525.Az

Bəxtəvər kişi - Nuranə Tağıyeva yazır


 

Bəxtəvər kişi - <b style="color:red">Nuranə Tağıyeva yazır </b>

Hərdən gedirəm o evə. Elə indi də ordayam. Xatirələrimizi yaşadıram, imkan vermirəm yox olsunlar. Sahib çıxıram sənin tərk etdiyin sevgiyə, sevgimizə, sevgimizin hər zərrəsinə. Mən sən ola bilmirəm. Bağışla məni. Sevginin geri gətirə bilmədiyi səni mərhəmətinin gücü gətirəcək deyə ümidlə gözləyirəm. Mən darıxmağa başlamışam, bilirsənmi? Düzünü de, sən də darıxmısanmı? Doğurdanmı şəklimə heç baxmırsan, səsimi heç arzulamırsan? Bəs, gözlərimi necə? Onları da unutmusan yoxsa?

Evdə hər şey yaxşıdır. Sadəcə, bir neçə hiss tələf olub, bir neçə xatirə isə yaralıdır. Qalan hər şey bildiyin kimidir. Hərdən sən də gəl evinə. Qorxma, elə də incitmir xatirələr. Bəzən bir ox batıb çıxır, o qədər. Sən mənə baxma. Məni yaralayır batan oxlar. Mən dözümsüzəm, axı. Mən qalanam, axı. Sən daha güclüsən. Sən gedənsən. Sən qalandan möhkəmsən. Sən bu zəif qadının tükənməyən ümidisən. Çəkinmə, axı, sən bilirsən ki, andım var. Səni heç vaxt narahat etməyəcəyəm demişdim. Bir ölünün əziz xatirəsini dilləndirdim o gecə. Əmin ol, gəldin deyə səni geri dönməyə məcbur etməyəcəyəm. Qorxma, keçən dəfəki yazımda gördüyün qədər də nifrət bəsləmirəm sənə. Ya da gəlmə, vaz keçdim. Gedişin məni yazdırır. Yoxluğun mənə sənət verib. Bir qadının tək peşəsi yazmaq olub. Səni yazmaq. Həsrət sənə bir ad verib: Bəxtəvər kişi. Necə bəxtəvərsən, bir bilsən. Bir qadın səni yazır. Hər kişiyə nəsib olmur belə qadın. Sənə bir söz də deyim. Bilirsən, mən özümü sənsiz də qoruya bilirəm. Sənə həsr olunan yazılarımı oxuyanlar səni qısqanırlar. Məndən uzaqlaşırlar. Uzaqlaşmaqlarının səbəbkarı kimi yazılarımdaki səni göstərirlər.

Bəlkə də, əlimdən gələn tək şey yazmaqdır. Bəlkə də, çarəsizlik yazdırır məni. Bilmirəm, yalan deyərəm. Amma sən məni yaxşı tanıyırsan. Çox qərarsız biri olduğumu, bu gün bir, sabah başqa fikrə düşə biləcəyimi yaxşı bilirsən. Yəni hər sözümdən yola çıxaraq qərar vermə. Sən, yaxşısı budur, məni dinləmə. Sən özünü dinlə. Ürəyinin səsini dinlə. Səndən bir şey xahiş edə bilərəm? Qərar verərkən ağlına kilid vur. Səni məndən edən o beyindəkiləri bir anlıq unudub sonra qərar ver. Yox, içindən gələn o səs hələ də bitdi desə, bil ki, evimizin çırağı əbədi sönəcək. Bu dəfə öz-özünə tələf olan hisslərin adı ölü, o birilərinin adı isə şəhid olacaq. Onları mən qətlə yetirəcəyəm... 

Gördüyün kimi, hər şeyə bir çarə tapıram. Hər şeyin bir yolu olduğunu bilirəm. Bilmədiyim tək şey budur: Görəsən, məni kim öldürəcək?!

Mən hər gün öz-özümü aldadıram. Güclü olduğuma inandırıram özümü. Mənə deyirlər  ki, kişilər güclü qadınları sevirlər. Səni geri gətirmək üçün güclü qalmağa başlamışam. Ən azından elə imic yaradıram. Əslində, bilirsənmi bu, nəyə bənzəyir? Açarı itən qapını qol gücümlə açmağa çalışıram. Çünki gedərkən o açarı hara qoyacağını deməmişdin. Bəlkə də, dənizə atmısan. Dalğaların axarında başqa qadınlara, başqa əllərə keçib. Kim bilər. Görürsənmi nə haldayam? Kim idim, kim olmuşam. Güclü qalmaq, susmaq kimi lazımsız işlərlə məşğulam. Axı, mən böyük sevgilərin qadınıydım. Bu işlərsə kiçik və uydurma sevgilərə aiddir. Heç sevən də sevənini geri gətirmək üçün çalışarmı?

Gərək nankorluq etməyəydin. o açarın yerini deyərdin. Kaş bu səbəbdən gedirəm deyəydin. Onda mən bu gün itmiş bir açarın arxasınca sürünməzdim...

 





27.08.2019    çap et  çap et