525.Az

Xanlıqlar dövrü haqda kitab Rusiya kitabxanalarında


 

Xanlıqlar dövrü haqda kitab Rusiya kitabxanalarında <b style="color:red"></b>

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunmuş “Политическое наследие периода ханств истории Азербайджана в свете документов”  kitabı Rusiyanın aparıcı kitabxanalarına yerləşdirilib.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Azərbaycan Dövlət Tərcümə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən olan qədim xanlıqlar dövrünün indiyədək tarixşünaslığa gizli qalan həqiqətlərini üzə çıxaran kitab qeyd olunan dövrlə bağlı bir çox elmi mənbələrdə əksini tapmış yanlış qənaət və nəticələrin aradan qaldırılmasına, eləcə də ictimai fikir üçün aktual və önəmli olan mövzuya daha sistemli və ədalətli baxışın formalaşmasına imkan yaradır. Tarixi hadisələr, simalar tutarlı elmi faktlar və arxiv sənədləri vasitəsi ilə işıqlandırılır.

Tarixçilər və mənbəşünaslar, eləcə də Azərbaycanın qədim tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün qiymətli elmi mənbə olan əsərin rus dilinə tərcüməçisi Püstə Axundova, redaktoru Nadiyə Qafarova və Fərrux Rzayevdir.

Mətnlərə dair şərh və qeydlərin müəllifi siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov, arxiv sənədlərinin fars dilindən tərcüməçisi AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktor müavini Şahin Yəhyayevdir.

Qeyd olunub ki, “Политическое наследие периода ханств истории Азербайджана в свете документов” kitabı Rusiya Dövlət Kitabxanası,Rusiya Milli Kitabxanası, Rusiya Federasiyası Prezident Administrasiyası Kitabxanası, Rusiya Federasiyası Parlament Kitabxanası, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi Kitabxanası, Rusiya Elmlər Akademiyası Kitabxanası, Rusiya Dövlət İncəsənət Kitabxanası, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası, Rusiya Elmlər Akademiyasının Ümumrusiya Elm İnkişafı İnstitutu, Rusiya Dövlət İctimai-Elmi Kitabxanası və digər kitabxanalara yerləşdirilib.

 





16.09.2019    çap et  çap et