525.Az

"Kimsəsizlik etüdü" - Elçin İsgəndərzadənin şeirləri


 

"Kimsəsizlik etüdü" - <b style="color:red">Elçin İsgəndərzadənin şeirləri </b>

Bölünüb

Nə vaxtsa dünya biriydi,
indi ikiyə bölünüb.
İndi bu böyük şəhər də,
tinə, küçəyə bölünüb.

Bahar da qış kimi düşür,
günlər də daş kimi düşür,
yağış da yaş kimi düşür,
gecə də gecəyə bölünüb.

Hər şey yox kimi dəyişib
ağrılar çox kimi dəyişib,
tüstülər ah kimi dəyişib,
ömürlər təkliyə bölünüb.

Ayrılıq

Soyuq kimi daşıyıram
adını dodaqlarımda.
Vida kimi daşıyıram
üzümü ovuclarımda...

Səsimin titrək yerindən
gözlərimi duza batırıram hər gün...
Duzlu yağışlar yağır.
Payız kimi daşıyıram
çöhrəni xatirəmdə.
Qış kimi daşıyıram
səni bu ömürdə.

İyuldu...
Üşüyürəm.

Yağır

Yenə sevgililər yağışdan qaçır,
yağış çiçəklərin üstünə yağır.
Hər yan ürək-ürək sevgilər açır,
yağış ürəklərin üstünə yağır.

Duman örtük kimi çəkilir yerə,
ağaclar qələmdi, əkilir yerə,
durna lələkləri tökülür yerə,
yağış lələklərin üstünə yağır.

Gedən sevgilərin yolları gəlmir,
itən xoşbəxtliyin illəri gəlmir,
kimsə çiçək yolur, sevir, ya sevmir,
yağış ləçəklərin üstünə yağır.

Şair ömrü

Öz yüküm öz kürəyimdə,
çəkə bildikcə çəkirəm.
Qaranlığın ilməsini,
sökə bildikcə sökürəm.

Axa bildikcə axıram,
baxa bildikcə baxıram,
qalxa bildikcə qalxıram,
çökə bildikcə çökürəm.

Cığırlarda izlərimi,
baxışlarda gözlərimi,
vərəqlərdə sözlərimi,
əkə bildikcə əkirəm.

Yorğunluq

Mənim daha nəyim qalıb,
ömür sovrulub, sovrulub.
Günlər qara, aylar qara,
illər qovrulub, qovrulub.
Elə bil ki, nəmdi aləm,
günəşindən kəmdi aləm,
başdan-başa qəmdi aləm,
dərdlə yoğrulub, yoğrulub.

Karvanı ağrıyla gedir,
sarvanı ağrıyla gedir,
zamanı ağrıyla gedir,
zaman yorulub, yorulub.

Yaşamadıqlarımın yaşantısı

Sənin məndəki yerin
gedə bilmədiyim yer kimi
içimdən qopmayan yoxuşdu.
Havada yaz,
sənin yerində qışdı,
qardı,
yağışdı.

Sənin məndəki yerin
həsrətlə dolu,
acıyla dolu.
Qalan yerlərim boşdu.

Mən boyda boşluqda
bir gerçək yerdi günəşsiz,
bir doğru xəbərdi sənsiz,
o qədər gerçək ki...
Qarın altında bir quş kimi üşüyür
sənin məndəki yerin.

Sənin məndəki yerin ayrıdı...
yaşamadıqlarımın yaşantısıdı.

Xatırla

Xatirələr yaralıdı, dəymə heç,
dərd qapısı aralıdı, döymə heç,
istəyirsən... mənə bir şey demə heç,
ara-sıra bulud-bulud xatırla.

Hərdən də bir xəyalları al, gedək,
o yolları gözlərindən sal, gedək,
istəyirsən... xəyallarda qal, gedək,
ayrılığı umud-umud xatırla.

Kimsə itsin dumanında illərin,
qayıtmasın gümanında illərin,
istəyirsən... səndə qalsın əllərim,
sonra məni unut, unut, xatırla.

Təkcə sən!

Başqa şəhərdəyəm...
başqa adamların arasında,
ömür ötürürəm ayrı küçələrdə.

Ayrı sabahlara dururam,
ayrı axşamlarda uyuyuram...
hər şey ayrı...
hər şey başqa.

Başqa havalardayam,
ay başqa,
gün başqa,
mən başqa.

Və bircə sən başqa deyilsən,
elə həmənsən,
gözlərimdə gətirdiyim kimisən.

Məndən savayı

Dincəl, o gəlməyən günlərdə dincəl,
incəl, üzüldüyün tellərdə incəl,
indi düşünürsən, boşuymuş səncə,
bir ömrə bu gəliş-gediş havayı..?

Çəkil, çəkilməyən rəsimdən çəkil,
sevə bilmədiyin isimdən çəkil,
sevda tilsimiymiş, tilsimdən çəki l,
bitsin ayrılığın bu bəm harayı.

Atlan, ürəyimin başından atlan,
gördün qış sərt keçir, qışından atlan,
çırman, gözlərimin yaşından atlan,
gör hara düşürsən məndən savayı.
Kədər təbəssümü

Keçir, pəncərənin ömründən keçir
kiminsə ömrü.
Yazı köç, qışı köç
boş hədər kimi.

Pəncərə üzündə nəmli yazılar,
alın yazısı, tale yazısı,
lap qədər kimi.

Guya bu da mənəm,
bu da ki mənəm.
Baxıb pəncərədən, baxıb keçirəm,
bilmirəm nədənsə gülümsəyirəm,
təbəssüm çatlayır dodaqarımda
bir kədər kimi.

Qürbətdi

Quş quşluğuynan qərib,
var puçluğuynan qərib,
uçuqluğuynan qərib,
qürbətdi dodaqlarım.

Bir soyuq, nəm gecədə,
umudsuzam necə də,
qonmursa bir sərçə də,
qürbətdi budaqlarım.

Yol döşünə yatmırsa,
gəl döşünə yatmırsa,
gedirsə,
qayıtmırsa...
qürbətdi ayaqlarım.

Elə

Gün də gələr, yadın itər,
unudular, adın itər,
dünyada ölümdən betər
yaşamaq zoruymuş elə.

Bir gün özün də bilərsən,
bir gün özün də görərsən,
illərdən sonra deyərsən,
sevgilər koruymuş elə.

Ayağından izinəcən,
dodağından sözünəcən,
baxışından gözünəcən
adam da yoluymuş elə!

Xəyal qırıqları

Hər şey qırıla-qırıla gəlirdi...
Fincanı,
nimçəni demirəm,
lap elə pəncərəni də demirəm....
Bax,
o xəyal nəyiydi ki,
o da qırılırdı.

Və qırılan xəyallar sularda
axıb getdikcə,
mən o sularda əksimə baxırdım,
mən o sularda balıqlara baxırdım.

Sanki xəyallar qırılıb
kürü tökürdü sulara,
və balıqlar xəyal qırıqlarıydı.

Olmur

Arada da neyniyirsən,
nə deyirsən -
düz edirsən hər şeyi,
amma nəsə düz olmur.
Külək döyür, ürək döyür,
yağış döyür, gün döyür
döyülməklər bitməmiş heç
qəfil qapın döyülür,
açırsan ki, ayrılıqdı
mat qalırsan qapıda,
ayrılığa get deməyə
üzündə bir üz olmur.

Nəsə tərsə gedir elə...
gəlişin tərs,
gedişin tərs,
gülüşün tərs,
işin tərs...
elə işin  tərsliyindən bu qədər tərsliklərə
durub bir söz deməyə
lüğətində söz olmur.

Kimsəsizlik etüdü

Gözləməyə kimsə olmayanda,
baxarsan ki,
pəncərən yox,
küçən yox,
şəhərin qeybə çəkilib.

Dənizin də başqasının adınadır...
sahilin də yaddı,
yolun da.


o narın yağışlar daha yağmır,
o xəfif küləklər də əsmir..

Gözləməyə kimsə olmayanda,
bilərsən ki,
səni də heç kim gözləmir,
olmayan pəncərəndə,
olmayan küçəndə,
qeybə çəkilən şəhərində.

Ömür

Unuda, unuda, unuda,
gedirsən, gedirsən, gedirsən.
Beləcə hardasa, hardasa,
itirsən, itirsən, itirsən.

Azırsan özündə, özündə,
bir gizli sözündə, sözündə,

ömrün o üzündə, üzündə,
bitirsən, bitirsən, bitirsən.

Yaş kimi yanaqda, yanaqda,
kaş kimi dodaqda, dodaqda,
quş kimi budaqda, budaqda,
ötürsən, ötürsən, ötürsən.

Ürəyim

Ürəyimi çoxdan yemiş adamam.
Böyüdükcə,
həyatdan küsdükcə,
qorxu çəkdikcə,
itiklərdən sonra meylim yemək çəkmədikcə
ürəyimi yemişəm bütün aclıqlarda.

Ürəyim qədər çırpınan olmayıb əllərimdə
bəzən ağzıma gəlib ürəyim,
bəzən də yerlərə düşüb.

Uzun aralardan sonra görmüşəm ki,
yenə döyünməyindədi.

Və ürəyim qurd ürəyi yeyib,
mən də ürəyimi.

Bəzi şeylər...

Bəzi şeylər anladılmaz,
anladılmaz...
Anladılmaz ayağının altında
qırılan güzgünün səsi,
ha desən də,
qırıqların o anda çıxartdığı xırçıltını
təsvir edə bilmərsən olduğu kimi.
Bir qəbir üstündə solan gülü
anlada bilməzsən.
anlada bilməzsən o gül necə solur.
Və içindən bir təbəssüm keçər həyata...
nə həyata anlada bilərsən,
nə özünə...
Nə də heç kimə.
Anlada bilməzsən
səbəbi nədir bu təbəssümün.
Heç özün də anlaya bilmərsən özünü...
sadəcə çıxıb gedərsən -
elə o gedişdən gedərsən axırda.
Və o gedişi də anladamazsan.
Çünki bəzi şeylər anladılmaz, anladılmaz.
Çünki bəzi şeylər edilir,
gedilir,
susulur!

 





15.09.2019    çap et  çap et