525.Az

Gəncədə yaşı 3 min ili keçən kurqanların ərazisində arxeopark yaradılacaq


 

BU MƏSƏLƏ MÜTƏXƏSSİSLƏRİN ŞƏHƏR RƏHBƏRİ İLƏ GÖRÜŞÜNDƏ DƏ MÜZAKİRƏ EDİLİB

Gəncədə yaşı 3 min ili keçən kurqanların ərazisində arxeopark yaradılacaq<b style="color:red"></b>

"525-ci qəzet"in diqqətli oxucuları Gəncə şəhəri ərazisində aşkarlanmış qədim kurqanların tədqiqatlarına başlanılması haqda iki il bundan qabaq getmiş yazını yəqin xatırlayırlar (bax "525-ci qəzet", 30 oktyabr, 2017-ci il).

Orada qeyd etmişdik ki, şəhərin  qərb istiqamətində, demək olar ki, onun yaşayış  hüdudlarında, hazırkı Heydər Əliyev parkı ərazisində,  əvvəllər  "Quru Qobu" adlandırılan yerdə  Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya  İnstitutunun ekspedisiyası tərəfindən aparılan arxeloji tədqiqatlar zamanı yaşının ilkin ehtimala görə 3300 il ətrafında olduğu güman edilən kurqanlar aşkarlanıb.

Bugünlərdə isə Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası Gəncədə, eləcə də  Goranboyda aşkarlanan kurqanların tədqiqinə start verir.

Beynəlxalq ekspedisiyanın həmrəhbərləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov və İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES) dini tədqiqatlar departamentinin müdiri, Kataniya Universitetinin professoru Nikola Laneridir.

Beynəlxalq ekspedisiyanın tərkibinə CAMNES-in Türkiyə, Qazaxıstan, Suriya, Kipr, İsrail və Gürcüstanda arxeoloji tədqiqatlar aparmış təcrübəli mütəxəssisləri - doktor Stefano Valentini, doktor Quido Quarduççi, Ka-Foskari Venesiya Universitetinin keramika mütəxəssisi, doktor Lorenso Kresçioli, bərpaçı Karan Abend, həmçinin, Türkiyənin Hacettepe Universiteti Antropologiya bölümünün professoru, bioarxeoloq Yılmaz  Selim Erdal və Fransanın Lion-2 Universitetinin bioantropoloqu, doktor Modvin Polmark daxildirlər.
Ekspedisiya ötən il Gəncə şəhəri ətrafındakı son tunc - erkən dəmir dövrünə və Goranboy rayonu Qaradağlı kəndi ərazisində aşkar edilmiş ilk tunc dövrünə aid kurqanların ilkin tədqiqatında da iştirak edib.
Beynəlxalq ekspedisiyanın rəhbərləri  Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüşüblər. Görüşdə həmçinin, AMEA-nın Gəncə bölməsinin sədri, AMEA-nın həqiqi üzvü, professor Fuad Əliyev və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov da iştirak ediblər.

Müzakirələrdə Gəncə şəhəri ətrafında aparılan tədqiqatlar  zamanı aşkarlanan kurqanlardan ibarət arxeoparkın yaradılması ideyası dəyərləndirilib. Qeyd olunub ki, unikal arxeoparkın mövcudluğu ictimaiyyətin, mütəxəssislərin  həmçinin, turistlərin Gəncəyə diqqətini daha da artıra bilər. Yaradılması nəzərdə tutulan arxeoloji parkın maket-sxemi də maraq doğurub.

Vurğulayaq ki, qədim kurqanlar arxeoloji tədqiqatların ən əhəmiyyətli obyektlərindən sayılır. Həmçinin, bütün dünyada coğrafi və elmi mənada geniş işlədilən  "KURQAN" ifadəsi haqda azacıq linqvistik araşdırma yetərlidir ki, bu sözün mənşəyinin nəyə bağlı olduğunu yəqin edəsən. Dilimizdə olan hazırkı ədəbiyyat bu sözün mənasını müxtəlif versiyalarla izah edir. Halbuki 19-cu əsrin axırları - 20-ci əsrin əvvəllərinə aid rus dilində olan bir sıra elmi mənbələrdə "KURQAN" ifadəsinin qədim Türk sözü olub, "GORGAN" yəni gör yeri, məzar, dəfn yeri anlamına gəldiyi bildirilir. Elə aşkarlanan kurqanların hamısında qəbirlərə rast gəlinməsi də bu türk ifadəsinin, yəni "GORGAN"ın  doğruluğunu  sübut edən ən böyük dəlildir.
Azərbaycan coğrafiyası da kurqanların çoxluğu ilə seçilir.

Təkcə Gəncə şəhəri ərazisi hüdudlarında ilkin tədqiqatlar nəticəsində  62 kurqan qeydə alınıb. İndiyədək aparılan tədqiqat işləri zamanı burada müxtəlif yöndə - şimal-qərb, yaxud cənub-şərq istiqamətində qazılmış və içərisindən boyu 2 metrə yaxın, bükük vəziyyətdə dəfn edilmiş insan  skeleti olan qəbirlərin dördkünc və ya dairəvi formada olduğu, bu kameraların ağac tirlərlə örtüldüyü, üzərində isə çay daşlarının düzüldüyü müəyyənləşdirilib.

"Arxeoloji qazıntıya cəlb olunan Gəncə kurqanları Son Tunc - Erkən Dəmir  dövrünün maddi-mədəniyyət abidələridir. Bu kurqanlar Xocalı-Gədəbəy mədəniyyətinə aid edilsə də, dəfn kameralarının  müxtəlif istiqamətlərdə qazıldığı çox maraqlı bir faktdır ki, bu da görünür, həmin dövr insanlarının dini inanclarında, yaxud dəfn adətlərində mövcud olan müxtəlif fərqliliklərlə bağlıdır" - deyə ekspedisiyanın rəhbəri Bəxtiyar Cəlilov bildirib.

Kurqan kameralarından tapılan müxtəlif təyinatlı və formalı saxsı qablar, tunc asma bəzək əşyaları, müxtəlif ölçülü tunc düymələr, tunc və əqiq muncuqlar, ox ucluqları, daş toppuz və digər maddi-mədəniyyət nümunələri  də tədqiq edilir.

Zakir MURADOV
Gəncə

 





24.08.2019    çap et  çap et