525.Az

Gəncədə yeni lokomotiv deposu tikilir


 

ÖLKƏNİN DƏMİR YOLU SİSTEMİNİN ANA XƏTTİNDƏ TEXNİKİ XİDMƏT ƏN YÜKSƏK SƏVİYYƏYƏ QALDIRILACAQ

Gəncədə yeni lokomotiv deposu tikilir<b style="color:red"></b>

Dövlət başçısının tapşırıqları əsasında Azərbaycanda nəqliyyatın, o cümlədən, dəmir yolu sisteminin tam müasir tələblərlə yenidən qurulması istiqamətində ardıcıl işlər davam etdirilir.

Ölkənin dəmir yollarında nəqliyyat vasitələri, lokomotiv-vaqon parkı yenilənmə prosesində olduğundan, onlara xidmət göstərən depoların da təkmilləşdirilməsinə ehtiyac yaranır.

Gəncə Dəmir yolu xəttində  ötən əsrin 50-ci illərində tikilmiş Lokomotiv Deposu da artıq müasir tələblərə cavab vermədiyindən,   burada  yeni deponun inşası aparılır. Əsas funksiyası dartı lokomotivlərinin servis və təmiri olan depo tam müasir texniki standartlar üzrə tikilir. Ölkə rəhbərinin Azərbaycanda Dəmir yolu nəqliyyat sisteminin texniki yenilənməsi üzrə tapşırıqlarına uyğun olaraq, yerlərdə  lokomotiv-vaqon parkı da təkmilləşdirilir. Belə ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə Fransanın lokomotiv istehsalçısı olan bir şirkəti arasında bağlanmış müqavilə üzrə ölkəmizə, müasir tipli, artıq köhnə standartlarla sabit cərəyanla deyil, dəyişən cərəyanla işləyən  50 ədəd dartı lokomotivi gətirilir. Gəncə xəttində tikilən yeni depo da məhz bir qisminin  bu xəttə verilməsi nəzərdə tutulan yeni lokomotivlərin  optimal servis və təmir işlərini həyata keçirəcək.

"Ölkəmizin dəmir yolu xətlərin gətiriləcək  bu lokomotivlərin ilk mərhələdə 15 ədədi Gəncə sahəsinə veriləcək. Yeni depoda ən müasir avadanlıqlar quraşdırılandan sonra, Gəncə-Böyükkəsik sahəsi üzrə yükdaşımanın təmin edilməsi üçün istismar olunacaq lokomotivlərin təmiri həyata keçiriləcək" - deyə, tikinti sahəsində söhbətləşdiyimiz  layihə icra qrupunun mühəndisi Ceyhun Aslanov bildirdi.

Müsahibimiz həmçinin, ilk mərhələdə işçilərinin sayı 75 nəfər olacaq yeni deponun fəaliyyətə başlaması ilə burada insanların yeni iş yerləri ilə təmin olunacağını da qeyd etdi.

Gəncədəki yeni Lokomotiv Deposunun ümumi sahəsi 6,5 hektar olacaq. Təmir sexləri 2900 kvadrat metr sahəni əhatə edəcək. Depo ərazisində dəmir yol xəttinin ümumi uzunluğu 4 kilometr, kontakt-hava şəbəkəsinin uzunluğu isə 1900 metr olacaq. Depo ərazisində əsas bina və sexlərdən  başqa anbar, heyət üçün yaşayış binası, transformator məntəqəsi, nasosxana, qazanxana və digər texniki təminat sahələri olacaq.

Gəncədə inşa olunan yeni Lokomotiv Deposunun tikintisinin gələn ilin ilk aylarında yekunlaşacağı nəzərdə tutulur.

Zakir MURADOV
Gəncə

 





16.08.2019    çap et  çap et