525.Az

“Bakı Metropoliteni” “Sovetski”də torpaq alacaq


 

“Bakı Metropoliteni” “Sovetski”də torpaq alacaq<b style="color:red"></b>

Nazirlər Kabineti “Qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə dartıazaldıcı yarımstansiyanın tikintisi ilə bağlı torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə” qərar verib.

APA-nın məlumatına görə,  qərara əsasən, qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində dartı-azaldıcı yarımstansiyanın tikintisi ilə əlaqədar 0,0606 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən vətəndaşlara məxsus yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti göstərilən torpaq sahəsinin və üzərindəki tikililərin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanununun tələblərinə uyğun olaraq həyata keçirməli və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin. Bu Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.

Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi “Sovetski” kimi tanınan ərazidədir.

 





16.08.2019    çap et  çap et