525.Az

"Sülh aylığı"nda sülhə səsləyənlər


 

"Sülh aylığı"nda sülhə səsləyənlər<b style="color:red"></b>

21 avqust - 21 sentyabr "Beynəlxalq sülh aylığı" çərçivəsində müxtəlif tədbirlər, rəsm sərgiləri keçirilir.

Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində bu çərçivədə "Mədəniyyət sülhə səsləyir" adlı tədbir keçirilib.

Beynəlxalq Sülh Günü münasibətilə reallaşan tədbir Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə birgə təşkil olunub.

Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova və Azərbaycan Dövlət Teatr Muzeyinin elmi katibi Rəna Mahmudova çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.

Natiqlər Beynəlxalq Sülh Gününün əhəmiyyətindən danışıb, "Azərbaycan mədəniyyətində sülh" mövzusunda çıxış ediblər.

Tədbir çərçivəsində görkəmli bəstəkar Cövdət Hacıyevin "Sülh uğrunda" simfonik poemasından, Firəngiz Əlizadənin "İntizar" operasından videogörüntülər nümayiş olunub.

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının bu xüsusda keçirtdiyi tədbir "Günəş olaram mən də" adlanır.

Kitabxanadan bildirilib ki, tədbirdə uşaqlara "Beynəlxalq sülh aylığı" haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, 21 sentyabr Beynəlxalq Sülh Günüdür. BMT-nin 1981-ci ildə təsis etdiyi bu tarixi gün dünya atəşkəsliyi kimi elan edilib. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin və hər cür zorakılığın dayandırılması arzusu bütün tarixi boyu bəşəriyyəti düşündürüb.

Hazırda dünyanın bir çox ölkələrində müharibə davam edir. Sülh mövzusu torpaqların 20 faizı işğal altında olan Azərbaycan uşaqları üçün də böyük əhəmiyyət kəsb edir.

Tədbirdə uşaqlar Günəşin maketini düzəldib, öz əlləri ilə onun işığını bütün dünya uşaqlarına göndəriblər.

Sonra isə hər bir uşaq öz arzu və istəyini bildirib: "həmişə sülh içində yaşayaq", "səmamız aydın və təmiz olsun", "dünyanın bütün xalqları əmin-amanlıq şəraitində yaşasınlar", "analarımız sevinsinlər", "müharibə olmasın".

Uşaqların arzu və istəkləri sosial şəbəkələrdə izləyicilər tərəfindən maraqla qarşılanıb.

Tədbir nağıl otağında "Günəşin nağılı"nın izlənməsi ilə davam edib.

Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası isə 4 nömrəli filialı ilə birgə uşaqların əl işlərindən ibarət "Biz sülhə səs veririk" adlı rəsm sərgisi təşkil edib.

Kitabxanadan bildirilib ki, açıq havada təşkil olunmuş sərgi sakinlərin marağına səbəb olub. Sərgidə, həmçinin, uşaq ədəbiyyatı da nümayiş olunub.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında "Sülh aylığı" çərçivəsində "Dünyaya sülh lazımdır" adlı tədbir keçirilib.

Baş İdarədən bildirilib ki, tədbirdə Beynəlxalq Sülh Günü ilə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur. Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildə qəbul edilmiş qətnaməsi ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. 1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində "Peace one day"i yaradıb. Onun əsas cəhd etdiyi hədəf heç olmasa ildə bircə gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısının alınması, atəşkəs idi.

Vurğulanıb ki, 21 sentyabr nəinki xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də bu gün bütün planet insanları üçün çox vacibdir.

Şahanə MÜŞFİQ

 





08.09.2019    çap et  çap et