525.Az

"Azərbaycanda tanınıb-sevilməyimdən qürur duyuram" - Yıldız Kültürlə müsahibə


 

TÜRKİYƏLİ AKTRİSA YILDIZ KÜLTÜR: "FİLM VƏ SERİALLARDA DAHA ÇOX ANA ROLLARINA ÇƏKİLMƏYİM İŞİMİ XEYLİ ASANLAŞDIRIR"

"Azərbaycanda tanınıb-sevilməyimdən qürur duyuram" - <b style="color:red">Yıldız Kültürlə müsahibə </b>

Onun Bakıda olduğunu bilmirdim. Başqa bir müsahibəyə gedərkən xoş bir təsadüf nəticəsində qarşılaşdıq.

Əlbəttə, çox azərbaycanlı tamaşaçı kimi mən də onu "Aşka sürgün", "Küçük sırlar", "Kocamın ailesi" və digər seriallarla, "Issız adam" filmi ilə tanımışdım. Ona görə də bir növ hazırlıqsız olsam belə, Azərbaycanda da geniş tanınan, çox sevilən türkiyəli aktrisa Yıldız Kültürlə qəzetimiz üçün söhbətləşmək şansını əldən verə bilməzdim. Adətən, müsahibəyə gedərkən öncədən hazırladığım qara üzlü dəftərimin Yıldız xanım üçün ayrılmış səhifəsi olmasa da, mənim ürəyimdə onunla maraqlı söhbətə yetəcək suallarım, fikirlərim çox idi. Bu təsadüfi görüşümüz də, teatr, serial, aktyorluq sənəti, mədəniyyət və Azərbaycan haqqında xoş bir söhbətə çevrildi:

"Bu, Azərbaycana ilk səfərimdir. Bakını çox sevdim. Azərbaycanın bizə dost və qardaş ölkə olduğunu deyənlər haqlıdırlar, həqiqətən də eləsiniz. İnsanlarınız çox səmimi, istiqanlı, sevgiylə doludurlar. Məni gözləmədiyim dərəcədə xoş qarşıladılar. İnanın ki, bu sevginin qarşısında çox duyğulandım.

Demək olar ki, bütün Bakını gəzdik. Amma məni daha çox burada sənətçiyə verilən dəyər heyran elədi. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin, həyat yoldaşı Zərifə Əliyevanın, bundan başqa, dəyərli sənətçilərin məzarlarını ziyarət etdik.

İçərişəhər çox gözəldir. Gəzdikcə çox bəyəndim. Ən çox da tarixi binaları sökmədən, olduğu kimi saxlamağınız xoşuma gəldi. Keçmişinizə sahib çıxırsınız. Çünki keçmişdə tikilən binaları, tarixi abidələri qoruyub saxlamaq lazımdır.

Təəssüflər olsun ki, azərbaycanlı sənətçilərdən heç kimi tanımıram. Bu, mənim ayıbım olsun. Amma mahnılarınızı çox sevirəm. "Ayrılıq" mahnısı üçün ölürəm. Onun mənim könlümdə ayrı bir yeri var.
Əslində, Azərbaycandan bir layihə ilə bağlı təklif gəlmişdi. Amma həmin vaxt çəkildiyim serialın rejissoru uzun müddət üçün icazə vermədi. Gəlməyi çox istəsəm də, alınmadı. Bu dəfə isə təklif gəlsə, qəbul edəcəyəm".

Uzun illər teatr aktrisası kimi çalışan 74 yaşlı Yıldız xanımın seriallara bu qədər gec başlamasının tarixçəsi də maraqlıdır:

"1962-ci ildə Ankara Dövlət Konservatoriyasını bitirdim. Bizdə teatrlarda ən çox konservatoriya məzunları işləyirlər. Amma özəl teatrlarda kənarda təhsil almış bir çox sənətçilər də var. Onları da təqdirlə izləyirik. Teatr çox çətin sənətdir. Çünki orada tamaşaçıyla baş-başasan. Səhv etdiyində düzəltmək, yenidən oynamaq şansın yoxdur. Son dərəcə peşəkar olmalısan. Səhv etməməlisən. Filmdə, serialda isə səhv edərkən geriyə dönə bilirsən.

Mən ancaq təqaüdə çıxdıqdan sonra seriallarda çəkilməyə başladım. Ankarada işləyirdim. Həyat yoldaşımı isə İzmirə qastrol səfərinə getdiyim zaman tanıdım. Həyat yoldaşım psixiatriya professoru idi. Orada işləyirdi. Evlənəndən sonra İzmirə köçdüm. Ondan sonra təsadüfən teatrın bir bölümünü İzmirdə qurdular. Mən də həyat yoldaşıma görə təyinatımı ora istədim.

Həmin vaxtlarda mənim seriala çəkilmək şansım yox idi. Çünki bildiyiniz kimi, bütün seriallar İstanbul və Ankarada çəkilir. Bizim isə hər axşam tamaşamız olurdu. Beləcə İstanbula gedib çəkilişlərə qatılmağımız mümkün deyildi. Ona görə də mən ekrana çox gec çıxdım. Teatrda hər kəs tanıyıb sevsə də, ekranda çox gec məşhur oldum (gülür). Təqaüdə çıxmağıma iki il qalmışdı, serial üçün gələn təklifi qəbul elədim. İlk serialım "Aşka sürgün" oldu. Bakıda da hər kəs məni o serialda oynadığım rolla tanıdı. Serialın bu qədər sevildiyini bilmirdim. Amma "Issız adam"dan da tanıyanlar oldu. Bilirəm ki, Azərbaycanda Türkiyə serialları çox izlənilir. Şəxsən özümə gəldikdə, Azərbaycanda tanınıb-sevilməyimdən qürur duyuram".

Türkiyə seriallarından danışarkən son zamanlar müşahidələrimə əsasən gəldiyim qənaəti Yıldız xanımla da paylaşdım. Mənə görə seriallar artıq mövzu, sujet və aktyor seçimi ilə bir-birinə bənzəyirlər. Görünür, müsahibim də o fikirdədir:

"Tamamilə haqlısınız. Çəkilən bütün serialları izləmək şansımız yoxdur. Çünki biz özümüz də gərgin qrafiklə işləyirik. Çox zaman çəkildiyimiz serialı belə izləyə bilmirik. Amma sənin sözlərinlə razıyam. Həqiqətən də 3-5 seriyadan sonra filmlər bir-birinə bənzəməyə başlayır. Hansısa serialda reytinq yığan səhnəni fərqli şəkildə yazırlar, ona görə də bənzəməyə başlayırlar. Sanki artıq mövzu bitir. Məncə, bir serial bir mövsüm getməli və vaxtında bitməlidir. Məsələn, "İkinci bahar" serialını çox sevərək izləmişdim. Həmin vaxtlarda teatrda işləyirdim. Onun bircə seriyasını qaçıranda belə çox məyus olurdum. Həmin serial o qədər doğru zamanda bitdi ki... Bir də elə bir serial çəkilmədi.

Hazırda "Bir zamanlar Çukurova" serialını izləməyə çalışıram. Həmçinin, "İstanbullu gəlin" serialını izləmişəm, Aslı Ənvəri çox bəyənirəm.

Ümumiyyətlə, məncə, seriallar, filmlər maarifləndirici olmalıdır. Çünki onların cəmiyyətə birbaşa təsiri var. Əgər dərindən araşdırsaq, o qədər cahil insanlar var ki, bu xalqın içərisində. Biz boşunamı illərdir yorulmadan "təhsil, təhsil" deyirik?! Xalq televizora baxır, "ordakı bunu edirsə, mən də edə bilərəm" deyir. Ona görə də seriallar, proqramlar maarifləndirici olmalıdır. Maarifləndirici verilişlər artmalıdır.

Ədəbiyyatı, kitabı çox sevirəm. Gənckən Dostoyevskini çox sevərdim. Onun demək olar ki, bütün kitablarını oxudum. Nazim Hikməti çox sevirəm. Onun həyatı həmişə məni hüzünləndirib. Bu qədər böyük bir dəyərin sağlığında o qədər ağrılar çəkməsi, təzyiqlərə məruz qalması çox kədərlidir. Həmişə onun şeirlərini hüznlə oxuyuram. Kaş ki, Nazim Hikmətin anası rolunda çəkilmək şansım olaydı. Onu canlandırmağı çox istərdim.

Yazıçılarımızdan Əziz Nesinin, Yaşar Kamalın adını çəkə bilərəm. Teatrdaykən Əziz Nesinin bir pyesində rol almışdım. Yaşar Kamalın əsərlərini xəstəlik dərəcəsində çox sevirəm. Orxan Pamukun əsərləri də yaxşıdır, amma nədənsə, mənə həmişə uzun təsiri bağışlayır. Sanki gərəksiz detallara çox yer verir. Bəlkə də yazıçının dilindən asılıdır. Bəzi yazıçıların əsərləri uzun gəlir adama, bəzilərinki isə oxuyarkən sanki şeir kimi axır. Əslində, oxuduğum, bəyəndiyim çox şairlər, yazıçılar var. Azərbaycan ədəbiyyatından Nizamini, Füzulini, Nəsimini, klassiklərinizi tanıyıram, oxumuşam".

Müasir rejissorlarla bağlı isə olduqca yüksək fikirdədir həmsöhbətim:

"Rejissorlardan Çağan Irmakla, Mahsun Kırmızıgüllə birgə işləmək çox gözəldir, zövqlüdür. İkisi də işinin peşəkarıdır. Ümumiyyətlə, çəkilişlər zamanı məni çətinə salan demək olar ki, heç nə baş vermir. Çünki o obraza girirəm, onun hisslərini yaşayıram. Yaşamasam, onu mənimsəməsəm, obraz yarada bilmərəm, yalandan ağlamağı bacarmıram. Film və seriallarda daha çox ana rollarına çəkilməyim işimi xeyli asanlaşdırır. Çünki həyatda da anayam və analıq duyğusuna çox yaxşı bələdəm. Bir ananın, qadının psixologiyasını da bilirəm. Bizim işimiz müşahidələrə əsaslanır. Mən də hər zaman müşahidə edirəm. İnsanları, həyatı... Sabah ona bənzər xarakter gələndə onu canlandıra bilim deyə.

"Rejissorların söylədiklərinin hamısını edirik" deyə bilmərəm. Daha doğrusu, rejissorlar da bizim işimizə çox müdaxilə etmirlər. Bəzən ssenaridə razılaşmadığımız məqamlar olursa, çəkilişdən öncə danışıb, təkliflərimizi edirik. Rejissor da uyğun görürsə, dəyişib o cür edirik. Bu, çəkiliş əsnasında baş vermir. Adətən, çəkilişdən öncə artıq nəyi necə edəcəyimizi bilirik. Mən hər zaman rejissora hörmətlə yanaşıram. Çünki əsas şəxs odur. Heç vaxt rejissorlarla mübahisə etməmişəm.

Başqa rejissorlardan Nuri Bilgə Ceylanla işləməyi çox istərdim. Əslində, o, məni bir işlə bağlı görüşməyə çağırmışdı. Amma həmin vaxt həyat yoldaşım rəhmətə getdi və mən onunla görüşə gedə bilmədim. Sonra isə bir fürsətimiz olmadı. Əgər olarsa, məmnuniyyətlə qəbul edərəm. Zəki Dəmirkubuzla heç işləməmişəm, tanımıram, amma işlərini çox bəyənirəm. Hamısı mükəmməldir. "Aşka sürgün"ü ilk çəkən Camal Şanı çox sevirəm. Övladım kimidir. Peşəkarlığına da həmişə güvənirəm".

Yıldız xanımı ekranda ailəsinə, övladlarına bağlı, ailəsinin şərəfini hər zaman uca tutan ana rollarında tanıyıb-sevmişik. Görəsən, həyatda necə bir anadır?

"Həyatda da yaxşı ana olduğumu düşünürəm. Ən azından həmişə buna çalışmışam. Bir oğlum var. Ona qoyduğumuz ən böyük miras yaxşı təhsildir. Mühəndisdir. Amerikada böyük bir firmada praktika keçdi. Bir də balaca nəvəm var. Sevgi dolu ana, şəfqətli bir nənəyəm. Onu da oynadığım filmlərdə, seriallarda ekrandan tamaşaçıya ötürə bilirəmsə, xoşbəxtəm.

"Issız adam" filmindəki ana obrazını çox sevərək, halına yanaraq oynadım. Hətta ilk dəfə izləyəndə oturub ağladım və "yaxşı ki də mənim belə bir oğlum yoxdur" dedim. Hələ də belə bir oğlum olmadığı üçün şükür edirəm. Çox uzun müddət çalışmadım o rol üçün, çox böyük əmək vermədim. Çünki rejissor Çağan Irmakın tərzi də budur. O, bir səhnəni dəfələrlə çəkməz. Aktyoru da çox yormaz. Amma mən rolumu sevərək oynadım. Bəlkə ona görədir ki, insanlar da onu çox sevdilər".

Söhbətimizin sonunda Yıldız Kültür sevənlər üçün müjdəli xəbər də aldıq. Dediyinə görə, bir müddətdir seriallarda görmədiyimiz aktrisa, bu mövsüm yenidən ekranlara dönəcək. Ondan öncə isə Türkiyədə sənətə, sənətçiyə verilən dəyərlə maraqlandıq. Deyəsən, aktrisanın razı olmadığı bəzi məqamlar var:

"Sənətçi sağ ikən mükafatlandırılmalıdır ki, o da zəhmətinin bəhrəsini görsün. Bir sənətçiyə öləndən sonra verilən dəyər yersizdir. Özüm görməyəndən sonra mənə verilən dəyər nəyimə lazımdır?

O ki qaldı yeni seriala... Qaziantepdə çəkilən seriallardan birindən təklif gəlsə də, ora gedib-gəlmək mənim üçün çətin olduğundan qəbul etmədim. Çəkilişləri İstanbulda olan seriallarda rol almaq istəyirəm. Çünki yaşım az deyil. Hazırda danışıqlar gedir.

Sentyabrdan tamaşaçılar məni yeni serialda görə biləcəklər. Sadəcə, hansı serial olduğunu özüm belə dəqiq bilmirəm. İşləmək məni həvəsləndirir. Özümü daha enerjili hesab edirəm. Hələ gənclərlə birgə işləmək, onlarla yaxşı mənada ayaqlaşmaq məni daha güclü və gümrah hiss etdirir.

Keçən il heç bir iş görmürdüm, elə o zaman da xəstələndim. Ağlıma yaşadığım pis hadisələr gəlirdi. İşləyəndə isə daha dinamik oluram. Həm də idmanı çox sevirəm. Üstəlik, yeməyimə də fikir verirəm".

Şahanə MÜŞFİQ

 





04.09.2019    çap et  çap et