525.Az

Dərya Akdəmir: "Azərbaycan bayrağı dalğalandıqda ruhum sonsuz rahatlıq tapır"


 

"TÜRKİYƏDƏ AZƏRBAYCAN MİLLİ RƏQSLƏRİNİ BEYNƏLXALQ MÜSTƏVİYƏ ÇIXARAN YEGANƏ QURUM BİZİM ANKA RƏQS VƏ SƏNƏT KLUBUDUR"

Dərya Akdəmir: "Azərbaycan bayrağı dalğalandıqda ruhum sonsuz rahatlıq tapır"<b style="color:red"></b>

Türkiyəli sənətçi Dərya Akdemir İğdırda doğulub. "ANKA" Azərbaycan Rəqs və Sənət Klubunun rəhbəridir. Dünya Rəqs və Sənət Federasiyası, Dünya Folklor və Sənət Federasiyası, Türkiyə Xalq Rəqsləri Federasiyasının Azərbaycan təmsilçisidir. Dərya xanım sonsuz Azərbaycan sevgisiylə seçilir.

Söhbətimizə Dərya xanımın Azərbaycana budəfəki gəlişinin səbəbini öyrənməklə başladıq, rəqsə sevgisi və digər fəaliyyətləri haqda söz açmaqla davam etdik:

"Azərbaycan mənim vətənimdir, darıxan kimi buraya gəlirəm. Ondan əlavə isə, gəlmişkən bəzi işlərimi də həll etməliyəm. Azərbaycanla bağlı yeni layihələrimiz, planlarımız gözlənilir. Onlarla bağlı da bəzi görüşlərim oldu. Öncədən geniş məlumat vermək istəmirəm. Təbii ki, zamanla yeniliklərimizlə bağlı xəbərlərimiz yayımlanacaq.

Biz əslən Qarabağdanıq, böyüklərim oradan Türkiyəyə köçüblər. Ona görə də ta uşaqlığımdan Azərbaycan mədəniyyətinə məhəbbətim vardı. Həm də bunu vətənimin təbliği üçün edilən iş kimi də görürəm. Ailəm mühafizəkar ailə olub. Mənim rəqslə məşğul olmağımı istəməyiblər. Elə uşaqlığımdan o qadağaları görmüşəm və bu sevgimlə bütün qadağaları aşmışam. Bütün valideynlər kimi onlar da mənim başqa sənət seçməyimi istəyirdilər. Daha çox tibb bacısı olmağımı istədilər və mən də əslində, onların təsiriylə o sənəti oxudum. Mən rəqslə 7 yaşımda tanış olmuşam və bu sənətə sevgim heç zaman ölməyib. Hətta uşaqkən mən rəqs dərnəyinə getməyim deyə, məni otağa salıb qapını bağlayırdılar. Mənsə pəncərədən qaçıb gedərdim (gülürük). Hərdən düşünürəm ki, bəlkə də bu sevginin bu qədər böyüməsi və sonradan bu qədər uğurlara yol açması üçün o qadağalara ehtiyac varmış".

Türkiyədəki Azərbaycan - ANKA

ANKA Rəqs və Sənət Klubunu 2016-cı ildə qurduq. Təbii ki, ondan əvvəli də var. Biz təkcə Türkiyədə deyil, beynəlxalq platformada Azərbaycan rəqslərini tədbir, festival, yarışmalarda təmsil edirdik. 2016-cı ildən bəri isə ANKA adı ilə eyni şəkildə davam edirik. Amma fərq odur ki, artıq mən özüm də beynəlxalq festival təşkil edirəm. Biz bu işi yenə də Azərbaycan adına görürük. Bir çox ölkədən rəqs qrupları gəlib bizim festivalda iştirak edir. Türkiyədə Azərbaycan milli rəqslərini beynəlxalq müstəviyə çıxaran və professional şəkildə öyrədən yeganə qurum bizim ANKA Rəqs və Sənət Klubudur. Professional ünvan olaraq hər kəs də oranı tanıyır. Türkiyənin fərqli bölgələrində konsertlərlə çıxış edirik. Repertuarımızda çox nadirən digər Qafqaz xalqlarının rəqslərinə də yer veririk, böyük əksəriyyət Azərbaycan xalq rəqsləridir. Çünki mənim ruhum azərbaycanlıdır. "Vağzalı" rəqsi çox maraqla qarşılanır. Onu solo oynayıram. "Sarı gəlin", "Naxçıvani", "Qarabağ yallısı"... Demək olar ki, bütün rəqsləri oynayırıq. Toylarda özəl rəqs dərsi alanlar da olur. Əsasən ya ana, ya ata tərəfindən hardansa azərbaycanlı olan varsa, toyunda fərqli və maraqlı bir şey etmək üçün "Vağzalı", "Naz eləmə" kimi, əsasən iki nəfərlik, bəzən isə qrup şəklində rəqsləri öyrənirlər. Amma biz özümüz toylara getmirik. Çünki elə bir vaxtımız yoxdur və məqsədimiz də fərqlidir.

Məncə, Azərbaycan rəqsləri dünyanın ən çətin rəqsləridir. Amma bu çətinliyə baxmayaraq, biz onların içərisində Azərbaycana və onun mədəniyyətinə, o rəqslərə Türkiyədə elə bir sevgi yaradırıq ki, öyrənir və çox yüksək səviyyədə də icra edirlər. Hətta Türkiyə türklərindən elələri var ki, səhnədə oynayanda kimsə onun azərbaycanlı olmadığını hiss eləmir. Orda bizim uşaq qruplarımız da var. Onların türkiyəli olduğuna çox vaxt inanmırlar. Bizim Ankaradan olduğumuzu biləndə deyirlər ki, Azərbaycanda öyrənmiş kimi rəqs edirlər. Bu cür reaksiyalar əlbəttə ki, bizi sevindirir, qürur verir.

Rəqslə məşğul olmaq üçün elə bir yaş məhdudiyyətimiz yoxdur. 5 yaşında uşaq olur ki, bacarığı, plastikası və həvəsi 9 yaşlı uşaqdan daha yaxşıdır. Belə istisnalar olduğu üçün öncə gələnlərin mütləq istedadını yoxlayırıq. Böyük yaşlıların qrupunda 30-35-40 yaşlı tələbələrimiz də olur ki, görürsən, 20 yaşlı tələbədən daha enerjilidir.

Öyrətməyə qalanda isə ən rahatı bu rəqsi heç bilməyəndir. Birinə sıfırdan öyrətmək daha asandır, nəinki hansısa elementləri bilən birinə. Çünki o, başqa bir yerdə hansısa yanlış hərəkətlər, elementlər öyrənir gəlir, biz onu onun bədənindən çıxartmaq üçün çox çalışmalı oluruq. Təəssüf ki, belə çətinliklərimiz də olur.

Rəqqas və rəqqasələrimizin səhnə geyimlərini, aksessuarlarını da Azərbaycandan təmin edirik. Mən hər dəfə buraya gələndə uzun-uzun alış-veriş edirəm. Onların heç biri özümə aid, şəxsi alış-veriş olmur. Sırf iştirakçıların səhnə geyimləri üçün parçalar, aksessuarlar, muncuqlar, daş-qaşlar alıram və aparıb orada tikirəm (təəccübümü görüb gülür). Bəli, bəli, özüm tikirəm. Amma düşünürəm ki, bundan sonra bu işlə özüm məşğul ola bilməyəcəm. Çünki o zaman gecədən səhərə qədər yuxusuz qalmalı oluram. Axı solo deyil, qrup geyimləri olur. Çox böyük bir əmək, yuxusuzluq, diqqət və vaxt tələb edir. Digər daha mühüm işlərimi də nəzər alsaq, nə fiziki, nə zehni, nə də vaxt baxımından gücüm çatır. Ona görə də bəlkə bundan sonra geyimlərimizi ya burada tikdirəcəyik, ya da bu işlə məşğul olan bir yerlə razılığa gəlib əməkdaşlığa başlayacağıq. Amma bunu da əlavə edim ki, Azərbaycan milli rəqslərinə aid geyimlərinin hamısını ən incə detalına qədər bilirəm. Bu işə çox dərindən bələdəm. Çünki nəticədə bir ölkəni təmsil edirəm və bunu ən yaxşı şəkildə həyata keçirmək məcburiyyətindəyəm. Onsuz da bu iş mənim üçün böyük bir qürurdur. Hətta bir çox festivallarda mənim hazırladığım geyimlər birinci yerə layiq görülüb.

Maddi baxımdan bütün təminat mənim şəxsi büdcəmdəndir. Mən bundan heç də sıxılmıram, yorulmuram. Vətənimin halal-xoşu olsun. Bunu böyük sevgiylə, qarşılıq gözləmədən edirəm. Azərbaycan bayrağı dalğalandıqda ruhum sonsuz rahatlıq tapır. Amma təbii ki, kənardan maddi dəstək olsa, daha geniş, fərqli işlər görə, il ərzində daha çox festivallarda çıxış edə bilərik.

Klubda əksər hallarda müəllimliyi mən edirəm, tələbələrlə özüm məşğul oluram. Amma bəzi vaxtlarda Bakıdakı dostlarım kömək etdilər, dəstək oldular. Məsələn, tanınmış rəqqas, vətənsevər insan Şəhriyar Cəfərov var ki, mənim də çox yaxın dostumdur. Bakıdakı bəzi işlərimizi gələ bilməyəndə onun vasitəsiylə yoluna qoyuruq. Bu mənada da bizə çox böyük köməyi, dəstəyi var. Eyni zamanda, ara-sıra gəlib orada tələbələrimizə xoroqrafiya dərsi də verir.

Onlar Azərbaycanı görmədən sevir və təmsil edirlər

Tələbələrim Azərbaycanı görməyiblər. Amma çox maraqlanırlar. Onlara bura haqqında o qədər böyük sevgiylə danışıram ki, inanın onlarda da bu sevgi yaranıb. Hətta bəzən sosial şəbəkələrdə hər iki ölkənin bayrağını yanaşı paylaşırlar. Klubumuzun və dərnəyin əsas məqsədlərindən biri iki ölkə arasındakı qardaşlığı, doğmalığı daimi davam etdirməkdir. Əlimizdən gəldiyi qədər bu amal uğrunda gördüyümüz mühüm işlər də, qatqılarımız da var. İnşallah gələcəkdə onları buraya gətirmək, sevdikləri, təmsil etdikləri Azərbaycanı, Bakını onlara tanıtmaq qismətimiz olar. Bəlkə Azərbaycan dövlətinin də köməkliyi ilə bu istəyimizi daha uğurla həyata keçirə bilərik. O uşaqlar görmədən sevmək deyiləni yaşayırlar hazırda. Mən bura gələndə "müəllim, oraların şəkillərini, videolarını çək, bizə göndər" deyə xahiş edirlər. Hələlik təmsil etdikləri ölkəni bu cür şəkillərdən, videolardan tanıyırlar, ümid edirəm ki, canlı da tanıyacaqlar".

Dərya Akdemir eyni zamanda, ədəbiyyat aşiqi, söz adamıdır. Müsahibə boyunca qarşımda olan "Susdum" şeirlər kitabını arabir vərəqləmək imkanı tapıram. Özünəməxsus fikirləri, həssas qəlbi və sözə qarşı məsuliyyəti oxuduğum ilk misralardanca özünü büruzə verir. Ədəbiyyat, şeir, mütaliə haqqındakı fikirləri də maraqlıdır:

"Ədəbiyyat insanların, fərdlərin cəmiyyətdəki rolunu bir yolla həyata tətbiq olunması, duyğuların ifadə şəklidir. Əvvəllər çox kitab oxuyardım. İndi isə həm vaxtım olmur, həm özüm də cəhd eləmirəm. Çünki məncə, şairlər bir-birlərini oxumamalıdırlar. İnsan beyni elədir ki, mütləq təsirdə qalır, zaman keçəndən sonra isə yazmaq istədiyi fikri hardan aldığını unudub, özününkü zənn edir. Nəsimi və Şəhriyar ən sevdiyim şairlərdir. Bu il "Nəsimi ili" ilə əlaqədar da bəzi planlarımız var. Ondan başqa, mərhum ustad rəqqasə Əminə Dilbazinin də yubiley ilidir. Ya ikisindən birini, ya da bəlkə ikisini də etdik.

Bu ilin aprel ayında "Susdum" kitabı çap olundu. Kitabdan gələn gəliri Azərbaycandakı kimsəsiz uşaqlara bağışladıq. Hazırda kitab Türkiyənin bütün nəşr evlərində var. Bundan sonra da ondan gələn gəliri onlara bağışlayacağıq. Məsələn, "Gül, çocuq" şeirim də onlara həsr olunub.

Şeirlərim fərqli mövzulardadır. Amma oxucu ən çox burada müəllifin vətən həsrətini görə bilər.

Türkün tarixi həmişə saxtalaşdırılıb

İndi də İğdır və Qars bölgəsində ermənilərin törətdikləri vəhşiliklərdən bəhs edən "Qaçhaqaç hekayələri" hekayələr silsiləsinin üzərində işləyirəm. Bu hekayələrin hamısı mənim atalarımın, soydaşlarımın yaşadıqlarıdır. Bunlar heç vaxt yazılmayıb. Çünki türkün tarixi hər zaman saxtalaşdırılıb. Yad əllər tərəfindən hər zaman silinməyə çalışılıb. Mənsə bunları yazmağa və böyük ictimaiyyətə təqdim etməyə qərarlıyam. Hətta bununla bağlı təzyiqlərə də məruz qalıram. Amma heç bir təzyiq, maneə, hədə-qorxu məni yolumdan döndərə bilməz. Ölsəm də, bu tarixi yazıb, erməni vandalizmini qələmimlə dünyaya çatdıracağam.

Biz o bədxahlarla çox üz-üzə gəlirik. Festivallarda, yarışlarda onların çox saxtakarlıqlarına şahid oluruq.

Dəfələrlə Azərbaycan musiqisi, Azərbaycan rəqsləriylə festivallara qatıldıqları olub. Onda festival rəhbərliyinə şikayət eləmişəm, onun Azərbaycan musiqisi olduğunu sübut edib onları yarışdan uzaqlaşdırmışıq. Məsələn, mən tədbirlərdə, özümün də keçirtdiyim festivallarda "Sarı gəlin" mahnısını çox önə çəkirəm. Çünki "Sarı gəlin" illərdən bəri başıbəlalıdır. Biz öz tariximizə, öz mədəniyyətimizə sahib çıxmadıqca bu cür saxtakarlıqlarla yiyələnməyə çalışanlar çox olacaq. Gələcəkdə azərbaycanlı dostlarımdan biriylə bununla bağlı da layihəmiz olacaq. ANKA-nın bir məqsədi də mədəniyyətimizə sahib çıxıb, onu dünyada tanıtmaqdır. Biz təkcə rəqslə kifayətlənmirik, hətta bəzən festivallarda Azərbaycan milli mətbəxindən təamlar da hazırladıb, qonaqları tanış edirik. Bir ölkə tarixiylə, mədəniyyətiylə tanınır. Öz mədəniyyətinə və dilinə sahib çıxmayan ölkə məhvə məhkumdur. Biz də bir azərbaycanlı kimi doğma mədəniyyətimizi, tariximizi, milli kimliyimizi qorumağa çalışırıq. Mən iki ölkənin də vətəndaşıyam, iki bayrağım, iki vətənim var. Və hər ikisinə eyni şəkildə sahib çıxır, eyni şəkildə müdafiə edirəm. Məncə, biz hamımız belə olmalıyıq. Çünki birik, qardaşıq. Həmişə Azərbaycan deyəndə Qarabağı düşünərdim, yaşlıların onunla bağlı söhbətlərini dinləyərdim. 1990-cı illərdə Qarabağın işğal xəbərini radiodan eşidəndə mənim babam, böyüklərimiz ağlayardılar. Biz uşaqlığımızdan bu ağrıları, həsrətləri yaşayaraq böyüdük.

Xocalıyla bağlı şeirim, bununla bağlı hekayələrim də var. Bəzi şeirlərim, hekayələrim azərbaycanlı dostlarımız tərəfindən tərcümə edilib. Bəlkə gələcəkdə kitablarımızı da burada yayımlayarıq".

Şahanə MÜŞFİQ

 





07.09.2019    çap et  çap et