525.Az

Niyazinin mənzil-muzeyində tanınmış pianoçu ilə görüş


 

Niyazinin mənzil-muzeyində tanınmış pianoçu ilə görüş <b style="color:red"></b>

Avqustun 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə pianoçu, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarova ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Niyazinin mənzil-muzeyində reallaşan tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək pianoçunun yaradıcılığından, bir ifaçı və musiqişünas alim kimi musiqi mədəniyyətimizin təbliği və inkişafı yolunda xidmətlərindən danışıb.

Muzeyin şöbə müdiri Xanım Abdinova Nərgiz Əliyarovanın ömür yolundan və yaradıcılığından söhbət açıb. Bildirib ki, Nərgiz Əliyarova 1986-cı ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla bitirərək Azərbaycan Dövlət Konservatoriyasına daxil olub və 1991-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib. 1991-1993-cü illərdə assistent-stajçı kimi öz təhsilini davam etdirib. 1992-ci ildən 2017-ci ilədək Bakı Musiqi Akademiyasında əvvəlcə müəllim, sonra baş müəllim, dosent, daha sonra isə professor vəzifəsində çalışıb. 2001-ci ildə sənətşünaslıq üzrə dissertasiya müdafiə edərək fəlsəfə doktoru adını qazanıb. 2002-2017-ci illər Azərbaycan Dövlət Filarmoniyası nəzdində yaradılan Azərbaycan Dövlət Fortepiano Triosunun artisti olub. Bu illər ərzində N.Əliyarova Azərbaycanda və bir sıra ölkələrdə, o cümlədən ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, İtaliya, Rusiyada həm solo, həm də müxtəlif ansamblların tərkibində konsertlər verib, kamera və simfonik orkestrlərlə çıxış edib.

Qeyd edilib ki, hazırda ABŞ-da yaşayan Nərgiz Əliyarova Nyu-Yorkda fəaliyyət göstərən “Milli musiqi və qlobal mədəniyyət” cəmiyyətinin təsisçisi və prezidentidir. Cəmiyyətin məqsədi Azərbaycan mədəniyyətini, musiqisini beynəlxalq aləmdə və dünya musiqisi ilə kontekstdə təbliğ etməkdir.

Sonra Nərgiz Əliyarova tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirərək musiqi sahəsində, pedaqoji fəaliyyəti barədə təcrübələrini bölüşüb, tamaşaçıların suallarını cavablandırıb.

Tədbirdə, həmçinin pianoçunun ifasında bir sıra musiqi əsərləri səsləndirilib.

Çıxışlar tanınmış pianoçunun yaradıcılıq yolunu işıqlandıran slayd-şou ilə müşayiət olunub, həmçinin konsertlərindən videogörüntülər nümayiş edilib.

 





07.08.2019    çap et  çap et