525.Az

Xarab qrammofon, immuniteti zəiflədən insanlar - Türkan Turanın yazısı


 

Xarab qrammofon, immuniteti zəiflədən insanlar - <b style="color:red">Türkan Turanın yazısı </b>

Qrammofon dinləyərkən fikir vermisiniz? Val fırlandıqca gözünüz yumulur və sizə elə gəlir ki, ruhunuz bir az əvvəl pambıq kimi ağ və yumşaq buludların üzərinə qalxaraq barmaqlarının ucunda rəqs edir.

Özünüzü rahatlığın və xoşbəxtliyin ağuşunda hiss edirsiniz. Sanırsınız ki, dünya dağılsa da, sizə heç nə olmayacaq. Heç dünyanın dağılmağına gərək qalmır, val fırlanarkən üzərindəki ox anidən elə sürtülür ki, az qalır çıxan səsdən beyninizin qıvrımları büzüşüb bir tikə olsun! Öz-özünə düşünürsən ki, bu cür İlahi duyğulardan sonra az öncə içinə düşdüyüm nə idi?! O an buludlar da, etdiyiniz rəqs də, hava da qanadlanmağınız da hamısı buxarlanıb yox olur. Yaddaşınızda təkcə həmin dəhşətli səs qalır. Yadınıza düşdükcə ürpənirsiniz, dişləriniz qıcanır.

Bax, insan münasibətləri də buna bənzəyir. Ruhuna sığal çəkərkən, səni zövqdən göyün yeddinci qatına çıxardarkən, anidən yerə necə çırpırsa, heç ah çəkməyə imkanınız belə olmur. Hələ əgər göy üzü kimi zənn etdiyiniz insan eqoistdirsə, onda qoy ölünü kənara, başla dirini ağlamağa! Əsas da "məni, mənə, mənim, özüm üçün, özümə görə" deyənlərdən nələr çəkdi qarşı tərəf, tək Allah bilir. Bu insanlar sadəcə öz rahatlıqlarını düşünürlər. Yox, burada qəbahət yoxdur, əlbəttə, insanın özünü düşünməyi normaldır. Lakin bunu şəxsi maraqlarını üstün tutaraq, əzərək, bir növ manipulyasiya yolu ilə edirsə, bax, fəlakət onda başlayır. "Səni sevirəm... amma indi yox", "sənin üçün ölürəm... amma indi yaşamalıyam" deyən adamlar var. Nə sözlərinin təpəri yoxdur, nə kəlmələrinin kəsəri. Nə istədiklərini bilmirlər, amma israrla arzulayırlar. Nə aradıqları məlum deyil, amma bütün gün axtarışdadırlar. Məsələn, su istəyirlər, bulağı ayaqlarının altına çəkirsən, "mən su istəmirdim ki" deyirlər. Çörək istəyirlər, sünbül zəmilərini önündə əkirsən, "nəyimə lazımdır?" söyləyirlər. Qalırsan gözünü döyə-döyə. Nə etməyə çalışır, nə arzulayır, nə diləyir, gözləntisi nədir deyə-deyə özünü torpaq kimi ovub tökürsən. "Gəl" deyir gəlirsən, "get" deyir uzaqlaşırsan. Bir də kənardan baxırsan ki, ayaqlarını yerə vura-vura səni istəyir. Öz-özünə deyirsən ki, İlahi, bu nə işdir başıma gəlib?! Mən bu insanla hansı dildə danışım, necə davranım ki, anlaya bilim!

Çox çalışırsan, çox çabalayırsan baxırsan ki, alınmır! Qərar verirsən və unudaraq yaşamağa başlayırsan.

Artıq onunla bağlı heç nə xatırlamıram deyərkən, bir də görürsən ki, ya zəng edir, ya mesaj yazır, ya da gəlib düz qarşında dayanır. Başlayır bir yığın sözü muncuq kimi düzməyə. Zəif damarından necə basırsa, bir də görürsən ki, çoxdan təslim olmusan.

Bir az keçir, baxırsan ki, yenə yoxa çıxıb. Onda barmağını dişləyərək düşünürsən ki, məqsədi sadəcə özünü yadına salmaq imiş. Belə adamlar silinib getməmək üçün bütün çirkli işlərin altına belə öz imzalarını atmaq iqtidarındadırlar. Amma buna rəğmən yenə də onu yox, özünü qınayırsan. Fikirləşirsən ki, bu qədər eqoist, tutarsız, natamam insanın əsas mahiyətini necə dərk edə bilməmişəm.

Bir-iki söz deməklə, düz-əməlli əmək sərf etmədən əllərinin içində olmağınızı istəyirlər. Minimum enerji xərcləməklə, maksimum nəticələrə çatmağı hədəf alırlar. Çıxarları üçün əllərindən gələni edirlər. Yeri gələndə önündə əyilməyə də razı olurlar, yetər ki, eqoları oxşansın. Ciddi münasibət onlar üçün deyil, amma nə yardan doyurlar, nə əldən qoyurlar. Sizdən hər cür fədakarlığı gözləyirlər, amma özləri bir yaralı barmağa məlhəm olmurlar. Empatiya duyğusundan kasaddırlar. Varsa da, yoxsa da öz hissləri, öz gözləntiləri, öz istəkləridir, gerisi təfərrüatdır.

Üşüyəndə istinizə, yalnız qalanda qucağınıza, qaranlıqda olanda işığınıza gəlirlər. Onlar üçün ən yaxındakı yanacaqdoldurma məntəqəsi kimi olursunuz. Tükəndiklərini, artıq yol qət edə bilmədiklərini düşünəndə dərhal özlərini sizə çatdırırlar. Enerjinizi gənə kimi gəmirib, yenə aradan çıxırlar. Baxırsınız ki, əcaib-qəraib bir münasibətin içindəsiniz. Məsələ eşqdən çıxaraq siçan-pişik oyununa çevrilir. Əslində, bu kimi hallar siz tamamilə bitirmək qərarı verəndə yaşanır. Burada dərin fəlsəfəyə gərək yoxdur, məsələ olduqca sadədir, adam sadəcə unudulmağı özünə yedirtmir ona görə də bu cür məntiqsiz davranışlar sərgiləyir. Yaxşı, bəs, nə etməli?! Əlbəttə, dabanınıza tüpürüb qaçmalısınız. Çünki gəl-getlər içində yaşayan insanlar immuniteti zəiflətməkdən başqa heç bir işə yaramır!

 





10.08.2019    çap et  çap et