525.Az

Erməni əsgərin fərariliyi işğalçı ölkədə ciddi narahatlıq yaratdı


 

Erməni əsgərin fərariliyi işğalçı ölkədə ciddi narahatlıq yaratdı<b style="color:red"></b>

"Erməni hərbçinin fərariliyi və könüllü sürətdə Azərbaycan ordusuna təslim olması Ermənistan hakimiyyətində ciddi narahatlıq yaradıb".

Bunu "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, bu xəbər yayıldıqdan sonra erməni saytlarının əksəriyyəti Azərbaycandan yayılan xəbərlərə istinad edərək hərbçilərinin işgəncə görməsi səbəbi ilə fərarilik etdiyini bildirib: "Yəni həqiqəti gizlətmədilər. Bu cür xəbərlərin Ermənistanda ciddi narahatlıq yaratdığını görən İrəvan bir gün sonra senzuranı işə salaraq fərarilik xəbərini korrektə etməyə başladı. Erməni saytları "işgəncə" sözünü "azıb" ifadəsiylə dəyişdilər. Guya hərbçiləri qəsdən təslim olmayıb, "yolu azaraq o tərəfə keçib".

E.Şahinoğlu qeyd edib ki, bu versiyanı Ermənistanın müdafiə naziri David Tonoyan da səsləndirib: "O, məsələ ilə bağlı araşdırma aparıldığını desə də, qabaqdangəlmişlik edərək "hərbçimiz yolu azıb" ifadəsini təkrarlayıb. Yaxşı, bəs onda işgəncə görüntüləri necə olsun? Yolu azıbsa, bədənindəki izlər nədən xəbər verir? Bu suallara erməni müdafiə naziri cavab verməkdə çətinlik çəkib. Çünki erməni hərbçinin şəkillərində baş və əl nahiyəsində açıq-aşkar işgəncə əlamətləri var".

Mərkəz direktoru bildirib ki, D.Tonoyan erməni cəmiyyətinə Azərbaycan tərəfinin dezinformasiya yaydığını inandırmağa çalışır: "Guya erməni hərbçinin əlinə "ağ bayraq sonradan verilərək şəkli çəkilib. Bütün bu havadan götürülən versiyaları əlimizdəki işgəncə görüntüləri alt-üst edir. Ona görə, biz həmin şəkilləri rusdilli saytlarımız vasitəsilə dönə-dönə erməni cəmiyyətinə ötürməli, eyni zamanda, həmin hərbçinin səsli etirafları da internetdə yayımlanmalıdır". "Tonoyanın işgəncəni əks etdirən şəkillərin yayılmasından narahatlığına onun bu sözləri də dəlalət edir: "Hərbçimizin şəkillərinin yayılmasının tərəfdarı deyiləm". Deməli, biz bunun əksini etməliyik", - deyə politoloq əlavə edib.

C.ABASOV

 





18.08.2019    çap et  çap et