525.Az

Rusiya və İran Xəzərin dibi ilə boru xəttinin tikintisinə qarşı çıxdı


 

Rusiya və İran Xəzərin dibi ilə boru xəttinin tikintisinə qarşı çıxdı<b style="color:red"></b> Avqustun 11-12-də Türkmənistanın Türkmənbaşı şəhərində Birinci Xəzər İqtisadi Forumunda Rusiya və İran təmsilçiləri Xəzərin dibi ilə boru xəttinin tikintisinin əleyhinə çıxıb, hər zamankı kimi ekoloji məsələləri bəhanə ediblər. Modern.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. 

Onun sözlərinə görə, halbuki, Rusiya Qara dənizin və Şimal dənizinin dibi ilə bir neçə boru xətti tikib: 

“Şimal qonşumuz bu xətlərlə müxtəlif ölkələrə qaz ixrac edir yaxud etməyi planlaşdırır. Transxəzər boru kəməri Türkmənistana lazımdır ki, qazını Avropaya ixrac edə bilsin. Ancaq forumda Türkmənistan təmsilçiləri Xəzərin dibi ilə boru xətti haqqında heç nə demədilər və Rusiya, İran nümayəndələrinin “tikmək olmaz” açıqlamalarına etiraz etmədilər. Halbuki, Xəzərin statusunu müəyyənləşdirən Konvensiyaya görə Xəzərin dibi ilə boru xəttinin tikintisi sahil ölkələr arasında müəyyənləşdirilir. Yəni Türkmənistan Azərbaycanla dənizin dibi ilə boru xətti tikməyə qərar versə, başqa sahil ölkələri buna mane olmamalıdırlar. Ancaq bu boru xətti Azərbaycandan çox Türkmənistana lazımdır. Əgər Türkmənistan həmin boru xəttinin tikintisinə maraq göstərmirsə, bu halda həmin boru xətti Azərbaycana da lazım deyil”. 

Qeyd edək ki, Birinci Xəzər İqtisadi Forumunda Xəzəryanı ölkələrin nümayəndə heyətləri, hökumət başçıları və üzvləri, sahilyanı regionların və regional icra orqanlarının rəhbərləri, bank sektorunun nümayəndələri və Xəzər regionunun və maraqlı ölkələrin işgüzar dairələri, tədqiqatçılar və iqtisadiyyatın inkişafı ilə məşğul olan şirkətlərin rəhbərləri iştirak ediblər. Forum çərçivəsində ticarət və iqtisadi əlaqələrin inkişafı, əsasən də böyük layihələr üçün şəraitin yaradılması, Xəzər regionunun iqtisadiyyatının qlobal kontekstdə rolu, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və Xəzəryanı dövlətlərin qarşılıqlı maraq kəsb edən digər sahələrində investisiya cəlbediciliyi mövzusunda müzakirələr aparılıb.
 





13.08.2019    çap et  çap et