525.Az

Haqq yolunu tutub gələn...


 

Haqq yolunu tutub gələn...<b style="color:red"></b>

"Haqq yolunu tutub gələnlərə salam olsun!"
(Qurani-Kəbir, "Taha" surəsi, 47-ci ayə)

Birinci etüd: Cənab Haqq öz ilahi kəlamı olan biz müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim"in "Əl-Bəqərə" surəsinin 200-cü ayəsində buyurur ki, "İnsanların bəziləri: "Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!" - deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur".

Fani dünyada yox, haqq dünyasında ulu Rəbbindən pay umanlardan olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin, şeyx həzrətlərimizin ömrü uzun, 70 yaşının tamamını, ad günü mübarək!

İkinci etüd: Layiq olduğu sözüylə, əməliylə haqq etdiyi mükafat kimi sevindirməz, kimi məmnun etməz ki?! Yerin-göyün o bir Yaradanı da yaratdığı öz bəndəsinin ona şükranlığını bu mərtəbədə özünə mükafat hesab edir. Rəhmli və səxavətli Allah-Təala ona öz haqq borclarını ödəməyən biz bəndələrinin borclarını öz böyüklüyü xatirinə haqq-hesab məqamında yəqin ki, bağışlayıb keçəcək, axı, onun mərhəmətinə sığınan bəndələrdənik!

Şeyx həzrətlərinin cənnətməkan valideynləri neçə qız övladlarından sonra dünyaya gələn oğul övladlarına görə Ulu Tanrılarına şükranlıq edib ad qoydular: "Allahşükür"!

Üçüncü etüd: Şeyx həzrətlərinin üzbəsurət nə üzünü görmüşdüm, nə də səsini eşitmişdim.

Bir gün, daha dəqiq, 2003-cü ildə o vaxt bizim Şabran (keçmiş Dəvəçi) rayon İH-də işləyən oğlum Bəxtiyar günortadan xeyli keçmiş evə nahara gəldi. Heç ac olanlara oxşamayan oğlum xeyli həyəcanlı idi. O vaxt 23 yaşlı oğlan az qala səsi titrəyə-titrəyə: - İcra Hakimiyyətində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxlüslim Allahşükür Paşazadənin iştirakı ilə tədbir keçirilirdi - dedi. Neçə-neçə adlı-sanlı, tanınmış şəxslər gəlmişdi. Söhbətləri nə qədər maraqlı olsa da, nahar zamanına yaxın zaldakılar içi mən qarışıq saatlarına baxmağa başladılar. Son söz şeyx həzrətlərinə verildi. Əlbəttə, həssas şeyx yəqin ki, vaxt məqamını unutmamışdı.

Di gəl ki, onun çıxışı bütün zaldakıları elə hayıl-mayıl etmişdi ki, saatlarla deyil, günlərlə onun söhbətinə qulaq asmağa az qala tamarzı kimi idik. Sözlərindən şeyx həzrətlərinin çıxışını yekunlaşdırmaqda olduğunu görüb zaldakı ağsaqqallar ona müraciət edib moizəsini davam etdirməyi dönə-dönə xahiş etdilər.

Dördüncü etüd: Şeyx həzrətlərinin efirdən gördüyüm mübarək surətini, eşitdiyim səsini gərək ki, 2017-ci ildə öz gözlərimlə gördüm, qulaqlarımla eşitdim.

Şabran rayon İH-də Şeyx həzrətlərinin, onu müşayiət edən çox mötəbər şəxslərin iştirakı ilə görüş keçirilirdi. Tədbirdə İcra Hakimiyyəti başçısı, rayonun digər rəhbər işçiləri də iştirak edirdi.

Tədbirin başa çatmasına az qalmış Şeyx həzrətləri köməkçilərindən birinə işarə etdi. Köməkçi də zaldan çıxıb az sonra bir bükülü ilə içəri keçib əlindəkini şeyxin qarşısına qoydu. Şeyx həzrətləri məlumat verdi ki, bəs Quranın dilimizdə ilk təfsiridir. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yenidən çap edilən suvenir nəşridir. Və şeyx həzrətləri həmin kitabları o zaman Şabran İH başçısı Novruz Novruzova hədiyyə etdi. Ağır kitabları tabeliyində olan işçilərin götürməyinə razı olmayan Novruz müəllim o müqəddəs kitabları sinəsinə sıxıb zalda yanımdan keçərkən mənim o kitablara necə həsrətlə baxdığımı görən həssas dostum: - Aydın, darıxma, - dedi, şeyx həzrətlərindən xahiş edib sənin üçün də kitab alacağam...

Maşın korteji məscidə gedirdi. Mən də minəcəyim maşına yaxınlaşarkən Şeyx həzrətlərinin köməkçilərindən biri mənə həmin bükülülərdən birini verdi. "Şeyx həzrətlərinin hədiyyəsidir", - dedi.

Babamın böyük din xadimi olduğundan xəbərdar olan Novruz müəllim yəqin ki, şeyxə "iki daşın arasında" mənim haqqımda məlumat veribmiş: "Axund nəvəsidir".

Şeyx həzrətlərinin ön sözü ilə çıxan bir kitabda babam Molla Əhəd axundun adını da oxuyanda açığı yer-göyə sığmadım.

Beşinci etüd: Cismani ölümləri ilə ruhlarının haqq dünyasında öz Tanrılarına qovuşduqlarını biz asi bəndələrindən daha yaxşı bilən ruhanilərimiz bəlkə də dəfn zamanı buna görə soyuqqanlı olurlar. Açığı, onların bu "daşürəkliklərinə" acığım tutan vaxtlarım da olub. Onları indi-indi anlayıram. Ancaq Şeyx həzrətlərinin 1990-cı il 20 Yanvar şəhidlərinin dəfnində qatilə "əlin qurusun" deyib necə hıçqırdığını heç unuda bilmirəm. Çətin ki, unudam da...

Altıncı etüd: Yeri gəlmişkən, o vaxt Qanlı Yanvar hadisələrindən sonra Sovet rəhbəri Mixail Qorbaçov öz cinayətkar əməlinin üstünü dünyada ötr-basdır etmək, guya ki, Azərbaycanda islam dövləti yaratmaq istəyənlərin qarşısını almaq məqsədi ilə Bakıya qoşun yeritdiyinə haqq qazandırmaq üçün məkrlə Şeyx həzrətləri Allahşükür Paşazadəyə respublikada rəhbərliyi ələ almağı təklif etmişdi. Gündə şeytana min yol lənətlər oxuyan Şeyx həzrətləri bu dəfə də "şeytana" uymamışdı. Əlbəttə, bu imtinasına görə onu necə ağır cəza gözlədiyini də bilməmiş deyildi.

Yeddinci etüd: Azərbaaycan Respublikası Prezidenti cənab İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb.

Şeyx həzrətlərini təkcə inanclı insanlar deyil, vətəndaşı olduğu özünün də oğul sədaqəti ilə xidmət etdiyi dövlət də dəyərləndirir.

Arzumdu. Şeyx həzrətləri neçə-neçə fəxri ada, ordenə-medala, təltifə layiq görülüb. Onun 70 illik ömrü bir soydaşımızın qəhrəmanlıq ömürüdür. Bəs elə isə niyə Azərbaycanın Milli Qəhrəmanı adına da layiq görülməsin. Yəqin ki, bu arzuma qoşulanların sayını sayıb hesablamaq olmaz.

Aydın TAĞIYEV
Şabran

 





21.08.2019    çap et  çap et