525.Az

Son ada - Türkan Turan yazır


 

Son ada - <b style="color:red">Türkan Turan yazır </b>

Gözünüzün qarşısına bir ada gətirin. İnsan əli dəyməmiş, dənizi mavi, şəffaf, dumduru, günəş üzərindən boylandıqca işım-işım işıldasın. Bir növ akvariuma bənzəsin, rəngarəng balıqları, valeh edən kiçik körfəzləri olsun. Hər tərəfi yaşıllıq, bir-birinin içərisinə keçən ağac budaqlarından çardaq kimi kölgəliklər boylansın. Sahibi isə istər yağışda, istər küləkdə, istərsə də qarlı havada uçuşan, ilk baxışda gözə ruh kimi görünən qağayılar olsun. Gecələri yasəmən qoxusu aləmi bürüsün, çiyələyin, moruğun ətri hər tərəfə yayılsın. Yayda da, qışda da eyni iqlimi olsun. Hə, bura "Son Ada"dır.

İnsan əli dəyməyən, karvan keçməyən, köç edilməyən bu yeri illər əvvəl varlı bir iş adamı alır. Ömrünün son dəmlərini adada keçirməyə qərar verir və özünə gözəl bir villa tikdirir. Xidmətçiləri, aşpazları, bağbanı ilə birlikdə həmin villaya köçür. Ehtiyaclarını həftədə bir dəfə gələn gəmi gətirir. Lazımi sifarişlər də ona verilir. Bir müddət bu cür yaşamağa davam edir. Günlər günləri, aylar ayları əvəzləyir. Bir gün villa sahibi təklikdən sıxıldığını hiss edir. Bir neçə qohumuna adaya köçüb, ev tikərək yaşaya biləcəkləri xəbərini göndərir. Cəmi 40 evin inşasına icazə verir. Çünki adanın təbiiliyinin pozulmağını istəmir. Yeni gələnlər onun evindən iki dəfə daha kiçiyini tikərək şəhərin tozundan, dumanından, qarışıqlığından, gərginliyindən uzaqda, günlərini balıq tutaraq, dənizdə üzüb, qumlarda günəşlənərək keçirməyə başlayırlar. Bir gün qohumları adaya yığıb gətirən, böyük villanın sahibi ölür. Ev oğluna qalır. Oğlu isə şəhər həyatından qopmayacağını anladığı üçün villanı satmağa qərar verir. Elə fəlakət bundan sonra başlayır. Adanın taleyi də, tarixi də həmişəlik dəyişir.

Söhbət Zülfü Livanelinin müəllifi ol duğu, insanı nəfəs dərmədən oxumağa sövq edən "Son Ada" kitabından gedir. Kitabda insanların öz həyatlarını necə məhv etdiyini, təbiəti necə viran qoyduqlarını, içimizdəki ən fağır insanın belə şərtlərə görə necə qatilə çevrilə biləcəyini göstərir. Böyük yazıçının bu bənzərsiz romanında insan xisləti ilə avtoritarlıq qarşı-qarşıyadır. Yazıçı bu əsərində insanları dünya ilə bağlı yenidən düşünməyə vadar edir.

Kitabda bəhs edilən hadisələrin son dönəmlərdə dünyanın bir çox yerlərində, xüsusilə Türkiyədə baş verənlərlə bənzərliyi gözdən qaçmır. Hamı Cənnət Adasında şad-xürrəm, sevgi, sevinclə yaşayarkən təqaüdə çıxmış çevrilişçi nazirin bir nömrəli villanı almağı ilə bütün daşlar yerindən oynayır. Mədəniyyət, rifah, zənginlik, demokratiya qavramları ilə insanların gözünü bağlayaraq Adanın idarəçiliyini ələ keçirmək istəyir. Öz əməllərinə bir də din, dil, irq, hamımız qardaşıq deyərək fərqli bir don geyindirir. Adalıların meydanlarda, küçələrdə bu mövzulardan danışmağı isə yavaş-yavaş ona inanmaqlarından xəbər verir. Getdikcə onları yıxmağa, dağıtmağa, istifadə etməyə hazır vəziyyətə gətirir. Məhv etməyi insanların beyninə normal halmış kimi yeritməyi bacarır.

Romanın xarakterləri də olduqca düşündürücüdür. Ada bir ölkəni, adadakı 40 ev xalqı, 1 nömrəli ev sərmayəni, yazıçı müxalif fikirləri, Lara xarakteri uzaqgörən, zərif, amma güclü qadınların olduğunu, dükan satıcısının oğlu xalqın içindən çıxan ağıla gəlməyən qəhrəmanı, çevrilişçi nazir isə gücə səcdə edən, öz mənafeyini hər şeydən üstün tutan diktatoru, onun adamları isə iqtidarın əmrindəki silahlı qüvvələri təmsil edir.

Hər cümləsinə demokratiya, mədəniyyət ilə başlayıb, ölüm, şiddət və yox etmək ilə sonlandıran bu diktatorun danışıqları insanı düşünməyə vadar edir. Güc asılılığı olan bu adam onu əldə tutmaq üçün hər yola əl atır. Öz qorxuları artdıqca, ətrafdakıları da qorxaq hala salır. Öldürməyin haqlı səbəblərindan danışa-danışa bunu insanlar üçün adi hala çevirir. Bu cür davam edərək adadakı bərabərliyi pozur. Ortaq düşmən yaradaraq hamını şəxsi maraqları uğrunda meydana itələyir. İnsanlar da kor-koranə şəkildə ona inanmağı seçirlər. Baş verən zalımlığa etiraz edən bir neçə adalı və səsini ən sərt şəkildə çıxardan təbiət və qağayılar olur. Adalılar təbiətlə savaşmağın necə axmaq hərəkət olduğunu iş-işdən keçdikdən sonra anlayırlar. Şəhərdən adaya gələrək, qağayılarla rahat şəkildə yaşamaq əvəzinə, onlara düşmən kəsilirlər və beləliklə, öz sonlarını hazırlamış olurlar. Xoşbəxt günlərdən əsər qalmır. Mehriban şəkildə bir-biri ilə qonşuluq etdikləri halda, bir-birinə düşmən kəsilirlər. Vicdanlarını arxa plana ataraq, "demokratiya, və "mədəniyyət" müharibəsinə qoşulurlar. Vaxtaşırı bütün bunların əbəs olduğunu dilə gətirəcək kimi olsalar da, diktator onlara mütəmadi olaraq düşmənimin düşməni dostumdur, uğursuzluğun nəticəsi idarəçilik yox, müxalifətdir, demokratiya üçün yalan danışıla bilər prinsiplərini aşılayaraq beyinlərini yumağa müvəffəq olur. Hər şeyi dağıdıb, alt-üst etdikdən sonra günahkar axtarışına çıxırlar. Buna görə yazıçı "bir yerdə pislik varsa, orada hamı bir az suçludur" deyir. Oxuduqca insanın necə dəhşətli məxluq olduğunu düşünürsən. Zalımlıqları, törətdiyi dəhşətli əməlləri göz önünə gəlir. "Son Ada"nı səhifələri bitib, cümlələri yaddaşa həkk olunan romanlardan biri hesab etmək olar.

Sonluğu kitabda oxuduğum və ömürboyu qulağımda sırğa edəcəyim bir replika ilə tamamlayıram.

Peyğəmbəri dağa doğru qaçarkən görənlər, "Ey İsa, aslandanmı qaçırsan" deyə sual veriblər. O, "yox!" deyib. "Əjdahadanmı qaçırsan?" deyiblər, o, yenə "yox" deyib və əlavə edib: "Mən peyğəmbərəm, aslandan, əjdahadan qorxmuram". Yaxşı, bəs, niyə qaçırsan soruşublar. "Axmaqlardan qaçıram, çünki onlarla başa çıxa bilmərəm" deyib İsa.

 





24.08.2019    çap et  çap et