525.Az

Dillər Universitetinin Nizamnaməsi təsdiqləndi


 

Dillər Universitetinin Nizamnaməsi təsdiqləndi <b style="color:red"></b>

Nazirlər Kabineti “Azərbaycan Dillər Universitetinin Nizamnaməsi”ni təsdiq edib.

APA-nın xəbərinə görə, Nizamnamədə qeyd olunub ki, Azərbaycan Dillər Universiteti ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.

Universitetin fəaliyyətinə lisenziya Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” və “Təhsil haqqında” qanunlarına uyğun olaraq verilir.

Universitet “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Universitetin elmi qurumları isə “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilir.

Universitetdə siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
Universitetin rektorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Rektor Universitetin işçilərinin (prorektor istisna olmaqla), o cümlədən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, onun idarə, filial, nümayəndəlik və tabeliyindəki digər qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə (bu Nizamnamənin 6.7-ci bəndi nəzərə alınmaqla), habelə Universitetin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir.

Rektor olmadıqda, Universitetin fəaliyyətinə rəhbərliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilən prorektor həyata keçirir. Universitetin nizamnamə fondu 13.091.362 (on üç milyon doxsan bir min üç yüz altmış iki) manatdır.

Universitetin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə ödənişli təhsildən əldə olunan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən digər daxilolmalardan, ianələrdən, qrantlardan daxil olan vəsaitdən formalaşdırılır.

Universitet Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun maliyyələşdirilir. Universitet bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

Universitet Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.

Universitetin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldilir. Universitet büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitdən istifadə qaydasına uyğun olaraq xərcləyir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dillər Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlər görülməsini təmin etməlidir.

 





13.09.2019    çap et  çap et