlcədən də bilirdim.  Azərbaycanda yaylaq və elat ənənələri, at yarışları, milli oyunlar məni çox duyğulandırdı. Bu festivalı təşkil edənlərdən Allah razı olsun".

Hazırladı: Şəhla Aslan

 





05.08.2019    çap et  çap et