525.Az

Bir daha təhsilimiz haqqında


 

Bir daha təhsilimiz haqqında<b style="color:red"></b>

Təhsilin hər bir xalqın,ölkənin həyatında nə kimi əhəmiyyət kəsb etməsi haqqında uzun – uzadı danışmaq istəmirəm,ona görə ki,bu barədə ən mükəmməl,ən dolgun,ən məntiqli fikri Ulu öndərimiz H.Əliyev söyləyib.

O deyirdi:”Təhsil hər bir dövlətin,ölkənin,cəmiyyətin həyatının,fəaliyyətinin mühüm bir hissəsidir.Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” Ulu öndərdən iqtibaş etdiyimiz cümlələrin məzmununu açanda bu fukirlərin nə dərəcədə düz hədəfə dəydiyini,yəqin ki,hamı təsdiq edər.Həqiqətən də,bu gün dünyada o ölkələr yüksək inkişaf edib və bu inkişaf davam edir ki,həmin ölkələrdə təhsilin səviyyəsi yüksəkdir,yeni elmi kəşfləri və texnologiyaları onların həyatını firavan edir,xalqlarını bolluq içərisində yaşadır və bu olkələrdə vətənpərvərlik hissi də çox güclüdür!

Məhz burada möhtərəm prezidentimiz İlham Əliyev cənablarının da aşagidakı cümləsinə fikir vermək yerinə düşür.O deyir:”Muasir dünyada hər şeyi bilik,savad,təhsil həll edir”.Sadə və həm də çox mükəmməl şəkildə ifadə olunan bu fikirləri real həyatda doğrultmaq və xalqımızın gələcəyi olan buğünkü uşaq,yeniyetmə və gənclərimizin uğurlu təhsil almaqla olkəmizin ən inkişaf etmiş olkələrlə bir sırada dayana bilməsi üçün prezidentimiz,qısaca desək,lazım olan hər şeyi edir və etməkdədir.Bunu görməmək,dərk etməmək,danmaq korluq və nadanlıqdır!

Qalır nə?

O qalır ki,həm bilavasitə bu sahədə çalışanların,həm də cəmiyyətin bütün zümrədən olan şəxslərinin məqsədyönlü,vicdanlı fəaliyyət göstərməsi!Yəni,təhsil hamıya-hər bir ailəyə hər bir şəxsə dəxli olan sahədir.Bu sahədə “məndən keçdi,qardaşıma dəydi,”-fəlsəfəsi ola bilməz! Uşağı üçün məktəbli paltarı alıb,çörəyini verib məktəbə yollamaq və “qalan hər şeyi məktəb,müəllim etməlidir”psixologiyasından qurtulmaq,məktəblə,müəllimlə,buradakı təlim və tərbiyə ilə imkanı çatdığı qədəri hamı maraqlanmalı,bu işlə təmasda olmalıdır,hətta məktəbdə uşağı oxumayanlar belə.Çünkü sabah onun da uşağı burada oxuyacaq və ya bu gün burada oxuyanlar sabah vətənin taleyini həll edənlərdir və hamımız bu vətənin vətəndaşıyıq.

Müəllim valideynin və ictimaiyyətin müdaxılə və təmasından,marağından daha da həvəslənir,onun məsuliyyət hissi daha da artmış olur. Hərçənd ki,bunlarsız da əsil müəllim bu ada layiq işləməyi bacarmalıdır Əgər bacarmırsa,özü vətəndaş qeyrəti göstərib bu sahədən getməli,bacardığı işlə məşğul olmalıdır.Burada “vətəndaş qeyrəti”ifadəsini nə təsadüfən,nə də gəlişigözəllik üçün işlətmirik.Yəni, hər kəs özünü hamıdan daha yaxşı tanıyır,nəyə qadir olduğunu,nəyə gücü çatdığını hamıdan yaxşı bilir.Və əgər müəllim görürsə ki,o,dərs dediyi şagirdlərə heç nə oyrətmək iqtidarında deyil,o bunu bacarmır,şagirdə öyrətməli olduqlarını heç özü bilmir (hamımızın bildiyi kimi,təssüf ki belə müəllimlər var və az deyil),o zaman bu sahədən könüllü uzaqlaşırsa,bu da qeyrətdir!

Mən çox istərdim ki,bu cümlələrimi bütün müəllimlər oxusun və əgər düz demirəmsə,məni istədiyi kimi qınasın!

Müəlimin dərs dediyi şagird həmin fənni öyrənmək üçün başqa müəllimin –repetitorun yanına gedirsə,həmin müəllim bundan utanmalı,aldığı əmək haqqının nə dərəcədə halal olması haqqında düşünməlidir!

Bir daha qeyd edirik ki,respublikamızın hər yerində öz işinin ustası olan,bu adı doğrulda bilən müəllimlərimiz də çoxdur və onlara eşq olsun!Ancaq təhsilimizin bugunkü səviyyəsi haqqında danışanların əksəriyyəti şagirdlərin hazırlıq səviyyəsinin aşagı və ya cox aşagı olması barədə danışır və bunun səbəbini də Təhsil Nazirliyinin fəaliyyətində görür.Təhsil ekspertləri adı ilə çıxış edərək nöqsanları sadalamaqla kifayətlənən,lakin bu nöqsanları aradan qaldırmaq üçün heç bir səmərəli təkilif verməyən,daha yaxşı uğurlar qazanmaq üçün hansı işlərin görülməsini,hansı tədbirlərin həyata keçirilməsinin vacibliyini göstərməyən və ya göstərə bilməyən bu təhsil ekspertlərinin bəzilərinin umu-küsülü,təkcə təhsilin səviyyəsindən deyil,təhsildən danışmaq adı altında daha cox başqa nələrdənsə...narazı fikirlərinin bu böyük və taleyüklü,ümumxalq,ümumdövlət əhəmiyyətli məsələnin həllində köməyi,xeyri nə ola bilər?!

Mən mərhum akademik Mehdi Mehdizadədən bu günə kimi Təhsil Naziri işləyən hörmətli nazirlərin,eləcə də hazırkı möhtərəm nazirimizin dövründə bu sahədə çalışan bir şəxs kimi deyə bilərəm ki,bu nazirlərin hamısı öz komandası ilə birlikdə milli təhsilimiz üçün yalnız fədakarlıq göstərmişlər və göstərirlər.lakin yenə də hər şey,yumşaq desək, ürəkaçan deyildir və bir gün belə gecikmədən olkəmizin,xalqımızın bu ən vacib probleminin həlli üçün özündə vətəndaş qeyrəti tapan hər kəs əl-ələ verərək məsələnin müsbət həlli üçün var gücü ilə çalışmalıdır.Kiminsə, hansı Nazirin dövründəsə nazirlikdən, yəqin ki,müəyyən nöqsanlarına görə işdən çıxarılıbsa və ya bu gunki nazirimizin dövründə ürəyi istəyən vəzifəni ala bilmirsə, təhsilimizin fəlakət həddinə çatdığını iddia etməsi cox absurddur.Ən savadlı adamlar belə,bu iddia ilə təhsilimizə heç bir xeyir verə bilməzlər.Gəlin,belə iddialardan,yuxarıda dediyim kimi,umu-küsülərdən,intiriqa xarakterli yazı və digər hərəkətlərdən əl çəkib əsil işlə məşgul olaq.Nə cür ?

Birinci növbədə,müxtəlif ekspert və digər müəlliflərin müasir təhsilimizdə qeyd etdiyi çatışmazlıqları sağlam şəkildə ümumiləşdirək və heç kəs tərəfindən,nədənsə, deyilməyən və ya açıq şəkildə deyilməyən, özü də təhsil nazirliyinin fəaliyyətindən deyil,tamamilə başqa səbəblərə görə təhsili xoşagəlməz səviyyəyə sürükləyən məsələləri özümüzdə cəsarət tapıb ortalığa qoyaq və düzgün nəticə çıxaraq.Belə olarsa,məncə,uğur qazanmaq olar.Bu baxımdan öz fikirlərimə keçirəm.

On bir il əvvəl bir neçə illik hazırlıq işlərindən sonra yeni kurikulumlarla tədris prosesinə başlanıldı,Məqsəd də budur ki,təhsilin təşkili,məzmunu və qiyməymətləndirilməsində ortalığa qoyulan standartlarla işləmək,dünyanın ən qabaqcıl təhsil sistemlərinə inteqrasiya yolu ilə müasir qlobal dünya ilə ayaqlaşmaq və ölkəmizdə,hörmətli prezidentimizin dediyi kimi,insan kapitalının yaradılmasına nail olmaq! Aydındır ki,bunun üçün bu işi yerinə yetirənlərdən yeni düşüncə tərzi,intellek səviyyə,innovasiyalara yiyələnmək və ona müdaxilə qabiliyyəti,təhsildə kreativliyə nail olmaq üçün yollar axtarıb tapmaq bacarığı və s.imkanlara malik olmaq tələb olunurdu və indi də həmin tələb quvvədədir,həmişə də qüvvədə olacaq.(Sadə şəkildə desək,yeni müəllim hazırlığı)Yeni müəllim hazırlığı dedikdə.son on bir ildə müəllimliyə başlayanlar nəzərdə tutulmamalıdır.Onların da xeylisi daxil olmaqla bu gün respublikamızın hər yerində 20,30 ,hətta 40 il bundan əvvəl müəllimliyə baçlayan və müasir təlimin tələbləri ilə ayaqlaşa bilən çox sayda pedaqoqlarımız vardır.Onların nailyyətləri haqqında yaxşıdır ki,mətbuat orqanlarında da mütəmadi yazılar verilir.onlar təhsil nazirliyi tərəfindən də qiymətləndirilir,müxtəlif mükafatlara təqdim edilir,cəmiyyətə tanıdılır.Lakin bunların sayı kifayət qədərdimi?Təəssüf  ki,yox və əgər belə müəllimlərin sayı hər yerdə,hər məktəbdə kifayət qədər olsa idi,o zaman haqqında bu gün cox danışılan,qınanılan repetitor anlayışı olmazdı.Deməli,müəllim hazırlığı ən prioritet məsələlərimizdəndir və bu sahədə son on beş ildə xeyli işlər görülməsinə baxmayaraq,bu məqsədə çatmaq üçün yenə də üsullar tapılmasına,yollar aranmasına,müxtəlif ağıllı,məntiqli təklif və rəylərə zərurət vardır.Bu,təbiidir.Ona görə ki,yeniliyi həyat keçirənlərin özü yeniləşmədən yeniliyin həyata keçirilməsi mümkün deyildir.Bunu, yəqin ki,hamı bilir və yeniləşmək isə mümkündür.

  Yeni kurikulumlarla əlaqədar yaradılmış dərsliklərdəki qüsurlar haqqında da cox danışılır,Bəli,belə qüsurlar vardır.Şagirdlərin yaş səviyyəsini,milli-psixoloji xüsusiyyətlərini,yaşa görə təfəkkürün nə qədər yüklənə biləcəyini nəzərə almadan,şagirdin hökm qoyub nəticə çıxara bilmək bacarığına yiyələnməsi üçün lazım və vacib olan vasitələrin nəzərdə tutulmaması,nəinki fənlərarası,hətta bəzən mövzulararası əlaqədən  məhrum olan proqram və dərsliklərə rast gəlirik.               

Bütün yeniliklərin başlanğıcında çatışmazlıqların olması təbiidir və bu çatışmazlıqlar iş prosesində zaman-zaman aradan qaldırılır.Eləcə də,təhsil sahəsində.  Son yaxın illərdə bir sıra dərsliklərdə xeyli nöqsanların düzəlməşi, daha anlaşılan olması buna sübutdur. Hörmətli nazirimiz Ceyhun Bayramovun da lap bu yaxınlarda ictimai televiziyanın “Pressinq”verlişində bu məsələ ilə əlaqədar verilən suala geniş və hərtərəfli cavabı ürəyimizdəndir və bizi inandırır ki,cox vacib olan bu məsələ öz həllini tapır,  sonacan da tapacaqdır.Həddindən artıq önəmli olan bu işin məqsədyönlü başa çatdırılması üçün respublikamızın bütün bölgələrindən olan ən qabaqcıl pedaqoqların bu işə cəlbi davam etməli və bacarığı olan hər bir kəs bu işdə vicdanla,qeyrətlə əlindən gələni əsirgəməməlidir.Məncə,televiziyalarımızda(istisnasız olaraq hamısında)təhsilin bütün problemlərinə,eləcə də proqram və dərslik məsələlərinin təhlilinə aid hər həftə vaxt ayrılaraq birbaşa efirlə (canlı) verilişlər hazırlanmalıdır.Həmin verilişlərin aparıcıları(qoy, televiziya verilişlərinin aparıcıları məndən inciməsin) bilavasitə təhsil işçisi,mütəxəssisi olmalıdır.Axı,necə olur ki,Tolikin,Zaurların,Samirin,Kamranın və neçə-neçə başqalarının televiziyanı saatlarla zəbt edən tamamilə mənasız, şit, bayağı,milli mentaliteti  məhv edən verilişləri ayaq tutub yeriyir,lakin xalqın,ölkənin taleyüklü məsələsi olan təhsil haqqında verilişlər,demək olar ki,yox dərəcəsindədir.Adda-budda,cox zaman da bu işə dəxli olmayan,bu işin incəliklərini bilməyən,intellekt səviyyəsi bu işin cözümünə uyğun olmayan adamların iştirakı ilə” təhsil haqqında da verilişimiz oldu,”demək xatirinə”sualları və cavabları əvvəlcədən hazır olan verilişlər  bizə nə verə bilər?


Yeri gəlmışkən,qeyd edim ki, bu işi ən yaxşı görə bilən şəxslərin biri elə Təhsil Nazirliyinin hazırkı mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovdur.Vaxtilə o,ictimai televiziyada təhsil və onun prioritet məsələləri,problemləri və s.barədə gözəl bir veriliş aparırdı.Qoy,belə verilişlər yaransın,birbaşa efirdə suallar verilsin,cavablar alınsın,bu işi bilən qabaqcıl,ürəyiyanan ziyalılar bura cəlb olunsun.Kiminsə xoşuna gəlmək üçün verilən cavablar yox,əsil mütəxəssis,professional səviyyəli cavablar verməyə cəsarəti olanlar buraya cəlb olunsun.Mənə belə gəlir ki,televiziyalarımızın hamısında bunu etmək vacibdir.Mübahisəli fikirlər də ola bilər.Sağlam polemika ilə işin xeyrinə olan ortaq məxrəcə gəlib,daha ağıllı,daha məntiqli nəticələri tətbiq etməklə müəyyən uğurlar qazanmaq mümkündür.Bu işin uğurlu təşkil olunmasını  isə adını yuxarıda cəkdiyim Cəsarət Valehov öz təcrübəsindən və intellekt səviyyəsindən istifadə edərək həyata keçirə bilər.İnandırıram ki,bu verilişlərin tamaşaçısı bol,reytinqi də cöx yüksək olacaqdır.(reytinqi ona görə xüsusi qeyd edirəm ki,indi televiziyaların çoxu verilişin məzmunu,mahiyyəti,vacibliyi,xalqı milli-mənəvi məhvə aparmaqları haqqında deyil, bir qrup zövqsüzü verilişə cəlb etməklə reytinq qazanmaq haqqında düşünür və ən böyük bəlalarımızın biri də elə budur!)

Bizcə, təhsildə olan problemlərin aradan qaldırılması üçün yuxarıda deyilənlərdən başqa, görülməli olan ən önəmli iş DİM-nin qəbul qaydalarında mütləq köklü dəyişikliklərin edilməsi olmalıdır.Və əgər bu qaydalarda əsaslı dəyişikliklər, hətta deyərdim ki,dərin islahatlar aparılmasa,təhsilimizin uğurlu gələcəyindən danışmağa dəyməz.Bu fikrimizə səbəb olan bəzi faktlara keçək.

Hamımızın bildiyi kimi,hazırda abituruyent olan şagirdlər 6-7-ci siniflərdən başlayaraq tam orta təhsili başa vuranadək gələcəkdə hansı qrup üzrə imtahan verəcəksə,həmin qruplarda tələb olunan fənlərdən başqa,digər fənnlərdən şüurlu şəkildə tamam uzaq düşür və cox vaxt həmin dərslərdən yayınır,o dərslərdən,belə demək  mümkünsə,imtina edir və tam orta məktəbi yarımçıq şagird kimi başa vurur.Deməli,hətta sənəd verdiyi qrupda hətta 700 bal toplasa belə,o şagird ali məktəbin də yarımçıq tələbəsi olur.Yəni, deyək ki,şagird 2-ci qrupa hazırlaşır.Bu halda o,ana dili,tarix,xarıcı dil,riyaziyyat və coğrafiya fənlərindən buraxılış və qəbul imtahanı verəcəyi üçün , fizika,kimya,biologiya və s.fənlərdən, demək olar ki,bixəbər olur. Görün,daha  nə baş verir ? Şagird-abituriyent qəbul imtahanlarından sonra 15ali məktəbi göstərməklə  ixtisas seçimi aparır və 2-ci qrupa hazırlaşarkən,tutaq ki,maliyyəçi olmağı istəyən şagird topladığı bala görə Texniki Universitetin “Avtomobil nəqliyyatı” fakultəsinə düşür.Bir də qəbul imtahanında sonrakı illərdə iştirak edəcəyini,o vaxta qədər bildiklərinin də yadından çıxacagını düşünən şagird və onun valideyni, necə deyərlər,canının dərdindən bununla barışır  və o,bu fakultədə oxumağa məcbur olur.Həmin fakultədə elə 1-ci semestrdə fizika fənnindən dərs keçməli və semestr imtahanı verməli olan bu tələbə vaxtilə 2-ci qrupa hazırlaşdığı zaman 5-6 il ərzində fizikanı oxumadığı,oyrənmədiyi üçün,təbii ki, ali məktəb fizikasını da oyrənə və imtahan verə bilmir.Deməli,bu mühəndis də yarımçıq mühəndis olmağa məhkumdur.Və ya məktəb illəri ərzində yalnız həkim olmaq arzusunda olan və yalnız bunun üçün çalışan,hazırlaşan şagird topladığı bala görə hansısa bir universitetin (dövlət və ya özəl) biologiya müəllimliyi fakultəsinə düşür.Ömrü boyu müəllim olmaq haqqında düşünməyən,buna həvəsi olmayan şəxs,yuxarıda dediyim kimi,canının dərdindən həmin fakultəni bitirsə də, müəllim ola bilmir,müəllim işləsə belə,şübhəsiz ki,şagird yetişdirə bilmir.Bax, yuxarıda dediyimiz o müəllim hazırlığı probleminin bir səbəbi də məhz elə budur.Ümumiyyətlə,qruplar üzrə qəbul məsələsinin dərindən təhlilə və müzakirəyə ehtiyacı vardır.

Bir qəribəlik  haqqında da danışmazdan əvvəl qeyd edim ki,mən test imtahan üsulunun əleyhinə deyiləm,onun müsbət tərəflərini bəyənir və qiymətləndirirəm.Bəs dediyim qəribəlik nədir ?Fikir verin,abituriyent düzgün cavablarına görə,tutaq ki,500 bal toplayıb və ola bilsin ki,vaxt çatışmazlığına, ya qəbul imtahanının zəhminə, ya yorğunluğuna görə,hər nədənsə, cavabları cavab kartına köçürəndə bir neçə sualın cavabını düzgün qaralamayıb.Buna görə onun düzgün cavablandırdığı 500 balından çıxırlar və nəticə,tutaq ki, 486 bala düşür.Beləliklə,şagird düzgün cavabları ilə topladığı bala görə ödənişsiz təhsilə düşmək əvəzinə,  486 bal ilə ödənişli təhsilə cəlb edilir və həmin şagird ödənişi edə bilməyəcəyinə görə ali təhsildən kənarda qalmağa məcbur olur.Bu hallar bütün ixtisas qrupları üzrə mövcuddur.

Bu halı əsaslandırmağa çalışaraq həmin metodun abituriyentləri daha diqqətli olmağa vadar etmək üçün işlədildiyini demək istəyənlərə cavabım budur ki,şagirdləri tələsməməyə,daha diqqətli olmağa öyrəşdirmək üçün sinaq imtahanları dövründə bu metoddan istifadə etmək olar.Lakin onun taleyinin həll olunduğu məqamda-qəbul imtahanlarında bu metoddan istifadə etmək heç bir məntiqlə əsaslandırıla bilməz və bunun,allah eləməmiş,coxlu fəsadları ola biləcəyi də tamamilə mümkündür və bu fəsadların şahidi olmuşuq...

Lap qəribə olan bir məsələ haqqında da danışmamaq mümkün deyil.Bu il qəbul imtahanlarındakı nəticələr və bu işlə əlaqədar bəzi digər məsələlər haqqında iyul ayının əvvəllərində özəl telekanallarımızın birində,gərək ki,”Lider” televiziyasında,yuxarıda dediyimiz adda-budda verilişlərin biri yayımlanırdı.Verilişə danışmağa çağırdığına danışmaq üçün macal verməyən aparıcının sualına,nəhayət ki,cavab verməyə macal tapan DİM-in əməkdaşı Xanlar Xanlarzadə bu ilki qəbulda 11 il yeni kurikulumla oxuyan abituryentlərin nəticələrindən danışaraq təxminən belə deyirdi:DİM-də hələ tədris ilinin 2-ci yarısında aparılan sınaq imtahanlarında,eləcə də dərs ilinin qurtarmasına hələ təxminən 2 ay qalmış (!) keçirdiyi buraxılış və qəbul imtahanlarının birinci mərhələsində şagirdlərin nəticələrinin cox aşağı olduğunu görürdük.Toplanan ballar cox aşagı idi.Və bu vəziyyətdə təhsilin hamı üçün əlçatan olmasına görə DİM qərara aldı ki,keçid ballarını aşağı salsın və qəbul planını da artırsın(?).Mövcud olduğu ilk gündən DİM (əvvəlki TQDK) 500,600-dən yuxarı,hətta 700 bal toplayanların ildən-ilə coxalan statistikasını göstərməklə yanaşı,həmişə respublikada təhsilin aşağı səviyyədə olmasından şikayətlənib,bu il də ki,xüsusilə. Və həmin DİM-in söz sahibi deyir ki, təhsilin hamı üçün əlçatan edilməsi üçün bu məsələni qəbul ballarının ən aşagı həddə çatdırılması,eyni zamanda qəbul sayının artırılması ilə həll ediblər?!

Bu məntiqin cavabını, məncə, heç rəhmətlik Aristotel də aça bilməz!

Bəs keyfiyyət və təhsilin yüksək səviyyəsi?

Daha qəribəsi budur ki, DİM əməkdaşının bu xəbərindən sonra təşvişə düşməli olan, gələcəkdə ali təhsilli savadsızlar ordusunun ağılasığmaz mənzərəsini görüb həyəcan təbili çalmaq əvəzinə, ölkəmizdə fəaliyyət göstərən bir sıra KİV nümayəndələri öz saytlarında “Bu il 150 bal toplayan abituriyentlər də ixtisas seçə biləcək - Şad xəbər”(?) başlıqlı yazılar verməyə başladı və yəqin ki,hörmətli oxucular da bu yazılara rast gəlib. (Adam burada istər-istəməz, ax-x,haradasan,ay rəhmətlik Mirzə Cəlil, ay M.Ə.Sabir..,deməli olur,özü də inilti ilə)

Gəlin bu məsələni bir az da çözək.

Yaxın bir neçə ilə qədər respublikada fəaliyyət göstərən ali təhsil müəssələrinə hər il təxminən 27000 tələbə qəbul edilirdi.Deməli,hər il də 27000-ə yaxın məzun müxtəlif ixtisaslar üzrə ali təhsil (bakalavr pilləsi üzrə)diplomu alırdı.Son illərdə tələbə qəbulu 45000-ə çatdırılmışdı.Bu il isə DİM-in məlumatına görə,tələbə qəbulunun sayı yenidən xeyli artırılıb(yuxarıda dediyimiz kimi,keçid ballarının aşağı salınması hesabına).Hər il ali təhsili başa vuranlar həm pedaqoji,həm də digər bütün sahələr üzrə elan olunmuş vokant yerləri tutmaq üçün müsabiqəyə qatılır və müsabiqənin şərtlərindən biri olan ixtisasdan test imtahanı verməli olurlar.Tutaq ki,ümumilikdə 5-6 min vokant yerə 50-60 mindən yuxarı ərizə verilir.Bu sayda vokant yeri tutmaq üçün ilk turda kifayət qədər bal toplayanların sayı az olduğuna görə bu imtahanlar bir neçə turda keçirilir.Elə sahələr var ki,orada müəyyən fasilələrlə il böyu keçirilir.Lakin yenə də vokant yerlər tamamilə tutulmur.Deməli,iş yerləri vardır,lakin həmin yerləri tutmaq üçün bilik səviyyəsi çatan ali təhsil diplomlu savadlı mütəxəssislər yoxdur.Niyə?Çünki onlar qəbul imtahanlarında vaxtilə 200-300 arası bal toplayan abituriyentlərdir.200-300 bal toplamaq “5”ballıq qiymətə çevrilsə “2”qiymət demək olur.Axı ali məktəbə orta məktəbdə hətta 3–lə 4 arası oxuyanlar belə qəbul olunsa,onun gələcəkdə savadlı mütəxəssis olacağı aydındır ki,boş söhbətdir,onda da qalmış 200-300 balla,bu il isə 150-200 balla.Bu cür ballarla Universitetlərə daxil olub oranı bitirən “ali təhsilli”adamların coxlu saydasını tanıyırıq ki, taksi sürücüsü,malyar,bazarlarda göyərti satan,yük daşıyan və s.kimi işlərdə çalışır.Çörək qazanmaq üçün hər hansı işdə çalışmaq eyib deyil,zəhmətin hamısı şərəflidir.Lakin söhbət ali təhsilli göyərti satandan ,yük daşıyandan gedir.Bəs,onda təhsil ilə  yaradılası hansı insan kapitalından danışırıq?!

Vaxtilə ali təhsil diplomu alan şəxs bundan qürurlanır,fərəhlənir,özünü cox qiymətli bir sərvətin sahibi hesab edirdi.Çünki o diplomlar onların çoxunun yüksək savadının məhsulu idi.Bu gün də belə diplomlar var,lakin lazımsız əşya kimi bir küncə atılan diplomların sayı isə,təəssüf ki,daha çoxdur. Yeri gəlmişkən,bir məsələni də qeyd etməyə bilmirik.DİM qəbul ballarına görə yerləşdirmə apararkən respublikanın mərkəzində yerləşən Universitetlərlə bölgələrdə yerləşən Universitetlərin eyni fakultəsinə,şöbəsinə daxil olan abiyuriyentlərin balları arasında kəskin fərqlərə yol verir.Yəni,topladığı ballarla mərkəzdəki Universitetə düşə bilməyənlər,cox aşağı ballarla bölgədəki Universitetə, eləcə də, mərkəzdəki özəl Universitetə düşür.Sual olunur:savadı çox aşağı olmaqla bölgədəki Universitetə qəbul edilən müxtəlif  ixtisaslı “kadr”lar bu ölkə üçün yetişdirilmir? Və ya özəl Universitetlərin məzunları harada işləmək üçün hazırlanır ? Bu absurdluqları aradan qaldırmaq üçün bizcə, yaşadığımız hazırkı ictimai-siyasi quruluşun qayda və yuxarıda dediyimiz ən mühüm tələblərinə əməl etməklə DİM-in qəbul prinsiplərində zəruri  dəyişikliklərə ehtiyac vardır.

Bir az da sadə desək,biz bazar iqtisadiyyatı dövründə yaşayırıq və buna görə də ali məktəblərə qəbul sayının təkliflə tələbin səviyyəsinə uyğun gəlib-gəlməməsi əsas meyar kimi götürülməlidir.Ancaq hamımıza aydındır ki,bu məsələ bizdə bilərəkdən,ya bilməyərəkdən tamamilə unudulub.Çoxlu sayda Universitetlərimizdə bir-birini təkrar edən ixtisasların və həmin ixtisaslara qəbul sayının həddən atrıq olması(hələ o ixtisasların bir qisminin lazımlı olub-olmaması o yana )və qəbul planını doldurmaq xatirinə ümumtəhsil məktəbini zorla “3”qiymətlə bitirən abituryentləri ən aşağı ballarla tələbə etmək,aydındır ki,təhsili hamı üçün əlçatan etmək prinsipinin əsil mahiyyətinə tamamilə ziddir.Azərbaycanda təhsil hamı üçün çoxdan əlçatandır.Ölkəyə bu günün tələblərinə cavab verən,ən layiqlilər üçün əlçatan olan təhsil lazımdır. Bu məsələnin həlli mütləq tapılmalı və hamımız buna görə çalışmalıyıq.

Bir vacib məsələ də qəbulda test sualları ilə əlaqədardır.Bizcə,həm buraxılış və qəbul imtahanlarında,eləcə də ümumtəhsil məktəblərində aparılan həm kiçik,həm də böyük summativ qiymətləndirilmələrdə qapalı testlərdən tamamilə imtina edilməli və qiymətləndirmə yalnız açıq suallar üzrə aparılmalıdır.Çünki təcrübə göstərir ki,qapalı testlərlə həm sınaq,həm buraxılış həm də qəbul imtahanlarına hazırlaşan şagirdlər bu günün tələbi olan hafizə təlimindən təfəkkür təliminə keçməkdə ya çox çətinlik çəkir ya da heç buna nail ola bilmir.Yəni,o üsulun özü buna imkan vermir.Açıq testlərdə şagird mütləq fikirləşməli,verdiyi cavabları əsaslandırmaq üçün ona mühakimə qabiliyyətini işə salmalı,qazandığı biliyinə söykənməli,savadına arxayın olmalı olur.Qapalı testlərdə isə şagird daha cox hafizəsinə güc verməli olur. Repetitor  müəllimlərin özü də bunu inkar deyil,etiraf edir.Hələ orası da var ki,bir cox şagirdlər,hətta yüksək bal toplayanların xeylisi,cavabını düzgün qaraladığı sualların mahiyyəti və məzmununu izah edə bilmir.Deyə bilərlər ki,cox sayda açıq testləri yoxlamaq problemi var.Belə fikirdə olanlara deyirik ki,şagirdin biliyini yoxlamaq üçün imtahan verdiyi 5 fəndən mütləq 125 suala cavab vermək vacib deyil,hər fəndən 6-8 açıq sualla da kimin nə bilik sahibi olduğunu müəyənləşdirmək,həm də daha obyektiv müəyyənləşdirmək mümkündür.Bu testləri optimal müddətdə yoxlamağın yolunu tapmaq indiki dövrdə yəqin ki,cətin deyil.Ancaq nəticədə əsil bilik sahibi olan tələbələr qazanmış olarıq.Bu,həm müəllimlərin,həm şagirdlərin məsuliyyətini qat-qat artırar və deməli,əsil hədəfə çatmağın vacib və mümkün yollarından biri ola bilər.

Təhsil Nazirliyinin proqram və dərsliklərinə uyğun gəlməyən test suallarının da imtahanlara salınmağındansa ,nazirliyin  dərsliklərindən başqa yerindən duranın dərslik yaradıb yaymaqla şagirdləri caş-baş salmağındansa,nazirliyin ətrafında toplanıb,yuxarıda dediyimiz kimi,onun dərsliklərində hazırda gedən müsbət dəyişikliklərdə iştirak etmək,stabil,normativ dərsliklərin yaradılmasına və test suallarının da buna uyğun tərtib edilməsinə nail olmaq daha yaxşı fayda verərdi .

İşin içində olan şəxs kimi,bir məsələdən də yan keçə bilmirəm.Hamıya bəlli olduğu kimi,bu il DİM ümumtəhsil məktəblərində XI siniflər üçün aprel ayının 7-dən başlayaraq buraxılış imtahanı (?) keçirdi və ona da qərar verildi ki,həmin buraxılış imtahanının nəticələrində (maksimum 300 bal) əldə olunmuş ballar qəbul imtahanı balı kimi hesablansın.Belə də oldu.Daha sonra şagirdlər iyun ayında bir imtahan,bundan sonra isə hər bir şagird DİM-ə 40 manat pul köçürməklə daha bir imtahan (adını da “blok”imtahanı qoymuşdular və burada maksimum bal 400 idi) verməli oldular.Təhsil ilinin başa çatmasına 2 ay və daha artıq vaxt qaldığı,təlimin başa çatmadığı,deməli,proqram materiallarının tam yerinə yetirilmədiyi,təkrar çalışma  saatlarının keçirilmədiyi məktəbin şagirdi buraxılış,yəni,tam orta məktəbi qurtarmaq imtahanı verdi və onun 300-ə qədər topladığı balı qəbul imtahanı balı kim hesablandı.Bundan sonra məktəblərdə dərsə yüksək davamiyyətdən və proqram materiallarının keyfiyyətlə öyrədilməsindən söhbət gedə bilərmi?Uşaq fikirləşir ki,məktəbi bitirmişəm və ali məktəb üçün toplaya biləcəyim ballarımın bir hissəsi məlumdur.Daha sonra o,yalnız 2-ci mərhələdə imtahan verəcəyi fənlərlə maraqlanır,buna görə digər dərslərdən yayınır və s.Ali və orta ixtisas məktəblərinə getməyəcəklərini bilənlər də,onsuz da məktəbi qurtarmışam və qiymətimin nə olacağından asılı olmayaraq attestat alacağam,-deyərək,məktəbə demək olar ki,gəlmir.Bu ,carı dərs ilinin acı reallığıdır, səbəbkarı isə gəlin araşdıraq və doğru yola çəkək.Belə iş prinsipi özünü döğrulda bilməz.

Mən bu yazıda düşündüklərimin,deyə biləcəklərimin hamısını söyləmədim və bir yazıda bu,mümkün də deyil.Xahiş edirəm ki,dediklərimi ölkəsini,xalqını sevən, onun yalnız xöşbəxtliyini arzulayan,xalqını dünya xalqları içərisində həmişə,hər sahədə başıuca,qürurlu görmək istəyən bir vətəndaşın mövqeyi kimi qəbul edəsiniz.

Gəlin,təhsilimizin çatışmayan tərəflərindən danışanda sağlam düşüncədən çıxış etməyə çalışaq,sağlam polemikaya hazır olaq,sağlam polemikaya girişək.Daha ağıllı,daha məqsədəuyğun,təhsilimizə daha böyük xeyir verə biləcək məsələləri ortalığa qoyaq və onların həlli üçün hamılıqla əl-ələ verməklə mümkün olanı edək.İndi bunun əsil zamanıdır.Özüm də hər hansı meydanda bu mühüm məsələnin həllində xeyir verə biləcək sağlam polemikaya hazıram.

İmran SABİROV, Əməkdar müəllim
Qobustan rayonu

 





14.08.2019    çap et  çap et