525.Az

"Cogito ergo sum" - Taleh Eminoğlunun yazısı


 

"Cogito ergo sum" - <b style="color:red">Taleh Eminoğlunun yazısı </b>

Fransız filosof Rene Dekart 1637-ci ildə çap etdirdiyi "Metod haqqında fikirlər" kitabında "Cogito ergo sum" (Düşünürəm, deməli, varam) ifadəsini işlətmişdi. Dekartın fəlsəfəsinin təməli demək olar ki, tamamilə bu sözlə bağlıdır. Bu ifadə eyni zamanda, ekzistensializm fəlsəfə cərəyanının da təməlində dayanır.

"Düşünürəm, deməli, varam" ifadəsindən yola çıxaraq bir çox fəlsəfə tarixçisi Dekartı şübhəçi adlandırır.

Bunun həqiqətənmi belə olduğunu demək çətindir, amma dəqiq bilinən odur ki, Dekart şübhədən tədqiqatını tamamlamaq üçün istifadə etmişdi. Məsələn, əlinizdəki qəzetdən və ya kompyuter arxasında oturub qəzetin elektron versiyasından bu yazını oxuyursunuz. Bundan əminsiniz? Bəlkə də yatırsınız və bunu yuxuda görürsünüz. Hətta bəlkə mən belə bu yazını yazmamışam. Dekartın da istifadə etdiyi bu, şübhəçilik idi. Onun fikrinə görə, insan var olmasının reallığından başqa, hər mövzuda aldadıla bilər. Bəs var olduğuna niyə şübhə etməməli, bunu tam reallıq kimi qəbul etməlidir? Dekart üçün cavab sadə idi: Əgər düşünürsənsə, deməli, varsan. Dekartın dili ilə desək, "Bədənim olduğundan, ətrafda nəsnələrin mövcudluğundan şübhələnə bilərəm. Amma düşünən bu şeyin mən olduğumdan şübhələnə bilmərəm".

Düşünmək elə bir fəaliyyətdir ki, insanın təkcə varolduğunu demir, eyni zamanda, ona azadlığı daddırır.

Əlləri, ayaqları zəncirlənmiş insan fiziki cəhətdən azad olmaya bilər (bu, heç nəyi dəyişdirmir), amma düşüncə baxımından azaddır.  Düşündüyünü dilə gətirməmək bu azadlığı məhdudlaşdırmır. Çünki dilin sərhədləri olduğu halda, düşüncə sonsuzluqdur.

Düşünmək digər tərəfdən də ölməməkdir. Kiminsə səni düşündüyünü düşünmək, bunu bilmək insanı ölümsüzləşdirir.

Düşünmək həm də nəyisə yaratmaq, nəyisə "doğmaqdır". Ətrafımızda olan nəsnələr düşüncələrin nəticəsi deyilmi?!

Lakin Dekart "Düşünürəm, deməli, varam" deməklə düşünən hər şeyin varola biləcəyini nəzərdə tutmur. Bu fikrin Dekartın zamanında doğru olub-olmadığı deyə bilmərəm, amma bu gün üçün mütləq şəkildə doğruluq payı var.

Bu gün artıq düşünmək dəbdə deyil. Çünki artıq fərd olmaq anlayışı dəyişib, daha doğrusu, dəyişdirilib.

Günümüzdə insan istədi-istəmədi hansısa kütləyə daxil olur, onun bir parçasına çevrilir. Kütlə içində olan insanın fərd olmasını təsdiq etməsi üçün isə özünün sadəcə onda olduğunu zənn etdiyi, amma əslində, o kütlədə bir çoxunda mövcud olan nəsnələrə ehtiyacı var. Çox az insan (fərsiz, zamanə adamı deyil dediklərimiz) kütlədən kənarda qala bilir.

Necə oldu ki, düşünmək dəbdən düşdü? Çünki düşünmək insanın özünə məxsus fəaliyyətdir və insan varolduğunu özlüyündə dərk edir. Ətrafdakılara isə varolduğunu bu yolla çatdıra bilməzsən. Bunun üçün bir yol tapmaq lazım idi və insanoğlu öz zərərinə olsa da, bunu tapıb - Göstərməklə. Artıq "Düşünürəm, deməli, varam" ifadəsindəki "düşünürəm sözünü "göstərirəm" əvəz etməyə başlayıb.

Bir çox intellektual və aydının bu cür düşünməsinin doğru olduğuna bir müddət əvvəl insanlara biznes təlimləri keçən bir şəxsin ofisdə divara həkk etdiyi "Düşünmə ki, varsan, göstər ki, varsan" ifadəsini görəndən sonra inandım.

Göstərərək varolmağa çalışmaq kapitalist fəaliyyətdir. İnsanlar arasında mal-mülk, bahalı əşyalar, geyimlər əldə etmək yarışı başlayır. Buna rəqabət demək olmur, çünki bu prosesdə heç bir insani qayda-qanun nəzərə alınmır. Milyonlarla insanın içindən özünü göstərmək elə də asan deyil. Lazım gəldikdə əzməlisən, məhv etməlisən.

Bu gün bizi başqalarına təqdim edən şeylər əlimizdə, cibimizdə, çantamızda daşıdığımız nəsnələrdir. Sizin kim olduğunuz evinizə "Əla", yoxsa "Bazar" mağazalar şəbəkəsindən alış-veriş etməyinizlə müəyyən edilir. Bir qəpik belə olsa bahalı yerdən nə isə almaq sizi başqaları üçün var edir. İnsanlar soldakı cibini boşaldaraq sağdakı cibinə son model bahalı telefon qoymaqla varolur.

Hətta necə yaşadığını, nələrlə qidalandığını sərgiləmək üçün müəyyən vasitələrə də sahibdir insanoğlu. Bir vaxtlar zamanı dondurmaq mənasına gələn şəkil çəkdirmək fəaliyyəti indi insanın bir neçə şəxslə eyni anda yarışıb kimin o an daha yaxşı varolduğunu göstərən vasitəyə çevrilib. Sosial şəbəkələr şəkillərlə dolub daşır və siz kiminsə var olduğunu oradan bilirsiniz. Zamanında "Facebook"da dostluğumda olan bir şəxs şəkillərini "like" etmədiyim üçün məni dost siyahısından silmişdi. Çünki varolduğunu mənə göstərdiyi şəkillərini bəyənmirdim və onun varlığı mənim üçün heç bir məna kəsb etmirdi. Bir şeyi də qeyd etmək lazımdır ki, hətta kiminlə dost, sevgili, düşmən olduğunuz belə sizin varlığınızı göstərən vasitələrdir.

Nələrinisə, kimlərinisə göstərərək varolmaq sonu olan fəaliyyətdir. Həm göstəriləcək nəsnələrin, həm də elə insanlığın sonu baxımından. "Cogito ergo sum" isə əllə tutula bilən hər şeydən uzaqdır. O, sizin beyninizdədir və sonsuzdur. Bu yazını oxuduğunuza tam əmin olmadığınız halda düşünərək varolduğunuza tam əmin ola bilərsiniz. Bu haqda düşünün.

 





24.08.2019    çap et  çap et