525.Az

Yazılı media kağızın ƏDV-dən azad edilməsində dövlətdən dəstək gözləyir


 

Yazılı media kağızın ƏDV-dən azad edilməsində dövlətdən dəstək gözləyir<b style="color:red"></b> Azərbaycana idxal olunan çap məhsullarına görə tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) uzun müddətdir ciddi müzakirə mövzusudur.

Problemi həm mətbuat yayımı şirkətləri, həm də qəzet, jurnal və kitab çapı ilə məşğul olan qurumlar dəfələrlə gündəmə gətiriblər. Məsələ Mətbuat Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, hətta Milli Məclis səviyyəsində müzakirəyə çıxarılıb, lakin müsbət nəticə əldə olunmayıb.

Vergi Məcəlləsinə görə, çap məhsulları ƏDV-dən azad olunsa da, Dövlət Gömrük Komitəsinin rəhbərliyi Nazirlər Kabinetinin 2015-ci ildən ləğv edilən 11 saylı qərarını əsas götürür. Halbuki qanunun 164.1-ci maddəsində ƏDV-dən azad edilən məhsulların siyahısında kütləvi informasiya vasitələri məhsullarının bütün növləri üzrə dövriyyələr, KİV istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti də var. Ona görə də, mətbuat orqanı, yayım şirkətləri və poliqrafiya rəhbərləri məsələnin qanunvericilik müstəvisində tənzimlənməsi, ziddiyyətli məqamların aradan qaldırılması üçün dövlətdən dəstək gözləyirlər.

Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, idxal olunan çap məhsullarına tətbiq edilən ƏDV-nin ləğvi ilə bağlı bir neçə də Mətbuat Şurası, eyni zamanda, ayrı-ayrı mətbu orqanlar məsələ qaldırıb: "Məsələ Mətbuat Şurasının İdarə Heyətində müzakirə olunub, daha sonra komissiyalarda mövzu ətrafında fikir mübadiləsi aparılıb. Hətta problemin həlli ilə bağlı araşdırma-monitorinq qrupu yaradılmışdı".

E.Mirzəbəyli hesab edir ki, çap məhsullarına tətbiq edilən ƏDV-nin aradan qaldırılması təkcə yazılı mediaya yox, ümumilikdə, nəşriyyat-poliqrafiya fəaliyyətinə kifayət qədər ciddi dəstək verərdi. "Bu gün Azərbaycanda həm çap mediasının təbliğinə, həm də kitab çapının inkişafına ehtiyac var", - deyə baş redaktor bildirib. E.Mirzəbəyli hesab edir ki, çap məhsulları üzərində ƏDV-nin ləğvi oxu mədəniyyətinin inkişafına böyük töhfə olardı.

Qeyd edək ki, idxal olunan KİV məhsullarının ƏDV-dən azad ediləməsi məsələsi ilə bağlı "Qaya" Mətbuat Yayımının direktoru Xanhüseyn Əliyevlə Dövlət Gömrük Komitəsi arasında məhkəmə çəkişmələri olub. X.Əliyev hesab edir ki, bu məsələ ilə bağlı qanunun yox, qərarın üstün tutulması absurddur: "Bununla bağlı üç məhkəmə instansiyasında qərar və qərardad çıxarılıb. Həmin qərar və qərardadda göstərilir ki, "Qaya" Mətbuat Yayımının idxal etdiyi qəzet və jurnallara görə Gömrük Komitəsinin ƏDV tələbi qadağan edilsin. Amma məhkəmənin qərar və qərardadlarını Gömrük Komitəsi icra etmir".

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun direktoru Umud Mirzəyev də qəzetimizə açıqlamalarında idxal olunan çap məhsullarına görə ƏDV-nin ləğvi məsələsini vacib hesab etdiklərini bildiriblər. Bundan başqa, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bir neçə dəfə parlament iclaslarında problemin həllinin vacibliyinə diqqəti çəkib. Hesab olunur ki, çap fəaliyyəti ilə bağlı Türkiyə və Rusiya təcrübəsinin Azərbaycan tətbiqinə ehtiyac var. Bu ölkələrdə çap məhsullarına heç bir vergi tətbiq olunmur.

C.ABASOV
 





12.09.2019    çap et  çap et