525.Az

Nazir: "Azərbaycan musiqiçilərinin əsərləri virtual şəbəkəyə çox az daxil olur"


 

Nazir: "Azərbaycan musiqiçilərinin əsərləri virtual şəbəkəyə çox az daxil olur"<b style="color:red"></b>

Sentyabrın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 33 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev də iştirak edib.

Ə. Qarayev ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mədəniyyət sahəsində bir sıra layihələrin gerçəkləşdiyini qeyd edib: “Mən sevinirəm ki, musiqi məktəbləri təmir edilir, onlara yeni inventar, musiqi alətləri alınır. Bu baxımdan 33 saylı musiqi məktəbi istisna deyil. Burada 80-dən çox müəllim çalışır. İnanıram ki, Nizami rayonunun mərkəzində yerləşən məktəb musiqiyə meylli gənclərimizin yaradıcılıq potensialının üzə çıxarılmasına təkan verəcək".

Nazir musiqi məktəblərinin müəllimlərinə səslənib: "Azərbaycanın musiqi mədəniyyəti yeni mərhələyə çıxmalıdır. Həm nazirlik, həm də Heydər Əliyev Fondu tərəfindən keçirilən tədbirlər Azərbaycan musiqisinə dünyada marağı artırır. Odur ki, xüsusi ifaları, dərsləri, musiqi parçalarını Youtube vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırmağı qarşıya məqsəd kimi qoymuşuq. Bəlkə də hamımızın diqqətsizliyi ucbatından elə vəziyyət yaranıb ki, Azərbaycan musiqiçilərinin əsərləri virtual şəbəkəyə çox az daxil olur. Bu gün dünyanın harasındasa Azərbaycan bəstəkarlarının notlarını axtaran bir solist varsa, o dolayı yollara baş vurur. Ona görə də biz arzulayırıq ki, musiqiçilərimiz dərslərini, ifalarını virtual şəbəkəyə yerləşdirsinlər".

Müəllimlərin musiqi məktəblərinə qəbuluna da toxunan nazir bildirib ki, artıq bir neçə  ildir qəbul şəffaf həyata keçirilir: "Bu il musiqi məktəblərinə qəbul üçün respublika üzrə 230, Bakı şəhəri üzrə 130 yer elan elədik. 500-dən çox müraciət qəbul olundu. Əfsuslar olsun ki, yalnız 130 nəfər bu imtahandan keçə bildi".

Ə.Qarayev həm kadr islahatları, həm də müəllimlərin maaşlarının artırılması ilə bağlı ciddi işlərin həyata keçirildiyini deyib: "Artıq bizim sistemdə 260 manatdan aşağı maaş alan yoxdur, biz bununla sizin əməyinizi qiymətləndirir, məsuliyyətinizin artırılmasını ürəkdən arzulayırıq. Müəllimlərimiz hər bir şagirdin üzərində ciddi iş aparmasa, o uşağın potensialı heç vaxt açılmayacaq. Ona görə sizin üzərinizə böyük məsuliyyət düşür. Fəaliyyətinizi gücləndirib Azərbaycan musiqi tarixinə yeni imzalar bəxş etməyinizi arzulayıram".

Qeyd edək ki, bu il 33 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 35 illik yubileyidir. 33 nömrəli Uşaq Musiqi Məktəbi 1984–cü ildə Nizami rayon, R.Rüstəmov küçəsi 35 ünvanında fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı 35 ildə təmir işləri aparılmayan qeyri-yaşayış sahəsində 2018-ci ilin noyabr ayından əsaslı təmir işlərinə başlanılıb. 6 sinif otağı və kitabxana yaradılıb, 9 pəncərəsiz sinif otağında havalandırma sistemi quraşdırılıb, məktəb texniki cəhətdən yenidən tərtib edilib, bütün inventar və avadanlıqlar yenilənib.

Hazırda məktəbdə 21 sinif otağı, zal (50 nəfərlik), kitabxana, qəbul otağı (dəftərxana), direktor otağı mövcuddur və ümumi sahəsi 300  kv.m təşkil edir.

Məktəbdə 11 ixtisas üzrə ( fortepiano, skripka, klarnet,  tar, kamança, qanun, qarmon, nağara, vokal, xanəndə, fleyta) 333 şagird təhsil alır, 4 şöbə üzrə ( fortepiano, xalq çalğı alətləri, orkestr alətləri, nəzəriyyə) 84 müəllim  fəaliyyət göstərir.
Təmir işləri görülən zaman məktəb, İdarənin tabeliyində fəaliyyət göstərən bir neçə müəssisədə, həmçinin Nizami Rayon İcra Hakimiyyətinin köməkliyi ilə 238 nömrəli tam orta məktəbdə yerləşdirilərək fəaliyyətini davam etdirib.

Açılışdan sonra musiqi məktəbinin şagirdlərinin ifalarından ibarət musiqi parçaları təqdim edilib.

 





16.09.2019    çap et  çap et