525.Az

Kəbirli elinin tarixinə dair maraqlı tədqiqat əsəri


 

Kəbirli elinin tarixinə dair maraqlı tədqiqat əsəri<b style="color:red"></b>

Müstəqillik dönəmində ölkəmizdə milli-mənəvi dəyərlərimiz, adət və ənənələrimiz, mədəniyyətimiz, tariximiz, xüsusilə qədim abidələrimiz, el-obalarımız, elatlarımızla bağlı elmi araşdırmalara, tədqiqat işlərinə geniş meydan verilib. Tarixi köklərimizin, milli kimliyimizin, ümumən türkçülük kontekstindən, azərbaycançılıq prizmasından etibarlı qaynaqlar, mənbələr əsasında öyrənilməsi məqsədi ilə aparılan bu elmi araşdırmalar son dərəcə mühüm əhəmiyyət kəsb edir. Ən önəmlisi odur ki, həmin tədqiqatlar tarixçi alim və mütəxəssislərlə yanaşı, müxtəlif peşə sahələrində çalışan şəxslər tərəfindən də həyata keçirilir. Dərin məsuliyyət hissinin, əsl vətəndaş mövqeyinin, gərgin zəhmət və zəngin təcrübənin məhsulu olan belə elmi əsərlər xalq tərəfindən, birmənalı olaraq, həmişə maraqla qarşılanır, yüksək qiymətləndirilir. İxtisasca tarixçi olmayan, lakin geniş elmi dünyagörüşü həyat təcrübəsi, analitik qabiliyyəti ilə seçilən ziyalılardan sayılan Süleyman Kəbirlinin qələmə alıb ərsəyə gətirdiyi “Tarixi mahal-Kəbirli eli” adlı kitab bu baxımdan diqqəti çəkir.

Müəllif bu əsərdə istifadə etdiyi zəngin türkdilli və milli tarixi mənbələr, materiallar fonunda qədim oğuz türklərinin mühüm bir qolunu təşkil edən Kəbirli elinin təşəkkülü, inkişafı barədə ətraflı söhbət açır, Qarabağ xanlığının, siyasi, iqtisadi və hərbi cəhətdən möhkəmləndirilməsində həlledici rol oynayan Kəbirli mahalının qəhrəmanlıqlarla dolu keçmişinə işıq tutmağa çalışır. Nəfis tərtibatla “Zərdabi” nəşriyyatında (Bakı, 2013-cü il, 213 səh) çap olunan “Tarixi mahal-Kəbirli eli” kitabı “Ön söz”dən, “Kəbirli mahalının tərkibində olan el və obalar”, “Kəbirli yazarlarının əsərlərindən nümunələr”, “Ağ göl möcüzələri”, “Kəbirli elat terminləri və onomastik vahidlər”, “Kəbirli ellərinin ziyarətgahları” adlı fəsillərdən, müəllifin son sözündən və geniş ədəbiyyatdan ibarətdir. Süleyman Kəbirli orijinal xüsusiyyətlərə malik bu tədqiqat əsərində bir çox araşdırıcılardan fərqli olaraq kəbirliləri gəlmə deyil, Azərbaycanda məskunlaşmış qədim yerli türk tayfasına mənsub olan elat kimi təqdim edir. Araşdırmalardan belə aydın olur ki, qədim qaynaqlarda kəbərlər kimi qeyd edilən türk tayfası nəslindən olan kəbirlilər ölkəmizdə hələ eramızdan əvvəlki minilliklərdə məskunlaşmışlar. Onlar eramızdan əvvəl V-III minilliklərdə Muğan elatı ilə bərabər əkinçilik və maldarlıqla məşğul olmuşlar.

Ehtimal olunduğu kimi, dörd qoldan və qırxdan çox tirədən ibarət olan kəbirlilər Qarabağa erkən orta əsrlərdən gəlmişlər. Kəbirli eli uzun illər burada Cavanşir elinin tərkibində olub, Qarabağ xanlığının qüdrətinin artırılmasında əvəzsiz xidmətlər göstərib. Lakin 1712-ci ildə Kəbirli eli Cavanşirlərin tərkibindən çıxaraq Kəbirli mahalına çevrilib. Faktlardan aydın olur ki, Kəbirli eli tarixin hər bir dönəmində öz müstəqilliyini, həmrəyliyini qoruyub saxlamağı bacarıb. Müəllif bunu xüsusi olaraq qeyd edir ki, kəbirlilər birlik və həmrənglik ənənələrini bu gün də inamla davam etdirir, ayrı-ayrı tirələrə mənsubluqlarına hörmətlə yanaşırlar. Məlumdur ki, Qarabağın Kəbirli eli zaman-zaman burada mövcud olmuş müxtəlif dövlət qurumlarının fəaliyyətində yaxından iştirak edib. İgidlikləri, cəsarətləri ilə seçilən kəbirlilər həm dövlət işlərinə, həm də onun müdafiəsinə müntəzəm olaraq cəlb olunmuşlar. Lakin aramsız sasani, monqol, ərəb hücumları səbəbindən Kəbirli eli də digər tayfalarla bərabər müxtəlif dövrlərdə yaşadıqları tarixi ərazilərdən didərgin salınaraq ayrı-ayrı ölkələrə səpələnmişdir. Təsadüfi deyildir ki, hazırda Türkiyə, İran, İraq və digər Şərq ölkələrində, Orta Asiya respublikalarında, Gürcüstanda kəbirlilərin kompakt halında yaşadıqları xeyli sayda ərazilər, yaşayış massivləri mövcuddur. Müəllifin qənaətinə görə, Kəbirli elinin pərakəndə vəziyyətə düşməsinin əsas səbəblərindən biri də 1736-cı ildə Nadir şahın seçkisi zamanı bir çox tayfa başçıları ilə yanaşı Kəbirli nümayəndələrinin dəvət olunmalarına baxmayaraq səsvermədə iştirak etməmələri ilə bağlıdır. Nadir şahın qəzəbinə tuş gələn kəbirlilər öz doğma yurd-yuvalarından didərgin salınaraq Xorasanın Sərəsx çöllərinə sürgün edilib.

Nadir şah sui-qəsd nəticəsində öldürüldükdən sonra bir çox Kəbirli ailəsi tarixi vətənlərinə geri dönsə də, əksəriyyət buna imkan tapa bilməyib. Çətinliklə Azərbaycana qayıdan ailələrin xeyli hissəsi Qarabağdan kənar ərazilərdə məskunlaşmaq məcburiyyəti ilə üzləşib. Kəbirlilərin hazırda Beyləqan, Bərdə, Füzuli, Ağcabədi, Tərtər, Göyçay, Yevlax, Naxçıvan, Quba və s. bölgələrin ərazilərində toplum şəklində yaşamaları, şübhəsiz, bununla əlaqədardır. Tarix üzrə fəlsəfə doktoru Əlvan Əliyevin qeyd etdiyi kimi, Süleyman Kəbirlinin müxtəlif qaynaqlara və tarixi mənbələrə istinadən irəli sürdüyü belə bir mülahizə ilə razılaşmaq olar ki, Kəbirli mahalına mənsub olan bəzi obaların sakinləri Nadir şahın qəzəbindən qorxaraq kəbirli olduqlarını dandıqları üçün sürgündən yaxa qurtarmağa müvvəffəq olublar. Aradan xeyli illər keçdiyinə görə həmin adlar demək olar ki, əhali tərəfindən unudulub. Təqdirəlayiq haldır ki, müəllif sözügedən kitabında həmin ellərin 30-a qədərinin adını müəyyənləşdirib üzə çıxarmağa nail ola bilib. “Tarixi mahal-Kəbirli eli” kitabında tarixi araşdırmalarla yanaşı, Kəbirli elatının ailə və məişətindən, həyat tərzindən, toy adətlərindən, maraqlı əhvalatlarından, el zarafatlarından, deyimlərindən, yurd-yaylaq yerlərindən, toponim və onomastik vahidlərindən ziyarətgahlarından, habelə adlı-sanlı nümayəndələrindən, ağsaqqallarından, ziyalılarından, elm, sənət adamlarından, yazarlarından ətraflı bəhs edilib.

S.Kəbirli tədqiqat zamanı Kəbirli eli ilə əlaqədar çox materiallar toplayıb, çox məlumatlar əldə edib. Bu məqsədlə o, respublikanın Ağcabədi, Beyləqan, Ağdam, Tərtər, Göyçay, Şəmkir, Tovuz, Kürdəmir rayonlarında geniş araşdırmalar aparıb. Əlbəttə, bu qədər materialı, məlumatı bir kitabda toplayıb çap etdirmək çətindir. Eyni zamanda Kəbirli elinə mənsub nümayəndələr barədə faktların digər yaşayış məntəqələrində də araşdırılmasına zəruri ehtiyac yaranıb. Odur ki, Süleyman müəllim bu ehtiyacı nəzərə alaraq özünün dediyi kimi, respublikamızın Yevlax, Şamaxı, Quba, Kürdəmir böləglərində, Bakı, Sumqayıt, Naxçıvan və s. şəhərlərində, eləcə də Türkiyə, İraq və İran İslam Respublikasında kəbirlilərin məskunlaşdıqları ərazilərdə tədqiqatlarını davam etdirərək kitabın növbəti cildini çap etdirmək fikrindədir.

Yəhya PAŞAZADƏ

 





23.10.2013    çap et  çap et