525.Az

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var


 

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var<b style="color:red"></b>

Azərbaycanda rasionallaşdırılan məktəblərin siyahısı açıqlanıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2017-ci ildən 2019-cu ilə qədər rasionallaşdırma tədbirləri ilə əlaqədar Tovuz rayonunun Düzqırıqlı kəndindəki N.Əmiraslanov adına tam orta məktəb həmin kənddəki  1 nömrəli məktəblə, Astara rayonunun Kakalos kənd 2 nömrəli məktəbi həmin kənddəki 1 nömrəli məktəblə, Masallı rayonunun Kürdəbaz kənd ümumi orta məktəbi isə Qarğalıq kənd tam orta məktəbi ilə  birləşdirilib. Nazirlikdən bildirilib ki, zərurət olduğu hallarda rasionallaşdırma tədbirləri davam etdirilə bilər.

Ümumilikdə respublika üzrə 2018/2019-cu tədris ilinin sonuna şagird sayı 20 nəfərdən az olan məktəblərin sayı 290-dır.

Nazirlikdən bildirilib ki, hazırda Azərbaycanda 243 modul tipli məktəb var. 2019-cu ilin sonuna kimi 24 rayonda 50 modul məktəbin quraşdırılması nəzərdə tutulub. Belə ki, bəzi ucqar kəndlərdə qəzalı vəziyyətdə olan məktəb probleminin aradan qaldırılması üçün modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulub. Yeni quraşdırılacaq modul tipli məktəblərin layihəsi artıq hazırdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

 





23.08.2019    çap et  çap et