525.Az

Yetim qalan rübailər - Şahanə Müşfiq Oqtay Rzadan yazır


 

Yetim qalan rübailər - <b style="color:red">Şahanə Müşfiq Oqtay Rzadan yazır</b>

Cəmi üç ay sonra 85 yaşı olacaqdı. Yaşasaydı, bəlkə də, onda yubiley yazılarını yazacaqdıq. Amma təəssüf ki, avqustun 18-i səhəri bəd xəbərlə açıldı: tanınmış şair, uşaq səmimiyyətli, çılğın emosiyalı Oqtay Rza bu dünyaya gözlərini əbədi yumdu. Sosial şəbəkələr onun ölüm xəbəriylə bircə anda qaraya büründü.

Cavanları, qocaları, fərqli təfəkkürlü, fərqli fikirli insanları həmin gün birləşdirən tək şey Oqtay Rzanın ölümünə duyduqları səmimi kədər idi. Bu reaksiyadan anladığımız o oldu ki, bəzi insanlar var, neçə yaşları olsa da, nə vaxtsa öləcəyi heç vaxt ağlımıza gəlməz. Onları necə tanımışıqsa, elə o cür də xatırlarıq, sevərik. Varlığına o qədər alışarıq ki, özləri olmayanda belə hansısa sözlə, hansısa detalla yada salar, adını çəkərik. Yazıçılar Birliyi ilə Oqtay Rza tandemi də məhz bu cür idi.

Azərbaycan Yazıçılar Birliyinin səsini xəyal etmək istəsək, yəqin ki, çoxlarımızın qulaqlarına Oqtay müəllimin səsi gələrdi. Birliyə ayaq basar-basmaz mütləq hansısa otaqdan səsini eşidərdik. Ya şeir deyərdi, ya da kimləsə hərarətlə danışardı. Birlikdəki tədbirləri isə onsuz təsəvvür etmək belə mümkün deyildi. Geciksə belə mütləq özünü çatdırar, duzlu-məzəli söhbətləri, əksər vaxtlarda elə orda, iki daşın arasındaca səbəbkara həsr etdiyi rübaisi ilə məclisə rəng qatardı. Rübai demişkən, bu klassik janrın müasir dövrümüzdə yaşadan tək-tük şairlərdən biri idi Oqtay Rza. Bədahətən dediyi rübailər belə özünün məna yüküylə bəzən çoxbəndli şeirdən, hətta poemadan daha təsirli olardı.

Həmişə özü haqqında danışanda ədəbiyyatdan tamamilə uzaq bir sahəylə bağlı təhsilini, çalışdığı iş yerlərini fəxrlə vurğulayardı. İxtisasca geoloq idi Oqtay Rza. Geoloq kimi yerlə, şair kimi göylə əlləşən Oqtay Rza...

***

Rzalı Oqtay Məhərrəm oğlu (Oqtay Rza) 1934-cü il noyabrın 2-də Azərbaycanın Salyan rayonunun Qalalı kəndində doğulub. Arbatan kənd yeddiillik məktəbini bitirdikdən sonra Salyan şəhərindəki Nizami adına orta məktəbdə təhsilini davam etdirib (1948-1951). 1951-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsinə qəbul olur. Ali məktəbi 1956-cı ildə fərqlənmə diplomu ilə bitirib geoloq ixtisasına yiyələnir.

Əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlayan gənc Oqtay 1956-1961-ci illər arasında operator, baş operator, neftçıxarma ustası vəzifələrində çalışır.  Sonrakı illərdə elmi-tədqiqat işi müdafıə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alıb. Azərbaycan KP MK yanında ikiillik marksizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirib (1980). N.Tusi adına APİ-nin ümumi coğrafiya kafedrasında müəllim, baş müəllim (1966-1969), 1971-ci ildən isə hazırda isə dosent işləyir. 1959-1960-cı illərdə Bakı Sovetinin deputatı seçilib.

1961-ci ilin noyabr-dekabr aylarında Ümumdünya Həmkarlar İttifaqları Təşkilatının Moskvada keçirilən 5-ci konqresində sovet nümayəndə heyətinin tərkibində iştirak edir.

Onun ədəbiyyatla yolları hələ məktəb vaxtında kəsişir. "Bir may" adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazıb "Sosializm yolu" rayon qəzetində dərc etdirir. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olur, bədii tərcümələr də edir. Dünya xalqlarının ədəbiyyatından tərcümələri dövri mətbuatda müntəzəm çap olunur. Hələ XX əsrin 50-ci illərində, çox gənc yaşlarından gedib-gəldiyi, oradakı ustadlardan ədəbiyyatın sirlərini öyrəndiyi Azərbaycan Yazıçılar Birliyinə 1981-ci ildən üzv seçilir. Əsərləri xarici mətbuatda dərc edilib. "Kamennıy Svetilnik" şeirlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılıb. Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatıdır. Mərhum doğulduğu Salyan rayonunda torpağa tapşırılıb.

***

Mərhumun ölümüylə bağlı paylaşılan yazıların içərisində şair Taleh Mansurun xatirəsi daha çox diqqətimi çəkdi. Cəmi bir neçə gün öncə "Ulduz" jurnalı üçün şairdən müsahibə alan Taleh sonda istəyib zarafatla soruşa ki, dünyadan köçəcəyinizi bilsəydiniz son söz olaraq insanlara hansı şeirinizi deyərdiniz? Ancaq bunun uşaq təbiətli qocanın qəlbinə dəyəcəyindən qorxaraq sualını dəyişib: "Nə vaxtsa ədəbiyyatdan uzaqlaşmaq istəsəniz, sonuncu dəfə tribunaya çıxıb hansı şeirinizi deyərdiniz?" Deyəsən, Oqtay müəllim sualın əsl variantını təxmin edib və fikirləşmədən bu misralarla cavab verib: 

Dünyaya gəlmək də, ölmək də haqdır,
Gərək yaşayasan əməllərində.
Günəş də get-gedə soyuyacaqdır,
Başqası yanacaq onun yerində...

18 avqust tarixində səmimiyyət, sadəlik onunla bərabər daha bir həmdəmini itirdi. Daha Yazıçılar Birliyinin divarları o məşhur rübailəri eşitməyəcək. Elə biz də...

Allah rəhmət eləsin!

 





21.08.2019    çap et  çap et