525.Az

Ehsan Zahidov: "Əxlaq Polisi"nin yaradılacağı barədə məlumatlar yalandır"


 

Ehsan Zahidov: "Əxlaq Polisi"nin yaradılacağı barədə məlumatlar yalandır"<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda "Əxlaq Polisi"nin yaradılması ideyası haqda sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

APA-nın məlumatına görə, nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, "Paytaxt sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, polis əməkdaşları Bakının bir sıra mərkəzi küçələrindən, xüsusən də “Torqovı”dan (Nizami küçəsi) Azərbaycan xalqının milli dəyərlərinə, mentalitetinə zidd hərəkətlərə yol verən və turistlərə ədəbsiz təkliflər edən qadınları yığışdırıb və onlara müvafiq xəbərdarlıq edilib:

“Polisin bu hərəkətləri bütövlükdə şəhər sakinləri tərəfindən müsbət qarşılanıb. Ancaq son günlər sosial şəbəkələrdə bəzi istifadəçilər, polisin bu hərəkətlərinə əsaslanaraq, Azərbaycanda yeni bir qurumun, "Əxlaq Polisi"nin yaradılacağı barədə məlumatlar yayırlar. Bununla əlaqədar olaraq bildirirəm ki, bu bəyanatlar əsassızdır. Ümumiyyətlə nə keçmişdə, nə də bu gün Daxili İşlər Nazirliyində "Əxlaq Polisi" strukturunun yaradılması üçün heç bir layihə olmayıb və yoxdur”. 

DİN rəsmisi əlavə edib ki, Azərbaycan polisi indiyədək qanunda nəzərdə tutulmuş vəzifələri ləyaqətlə yerinə yetirib və bundan sonra da cinayətkarlığa, eləcə də vətəndaşların haqlı narazılığına səbəb olan hər hansı qanunazidd hərəkətlərə qarşı mübarizə aparacaq və ictimai sabitliyi təmin edəcək.

 

 





12.09.2019    çap et  çap et