525.Az

Türkiyəli müğənni: "Azərbaycan atalarımın, babalarımın yurdudur"


 

SEHLAN BURAK: "SƏNƏTİN HƏQİQİ TƏMƏLİ XALQ MUSİQİSİDİR"

Türkiyəli müğənni: "Azərbaycan atalarımın, babalarımın yurdudur"<b style="color:red"></b>

Onunla Türkiyənin Bayburt şəhərində tanış olduq. Əslən bayburtlu olub hazırda İstanbulda yaşayan və sənətini ən yaxşı şəkildə icra edən müğənni Sehlan Burakın Bayburt 25-ci Beynəlxalq Dədə Qorqud Festivalı çərçivəsində konserti olacaqdı.

Hələ oradaykən canlı ifalarını, xoş söhbətlərini dinlədiyimiz "Könül adamı" bugünlərdə paytaxtımızın qonağı idi. Sənətçiylə görüşüb yaradıcılıq yolu, "türkücülük" sənəti və Azərbaycan haqqında danışdıq.

Müsahibim ölkəmizdə ilk dəfə olsa da buraya heç də yad deyil. Hətta repertuarında bir sıra Azərbaycan xalq və bəstəkar mahnıları da var. Hələlik isə onu musiqiyə gətirən yollardan başladıq: 

- Sehlan bəy, müsahibələrinizin birində deyirsiniz ki, quzulara mahnı oxuya-oxuya müğənni oldum...

- (Heyrətlənir) Düzünü desəm, müsahibəyə belə bir giriş gözləmirdim. O müsahibəni Türkiyədə 10-15 il öncə vermişəm. Özümün belə yadımdan çıxmışdı. Siz Azərbaycanda necə araşdırıb tapmısınız, əhsən. Elə bunun özü haqqımda kifayət qədər bilgi sahibi olduğunuzu göstərir. Demək ki, məni çox maraqlı, bir az da çətin müsahibə gözləyir (gülürük). 

Bəli, bildiyiniz kimi, Bayburtun kiçik bir kəndindənəm. 7-8 yaşlarımda oxumağa böyük həvəsim vardı. Kənd yerində balaca uşaq kimə oxuyacaqdı türkülərini? Qoyun-quzularımızı otlamağa aparanda əlimə dəyənək alar, kiçik bir təpəyə çıxar, öz-özümü təqdim edib, sonra da oxumağa başlardım. Elə ucadan oxuyardım ki, bir də baxardım, quzular ürküb hərəsi bir yana dağılıb. Sən demə, kənd camaatından da məni dinləyənlər varmış. Deyirdilər, bu uşaq bir gün çox böyük sənətçi olacaq. O dövrdə İbrahim Tatlısəs məşhur idi. Quzulara "Sabuha" söyləyə-söyləyə hamını səsimə öyrətdim.

Əsl müəllimim anam idi. O, çox gözəl mahnılar oxuyardı. Biz onun türküləriylə böyümüşük. İnək sağa-sağa mahnı oxuyardı. Bir gün gəldi dedi ki, Sehlan, mən türkü söyləyəndə bu quzular niyə mənim ətrafımda dolanır? Dedim, ana, mən onlara hər gün konsert verirəm (gülür). Sonrakı musiqi yolumda da anamın dəstəyi, anamın inamı mənə çox kömək oldu. 86 yaşında dünyasını dəyişənə qədər mahnı oxudu.

- "Sabuha" söyləyirdiniz, bəs sonradan niyə xalq mahnıları, türküləri seçdiniz?

- Əslində, bu, çox dərin bir mövzudur. Xalq musiqisi musiqinin ana vətənidir. Xüsusən bizim, yəni türklərin doğuluşu, var oluşu ilə birgə gələn musiqi növüdür. Bu, millətin özüdür. Digər musiqi növləri Qərbdən bizə keçib. Ona görə də məsələn, pop musiqisinin çıxmağı ilə unudulmağı bir olur. Yeni gələn kimi köhnə yaddan çıxır. Amma xalq mahnıları belə deyil. 50 ildir səhnələrdə söylənən türkülər var. Sənətin həqiqi təməli xalq musiqisidir.

Təbii ki, musiqiylə ciddi maraqlanan dövrlərdə hər sənətçi kimi məndə də təsirlənmələr olmuşdu. 1990-cı illərdə Türkiyədə "arabesk" musiqisi dəbdəydi. Fərdi Tayfur, Müslüm Gursəslə birgə "arabesk" dalğası yayılmışdı. Mən də musiqiçiliyə bu tərzlə başladım. Əsas da İbrahim Tatlısəs çox populyar idi. Sonradan isə öz tərzimi yaratdım və bu tərzimlə tanınmağa başladım. Bələdiyyə Konservatoriyasını bitirdikdən sonra musiqi cəmiyyətlərinə gedirdik. Bizim müğənni kimi yetişməyimizdə Türk Folklor Qurumu, Doğulu Musiqi Cəmiyyəti və sair kimi musiqi cəmiyyətlərinin rolu çox böyükdür. Sonralar özüm də həm Konservatoriyada, həm də musiqi cəmiyyətlərində xalq musiqisi və incəsənətdən dərs deməyə başladım. Özüm təsəvvüf də söyləyirəm. "Quran" kursu tələblərinə səsdən istifadə dərslərini də keçirəm. Gündəlik həyatımda İbrahim Tatlısəs, Arif Sağ, Mustafa Kəsər, Müslüm Gursəs, Gülşən Kutlu və başqalarını, çox sənətçiləri, türk sənət musiqisini də dinləyirəm.

- İnsanların xalq musiqisinə əvvəlki baxışıyla indiki münasibəti arasında fərqlər varmı?

- Əlbəttə... Tarixdən sizə bir misal çəkim. Türkiyə Cümhuriyyəti yeni qurulan zamanlarda imperialist qüvvələr dediyimiz Qərb ölkələri Türkiyəni modernləşdirmək istəyirlər. Bunun üçün də ilk növbədə bir millətin mədəniyyətini ona unutdurmaq siyasətini yürüdürlər. O dövrdə televiziya yoxdur, ancaq radio var və radioda da türkülərin çalınmağı qadağan edilir. Nə dinləyəcəksən? Ariya, pop, rok, caz və sair - türküdən başqa hər şey. Türkülər bu qədər önəmlidir demək ki. Çünki bütün türkülərin içərisində xalqın həyatı var. İnsanlar illərlə öz xalq mahnılarına həsrət qalıb, gizlin toplanıb öz aralarında türkülər söyləyirlərmiş. Xalqın mahnısı, musiqisi unudulmasın, gələcəyə miras qalsın deyə. Bu, Türkiyədə filmlərə də mövzu oldu.

İndi də biz bu qədər modernləşmənin içərisində xalq mahnılarımızı yaşatmağa çalışırıq. Məncə, yenə də uğurlu deyilik. Məsələn, mən xalq mahnısı oxuyuram, 14 yaşındakı qızım Səhra "BTS" (C.Koreyanın hip-hop musiqi qrupu) dinləyir. Bu gün gənclərə bunu verirlər. Radioda, televiziyada Sehlan Burak və onun tərzindəki müğənnilərə çox az yer verilir. Çünki indi popa tələbat var. Təkcə TRT kanalı diqqət ayırır. Yenə də dövlət arxasında durur. Bizim gənclərimizə, övladlarımıza bir mədəniyyət borcumuz var. Ömrümüz yetdikcə onu ödəyəcəyik. Yoxsa biz millət olmaq şüurumuzu itirərik. Bir millət mədəniyyətiylə, düşüncəsiylə, ənənəsiylə millətdir.

- Hazırda albom üzərində çalışırsınız. Bu zamana kimi neçə albomunuz var? Türkiyədə bu sahədəki vəziyyət necədir?

- 1990-cı illərdə iki albomum çıxmışdı. 2015-ci ildə beynəlxalq müstəvidə "Könül adamı" albomum çıxdı. Budəfəki isə may ayında çıxacaq. Buraya iki dənə Azərbaycan xalq mahnısı daxil etməyi və burada klip çəkdirməyi düşünürəm. Əslində, gəliş səbəblərimdən biri də budur. Azərbaycan musiqilərini çox sevirəm, dinləyir, oxuyuram. Bizim konsertlərin, toy şənliklərinin vaz keçilməz musiqisidir. "Uman yeri var", "Tello", "Bu qala - daşlı qala" və başqa mahnılarınız çox sevilir. Axı sazın, qopuzun vətəni buradır. Sonradan yaxın tarixdə bizdə bağlama olub. Türkiyədə albom satışı hələ də yaxşıdır, yəni pul qazanmaq olur.

- Sizin də dediyiniz kimi, Azərbaycan mahnıları Türkiyədə geniş şəkildə ifa olunur. Amma təəssüf ki, bəzən türkiyəli sənətçilər araşdırmadan bizim istər xalq, istərsə də bəstəkar mahnılarımızı "anonim" adı altında təqdim edirlər. Bunlara sizin münasibətiniz necədir?

- Mən heç zaman belə şeyi qəbul etmərəm. Amma təəssüf ki, hər kəs eyni deyil. Bizdə də var belələri. Mənim üçün bu, oğurluqdan başqa bir şey deyil. Elə bu vasitəylə həmin mahnıların müəlliflərinə səslənirəm, heç çəkinməsinlər, məhkəməyə verib, haqlarını tələb eləsinlər. Mən də buraya gəldim, bir neçə disk aldım, aparıb dinləyəcəyəm, bəyəndiyim mahnını növbəti gəlişimdə elə burada Mədəniyyət Nazirliyi və digər musiqi qurumlarıyla araşdıracam, sahibi varsa, danışıb icazəsini alacam, müəlliflərini də qeyd edəcəm. Başqa cür ola da bilməz.

- Musiqi dərslərinizdə tələbələrinizə önəmli olduğunu düşündüyünüz və heç dəyişməyən məsləhətiniz nə olur?

- Xalq mahnılarını dinləyin və oxuyun! Xalq mahnısı dinləyən, sevən və oxuyan insan heç bir pislik etməz. Həqiqi mənada türkü sevdalısı insan ürəyində pislik daşımaz. "Türkü girən ürəyə pislik girməz" deyərlər. Buna görə də tələbələrimə, övladlarıma ilk bunu deyirəm. Hətta ilk dərsə bununla başlayıram.

- Gənc türkücülər yetişirmi?

- Bəli, var, çoxdurlar. Amma bəziləri sənəti, sənətçi olmağı bir az pul düzəldib studiyada mahnı oxumaq hesab edirlər. Sanki bununla da işləri bitmiş olur. Sənət iki disk buraxmaq deyil. Bunun akademik təhsilini görəcəksən. Amma Konservatoriyanı bitirmək də hələ sənətçi olmaq demək deyil. Konsertlərə çıxacaq, səhnənin tozunu udacaq, xalqın qarşısında olacaq, ən az on il təcrübə qazanacaqsan. Gənclərə ən böyük məsləhətim budur.

- Bəzi sənətçilər xalq mahnılarına müraciət edərkən aranjıman edir, yad notlar, çalarlar daxil edir, belə desək, mahnını müasirləşdirirlər. Belə hallar orada da varmı? Münasibətiniz necədir?

- Çox gözəl sualdır. Təşəkkür edirəm. Bu sualı eşidər-eşitməz "yox, niyə elə edirlər, orijinala sayğı olmalıdır" falan deməliyəm bəlkə də. Hətta bir neçə il öncə bu sualı versəydiniz, o cür də deyəcəkdim. Vaxtilə hamımız qarşı çıxdıq buna. Edəni, etmək istəyəni də normal qarşılamadıq. İndi isə yox. Çünki mən də bu albomuma qərb musiqi alətləri daxil edəcəyəm. Məsələn, qızım Səhraya xalq musiqisini dinlətmək üçün bunu etməliyəm. Gənclərin qulağı o səsi istəyir. Onun istədiyi gitara səsiylə xalq musiqisini onlara tanıdacağıq. Məsələn, "Nə sevdiyin bəlli, nə sevmədiyin" adlı türkü var ki, ona qərb musiqi alətləri daxil edəcəyik.

- Onda deyirsiniz ki, sənətçi xalqın zövqünə uymalıdır? Bəs xalqda zövq yaratmaq?

- Hər ikisi olmalıdır. Siz bir yerdən sonra mütləq ki, xalqın zövqüylə ayaqlaşmalı olursunuz. Çünki sənətçi xalqın süzülmüş halıdır. Müğənni öncə öz zövqü, tərziylə sənətçi olur. Amma xalqa rəğmən sənət icra edilməz. Məsələn, bu, pop musiqisinin özüdür. Gündəlik musiqi. Bu gün xalq nə istəyirsə, onu verirsən, sabah zövqü də, istəyi də dəyişir və sən də ona uyğun davranırsan. Xalq musiqisində bu, yoxdur. Xalq musiqisi keçmişi, tarixi, ənənəni yaşadır.

- Bir az da aparıcılığınızdan danışaq. Necə başladınız?

- 15 il öncə regional kanalların ilk yarandığı dövrlərdə biz də "Könül adamı" deyə musiqi proqramı hazırladıq. "İbrahim Tatlısəs şou"nu örnək alaraq etdik. Türkiyədə bu cür proqramların ilk üçündən biriyik. Heç bir təcrübə olmadan həftədə bir dəfə iki saatlıq veriliş aparırdım. Dövründə çox böyük marağa səbəb olmuşdu.

- Türkiyədə "Könül adamı" deyə tanınırsınız. Verilişiniz də, albomunuz da belə adlanır. Nədir "Könül adamı", hardan gəlir?

- Bunun verilişdən öncəki tarixçəsi var. Bu, mənim dünyaya və insanlara baxışımla əlaqədardır. Məncə, insan könül adamı olmalıdır, davranışıyla, münasibətiylə, əməlləriylə, ürəyində daşıdığı sevgiylə. Könül adamı yaxşılığın, mərhəmətin, insanlığın adamıdır. Hər şərtdə, hər situasiyada öncə insanlığı öndə tutmaqdır. Mən əslində, "könül adamı" deyərək insanların ürəklərinin qatılaşdığı, onların ətrafa, dünyaya və bir-birinə laqeydləşdiyi zamanda diqqətlərini öz qəlblərinə, yaxşılığa çəkmək istədim.

- Söz və musiqisini yazdığınız mahnılarınız var. Yalnız mahnılar üçün söz yazırsınız, yoxsa şeirləriniz də varmı?

- Bəli, şeirlərim var. Hətta bir müddət öncə yüzə yaxın şeirim komputerimdən silindi, geri qaytara bilmədik. Həmişə yazmıram, ara-sıra, o duyğuya bürünəndə gəlir şeir. Uzun zamandır yazmıram. İlham qaynağımız olarsa, yazarıq (gülürük). Orta məktəbdən ədəbiyyatı çox sevib, yaxşı oxuyurdum. Amma sonralar kitab oxumağım nisbətən azaldı. Əlbəttə, yazarlıq, şairlik başqa bir yöndür, istedaddır. Mənim elə bir iddiam yoxdur. Sadəcə öz-özümə təbi gələndə yazıram. Bunun özü belə məncə, sənətçiliyimlə əlaqədardır.

- Bakıya ilk səfərinizi hansı təəssüratlarla yekunlaşdırırsınız?

- Öncə onu deyim ki, biz Türkiyədə azərbaycanlıları heç vaxt turist kimi görmürük. Azərbaycanlılar bizim canımızdan, qanımızdan olan qardaşlarımızdır. Burada mənə qarşı turist kimi davranılması bir az təəccübləndirdi, məyus etdi. Çünki mən də özümü buranın övladı kimi görürəm. Anadoluya burdan gedilib. Ona görə də Azərbaycan atalarımın, babalarımın yurdudur. Avropaya çox getdim. Ora hər gedəndə bir qorxu olur içimizdə. Çünki mütləq gömrükdəcə incitməyə, xor görməyə başlarlar. Düzünü desəm, buraya gələndə də o narahatlıq vardı içimdə. Amma ayağımı bu torpağa qoyar-qoymaz mənim dilimdə danışan, mənə sevgiylə gülümsəyən insanlar gördüm. O anki həyəcanı anlada bilmərəm.

Bakı çox gözəl, təmiz şəhərdir. İçərişəhərə getdik, qədim Bakını, Qız qalasını, Xəzər dənizini, Dağüstü parkı gördük. Şəhidlər Xiyabanını, Türk şəhidliyini ziyarət etdik. Qədim Bakı tarix qoxur, valeh olmamaq mümkün deyil. Sadəcə məscidlər azdır, ya da mən çox görmədim. Burada olduğum günlərdə Azan səsini eşitmək istərdim.

Şahanə MÜŞFİQ

 





14.09.2019    çap et  çap et