525.Az

"Amulsar" Ermənistanda gərginliyi artırmaqdadır


 

PAŞİNYAN HAKİMİYYƏTDƏN SUİ-İSTİFADƏ ETMƏKDƏ, İNQİLABIN DƏYƏRLƏRİNƏ XƏYANƏTDƏ İTTİHAM OLUNUR

"Amulsar" Ermənistanda gərginliyi artırmaqdadır<b style="color:red"></b>

"Amulsar" qızıl yatağı ətrafında gərginlik Paşinyanın vəziyyətini ağırlaşdırmaqda davam edir.

Nikol Paşinyan bu yatağın istismarına son vermək niyyətində deyil. Hər halda onun "Amulsar"ın təhlükəli vəziyyət yaratmadığına dair verdiyi açıqlamalar,  çoxsaylı etirazlar qarşısında qəti olaraq mövqe ortaya qoymaması belə deməyə əsas verir. İş o yerə çatıb ki, onun partiyasında və hakim fraksiyada da ciddi fikir ayrılıqları özünü göstərməkdədir. Bu məsələ Ermənistan hökumətini də iki hissəyə parçalayıb: "Amulsar"ın tərəfdarları və əleyhdarları. Amma yatağın istismarının əleyhinə olanlar daha çoxdur. Paşinyan hökümətində bir qrup isə hesab edir ki,  ölkənin əvvəlki hakimiyyət orqanlarının verdiyi lisenziyaya uyğun olaraq "Lidian" şirkətinin yatağın istismarını davam etdirilməsi zəruridir. Digər hissə, həmçinin, yatağın yerləşdiyi əraziyə yaxın Cermuk sakinləri buna qarşı çıxırlar.

Ermənistanda etiraz aksiyaları da səngimək bilmir. Əhali həm paytaxt İrəvanda, həm digər bölgələrdə "Amulsar" qızıl yatağının istismarına qarşı etiraz aksiyalarını davam etdirirlər. Ölkə vətəndaşları baş nazir Nikol Paşinyandan qəti mövqe ortaya qoymasını tələb edirlər.

Ekoloqlar hesab edirlər ki, qızıl yatağının istismarı Ermənistanın bütün çaylarının və Sevan gölünün çirklənmə təhlükəsini  yaradır, bu, Cermuk kurortuna birbaşa ziyan vuracaq.

Bundan əlavə, mədəndəki qızılın çox az olmasına dair də kifayət qədər sübutlar var. Məlumata görə, sovet dövrünə aid ekspedisiyaların mədəndə qızıl yox, uran tapmalarına dair xeyli sübutlar var.

İrəvanda aksiya zamanı iştirakçılar paytaxtın mərkəzində yolu bağlayıblar. Aksiya parlament binasının yerləşdiyi parkdan başlayıb və dinc aksiya iştirakçıları gücləndirilmiş polis kordonu ilə qarşılaşıblar. Bundan sonra, aksiya iştirakçıları Baqramyan prospekti ilə Maştots prospektinə və Respublika meydanına tərəf gediblər.

Ekoaktivistlər, ictimaiyyət nümayəndələri ölkə rəhbərliyinin "Lidian"a "Amulsar"ın istismarına icazə vermək istəməsinə qarşı mübarizəni dayandırmaq niyyətində olmadıqlarını deyiblər. Mütəxəssislərin fikrincə, "Elard" ekspert şirkətinin rəyi də mədənin işləməsinin mümkün risklərini göstərir.

"Lidian"a lisenziya əvvəlki hakimiyyət orqanları tərəfindən verilib və bəzi ekspertlər hesab edir ki, hazırkı hakimiyyət ictimaiyyətin təzyiqi səbəbindən bunu ləğv edə bilər.

"Amulsar"a qarşı çıxanlar baş nazir Nikol Paşinyanı hakimiyyətdən sui-istifadə etməkdə və inqilabın dəyərlərinə xəyanətdə ittiham edirlər.

Ekoloq Ani Xaçatryan Paşinyanı əvvəlki hakimiyyətin siyasətini davam etdirməkdə ittiham edib. Xaçatryan, "Amulsar"ın həvalə olunduğu "Lidian" şirkətinin səlahiyyətlilərə, ictimaiyyətə və öz kreditorlarına səhv məlumat verdiyini vurğulayıb. Onun sözlərinə görə, baş nazir bunu görmək istəmir.

"Paşinyan bu şirkətin himayəsini ən yüksək səviyyədə təmin edir. Bu, açıq-aşkar hakimiyyətdən sui-istifadə faktı, inqilabın dəyərlərinə xəyanətdir. Paşinyan və onun hökuməti şantaj yolu ilə ölkənin bütün əhalisinin hesabına hansısa bir korporasiyanın qazanc əldə etməsinə cavabdehlik daşıyır", - deyə ekofəal xatırladıb.

Onun sözlərinə görə, Paşinyanın açıqlamaları "Lidian"ın hərəkətləri üçün münbit zəmin yaradır: "Əhalinin çoxu yatağın təhlükəsizliyi ilə bağlı arqumentlərə inanmır, eyni zamanda, hökumətin legitimliyinə təhdid var. Biz bu məsələdə vətəndaşların hüquq və mənafelərini qorumaq üçün hər cür səy göstərəcəyik".

Bu arada Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də məsələyə münasibət bildirib. O, erməni mətbuatına açıqlamasında "Amulsar" qızıl yatağı ətrafındakı vəziyyətin Ermənistanın daxili işi olduğunu deyib.

"Mənim bildiyim qədər burada heç kimin bu məsələnin bütün amillər nəzərə alınmaqla həll edilməsinə şübhəsi yoxdur. Nə Ermənistanın işgüzar nüfuzu, nə də ətraf mühit zərər görməlidir. Fikrimcə, bu, Ermənistanın daxili məsələsidir", - deyə səfir əlavə edib.

Onun sözlərinə görə, Ermənistan hökuməti və xalqı düzgün qərar vermək üçün kifayət qədər imkanlara malikdir.

Xatırladaq ki, baş naziri Nikol Paşinyan Facebook-da Cermuk sakinlərindən "Amulsar"a aparan yolların açılmasını istəyib. O bildirib ki, yollar bu saatda açılsa, orda o anda işlər aparılmayacaq. Yatağda işlərin aparılması 2020-ci ilin aprelinə qədər başlamayacaq.

Qeyd edək ki, mədənin tikintisinə 2016-cı ilin payızında başlanılıb, 2018-ci ildə isə burada qızıl hasilatına başlamaq planlaşdırılırdı. Layihə 325 milyon dollar məbləğində investisiya yatırmaqla bağlı öhdəlik götürən Britaniyanın "Lydian" şirkəti tərəfindən hazırlanıb. Layihəni həyata keçirən şirkət əmin edir ki, bütün işlər beynəlxalq standartlara ciddi riayət edilməklə həyata keçiriləcək, bütün risklər isə tam idarə olunandır, yəni operatorun nəzarəti altındadır. Amma yuxarıda qeyd etdiyimiz kimi, bu, erməni ictimaiyyəti üçün qanedici deyil. Onlar yatağın potensial təhdid mənbəyi olduğunu deyirlər və ölkədə etirazlar davam etməkdədir.

PƏRVANƏ

 





15.09.2019    çap et  çap et