525.Az

1512-ci ilin yazı - Tüdorların uğurları və bədbəxtliklər seriyası


 

1512-ci ilin yazı - <b style="color:red">Tüdorların uğurları və bədbəxtliklər seriyası</b>

(Əvvəli ötən şənbə sayımızda)

Əri Marqaretə deyirdi ki: "Əgər lənət Tüdorların oğlan uşaqları olmayacağını və onların xəttinin övladsız qızla başa çatacağını deyirsə, onda sən uşağa hamilə olmağa qadir olmayacaqsan. Heç vaxt nə Katerina Araqonlu, nə sənin bacın printsessa Meri sağlam oğlan uşağı doğmayacaqlar. Sizin hamınız lənət altında olacaqsınız. Sizdən heç kəs prints doğmağa və ya onu böyütməyə qadir olmayacaqdır. Tüdor tacı qızın başına qoyulacaqdır və o da həmçinin, övladsız öləcəkdir" (Ceyms qəribə peyğəmbərlik etmişdi, Katerinanın və Merinin oğlanları olmadı, hər birinin bir qızı oldu, Katerinanınkı kraliça I Mariayaya çevrildi, Merinin qızı isə taxt-tac uğrunda I Mariya ilə rəqabət aparan Ceyn Qreyin anası idi. Kraliça I Mariya həyatdan övladı olmadan getdi, I Elizabet isə ərə getmədiyindən övladı olmamışdı. VIII Henri öləndə onu azyaşlı və xəstə VI Eduard əvəz etmiş və altı ildən sonra dünyanı tərk etməli olmuşdu. Ondan sonra isə İngiltərə tacını VIII Henrinin iki qızı - I Mariya və I Elizabet daşıdı və onlardan sonra Tüdorlar sülaləsi başa çatmaqla, İngiltərə taxt-tacını I Ceyms adlandırılan Şotlandiya kralı VI Ceymsə verilməklə, 110 il ərzində Styuartlar sülaləsinə mənsub oldu). Ceyms peyğəmbərliyini elan etdikdən sonra dedi: "Biz öz günahlarımızı yumalıyıq. Mən öz atamı öldürdüyümə görə, sənin atan əmisi oğlanlarına qarşı öz günahlarına görə. Mən səlib yürüşünə getməliyəm. Özümüzü xilas etmək üçün mən heç bir başqa yol görmürəm".  

1512-ci ilin yazı 

Kral Ceyms, onu əvəz edəcək varisi olmadan səlib yürüşünə getmək imkanına malik deyildi. Papanın başqa planı var idi və İspaniya ilə Venetsiya arasında ittifaq yaratmışdı. VIII Henri də bütünlüklə öz ispaniyalı arvadı Katerina Araqonlunun təsiri altında idi. O, xristian krallıqlarının birliyini pozacaqdı. Katerina Harrinin ispan qayınatasına xidmət etməsinə nail oldu və onu Fransaya qarşı müharibəyə sürüklədi. Yalnız Ceyms ümid edirdi ki, bütün Avropa səlib yürüşünə gedəcəkdir.

Avropa isə yenidən bölünmüşdü. VIII Henri Akvitaniyanı işğal edib, onu İngiltərəyə geri qaytarmaq arzusunun arxasınca gedə bilərdi. Bacısı Harrinin əbəs hərəkətlərinə görə onu məzəmmət edirdi. Başlanan müharibəni udmaq mümkün deyildi, bütün Xrisitan dünyası dinsizlərlə vuruşmaq əvəzinə beynəlxalq döyüşə girəcəkdi. Marqaretin qardaşı bütünlüklə hiyləgər arvadı tərəfindən idarə olunurdu. Katerina İngiltərə kralı tərəfindən yoxsulluqdan xilas olmuşdu. O, kralın partnyoru olmağa ümid edirdi, krala bərabər kraliça olmağa çalışırdı. Onun anası da öz hüququna müvafiq olaraq dövləti idarə edən bir kraliça idi. Katerina da özünün gizli ambitsiyasına görə anasına bənzəyirdi - Xristian dünyasında ən böyük qadın olmaq istəyirdi. Məhz buna görə o, Artura ərə getmişdi ki, onun vasitəsilə İngiltərəni idarə edə bilsin. Buna görə də o, sonra Harriyə ərə getmişdi və yenə də öz yolu ilə getməkdə davam edirdi.

Fransanın Luisi (XII Lui) özünə qarşı müttəfiqlərin toplaşmasından təşviş hissi keçirirdi. Ceymsə vəd vermişdi ki, o, Fransa ilə Şotlandiya arasındakı ittifaqı qoruyub saxlayacaqdır. Ceyms arvadına deyirdi ki, "Əgər mən fransızlarla ittifaqda olsam, sənin qardaşın onlara müdaxilə etməyəcəkdir. O, buna cəsarət edə bilməz. Çünki qorxacaqdır ki, onun özü uzaqda olanda mən onun Şimal torpaqlarına müdaxilə edəcəyəm".

Marqaret dedi: "Sən bunu elə bilməzsən. Bizim nikahımız Daimi Sülh Müqaviləsini möhürləmişdir".

Ceyms azacıq güldü: "Sən bu barədə haqlısan, ancaq sən öz işinlə məşğul ol və əmin ol ki, bu ölkəni və hətta İngiltərəni sənin bizə verəcəyin oğlan uşağı üçün səni salamat saxlayacağam - kim bilir? O, bəlkə də, iki krallığın varisi olacaqdır". Yenə də Ceyms gələcəkdə başqa şəkildə həqiqətə çevriləcək sözləri deməklə, özünün öncəgörməsini nümayiş etdirirdi.

Marqaretin oğlu oldu, bu, möhkəm, sağlam uşaq idi. Ananın yastığının üstündə qızıl suyu ilə Şotlandiyanın simvolu olan qanqal gülü və qızılgül çəkilmişdi.

Harrinin də Henri adlı oğlu olanda Marqaret Londona, Vestministerə səfər edəcəkdi.

1512-ci ilin payızında isə Marqaret oğlunun - varisin böyük bayramı vaxtı xəstə idi. O, Katerinaya yazıb xahiş etdi ki, sülh üçün əri Harriyə öz təsirini göstərsin. Müraciət edirdi ki, qardaşını inandırsın ki, Xristian dünyasında sülhü məhv etməsin.  

1513-cü ilin yazı 

Heç nə VIII Henrinin Fransaya müdaxilə etməsini dayandıra bilməyəcəkdi. Marqaretin nikahı şərəfinə yaranan Daimi Sülh məhv olsaydı, o, təhqir olunacaqdı. Harri yenicə onun ərinin yanına emissarlar göndərmişdi ki, Harri Fransaya müdaxilə edən dövrdə Ceyms İngiltərəyə soxulmasın. VIII Henri fransızlarla müharibəyə başlamaqla, öz səfehliyini göstərirdi. Marqaretin körpə oğlu isə onun varisi idi. Ceyms isə arvadına deyirdi ki, sən bacı kimi Harrini və onun arvadını sevməyə borclusan.  

1513-cü ilin yayı 

Katerina Harriyə demişdi ki, Ceyms onları Marqaretin təhlükəsizliyi üçün qorxudur. Həm də əlavə etmişdi ki, guya Ceyms təqsirinə görə ölkədən qovulmuşdur. Ərinin Marqareti dustaq etməsi barədə də bir dəhşətli şey danışmışdı.

Ceyms deyirdi ki, mənə qarşı onlar hətta Papanı da satın ala bilərlər.

Marqaret Holiruudhauz sarayından Katerinaya yazırdı ki, "Əgər sən Harriyə Fransa ilə mübahisəsində atana dəstək verilməsi məsləhətini təkid edirsənsə, sən İngiltərənin mənafeyinə qarşı hərəkət etməli olacaqsan. Uzun müddət Fransa şotlandların əsl dostu olmuşdur və lazım gəlsə, biz onlara dəstək verəcəyik. Qoyma sənin atan Harri ilə Ceyms arasında, sənin ərinlə mənim ərim arasında, İngiltərə ilə Şotlandiya arasında, nəhayət, qardaşımla mənim aramda belə uçurum yaratsın.

Sən mənə həqiqi bacı, İngiltərəyə isə həqiqi kraliça ol və müharibənin qarşısını almağa çalış. Elə et ki, mənim irsim özümə çatsın. Mən dua edirəm ki, sən bunda borc cığırını görəsən".

Katerina isə bu məktuba heç cavab da vermədi. O, Fransa ilə müharibənin baş verməsini israr edirdi.

Marqaretgil Liplisqou sarayında çox rahat dincəlirdilər. Göl forellə və hətta qızıl balıq ilə dolu idi. Kraliça naharda yalnız qızıl balıq yeyirdi.

Əri Marqaretə dedi: "Qardaşın vuruş istəyir. O, cavan oğlandır və səfehdir. Mən fransızların haqqını ödəmək, öz torpaqlarımızı geri almaq üçün və özümü ingilislərə qüdrətli qonşu kimi tanıtmaq üçün həmin kampaniyaya rəhbərlik edə bilərəm".

Avqust ayında Marqaret göz yaşları ilə yuxudan oyandı və ərinə dedi: "Sən öləcəksən. Mən bilirəm ki, sən öləcəksən, mən bir daha öz brilyant bəzəyini geyinməyəcəyəm. Mən oğlumla tək qalacağam və bilmirəm ki, onu təhlükəsiz olaraq taxt-taca necə gətirəcəyəm". Əri dedi: "İrəli gedəni heç nə dayandıra bilməz".

Ceyms, bütün müharibəyə yollananlar kimi yalnız qələbə barədə düşünürdü, məğlub olacağı variantını heç ağlına da gətimirdi. O, güman edirdi ki, əgər Bibliyadakı İerixon səddi trubaların səsindən yıxılmışdırsa, niyə İngiltərənin şimal torpaqları da cəsur şotland ordusunun ayaqları altına yıxılmasın. Onu həvəsləndirən bir cəhət də kral VIII Henrinin vətənindən uzaqda olması idi, düşünürdü ki, ona elə bir müqavimət göstərilməyəcəkdir. O, arvadına rəsmi əlvida dedi, elə bil ki, onlar məhz romandakı kral və kraliça idilər. Arvadı ona öz adının və soyadının baş hərfləri ilə bəzənmiş ipək əl dəsmalı verdi. Ceyms yola düşdü. Atların nalından çıxan toz qığılcıma bənzəyirdi, yüzlərlə at bir böyük vəhşi heyvan kimi hərəkət edirdi və arxasınca toz buludu qaldırırdı. Bu mənzərinin özü də aldadıcı təsəvvür yaradırdı.

Marqaret Daimi Sülhün simvolu idi, sülhün dağılmasını heç cür başa düşmək istəmirdi. Lakin kral ərinin qətiyyətini dəyişdirmək iqtidarında deyildi.

İngilis lordları isə öz hərbi rəislərinin araba karvanını soymuşdular, onların atlarını oğurlamışdılar. Henri öz kübarlığının çiçəklərini Fransaya aparmışdı ki, qayınatasına görə, arvadına borclu olduğuna görə müharibəyə başlasın. O, İngiltərəni qorxulu qaydada himayəsiz qoymuşdu. Şotlandlar, vətənində olmayan krala və qətiyyətsiz müdaxiləçilərə qarşı bu müharibəni uda bilərdilər və öz qarşıdakı qələbələrinə böyük inam bəsləyirdilər. Lakin illuziya reallaşmağa yaxınlaşa da bilmədi. Əvvəlcə üstünlük onların tərəfində olsa da, Ceyms üç ingilis qalasını tutmuşdu, sonra vəziyyət onların ziyanına dəyişdi.

Marqaret müharibədən xəbərləri gözləyirdi. Döyüş başlamalı idi. İngilislərin komandanı Tomas Hauard döyüşdən raport verməmiş, Londona getməyə, Katerina ilə üz-üzə gəlməyə cəsarət etmirdi. Əgər o, məğlub kimi qayıtsa, Hauard ailəsi darmadağın olunacaqdı. Katerina bu baxt ölkədə kraliça - regent kimi qalmışdı. Ceyms isə vuruşmaq istəyirdi, geri çəkilə bilməzdi. Onlar Londonun özünə tərəf uzun yürüş edə bilərdilər. Bir əsgər başqa bir məlumat gətirdi ki, dəhşətli döyüş getmiş və o, qaçmağa başlayanda döyüş bizim ziyanımıza dəyişmişdi.

Leysan yağış yağmağa başlamış, su divarı qəsri əhatə etmişdi. Ceymsin özündən komanda göstərişini eşitməsələr, şotlandlar hətta danışmağa cəsarət etməyəcəkdilər.

Marqaretin ürəyi sürətlə döyünməyə başladı, o, özünü xəstə hiss edirdi, axı yenə də hamilə idi. Döyüşdən xəbər gətirən əsgər diz üstə çökdü, kraliça güman etdi ki, gətirdiyi xəbər, yəqin ki, yaxşı olacaqdır. Əsgər sakitcə dedi:

"Məğlub olduq".

"Bəs kral?"

"Ölmüşdür?" İngilislər şotlandları ox yağışına tutanda, oxun biri Geymsin çənəsini yarıb keçmişdi, yaralı kralı sonra düşmən əsgəri qılıncdan keçirdi.

"Sən buna əminsən?" - deyə Marqaret soruşdu. Bu vaxt o, körpə oğlu haqqında fikirləşdi, uşaq bir yaş yarımında idi və artıq atasız oğlan idi.

Xəbər gətirən dedi:

"Mən orada idim. Özüm bunu gördüm. Biz təpədən aşağı baxanda hər şey yaxşı görünürdü, lakin bu, xəyanətkar mövqe idi, yaşıl, alaqla örtülü bataqlıq idi. Biz palçığa batırdıq və onlar bizə imkan verdilər ki, onlarla əlbəyaxa vuruşaq. Atlarını aşağı çəkdilər". 1513-cü ilin 9 sentyabrında şotlandlar ağır məğlubiyyət anını yaşamalı olmuşdular.

Marqaret soruşdu:

"İtki nə qədərdir?"

"Ölülər?" - deyə israr etdi.

"Onlar öldülər. On minə qədər".

Marqaret: "On min?" deyə təkrar etdi. "Bu, mümkün deyildir. Elə bütün ordu 30 min adamdan ibarət idi. Onlar şotland ordusunun üçdə birini öldürə bilməzdilər". Müasir tarixçilər isə şotlandların itkisinin 12 min nəfər olduğunu qeyd edirlər.

"Bəli. Onlar bacardılar. Onlar əsir düşənləri də öldürürdülər, hətta ölənləri də qılıncdan keçirirdilər. Döyüş meydanında yaralananları da öldürürdülər. Öz silahını atıb, evinə qayıtmaq istəyənləri də təqib edirdilər. Onlar heç bir əsir götürməyəcəklərini elan etmişdilər və belə də etdilər. Mən heç vaxt belə şey görməmişdim. Sən dinsizlərə qarşı səlib yürüşünü özünə təsəvvür edə bilərsən. Onlar bəzi yaralıların boğazlarını kəsirdilər". İngilislərin döyüşdə itkisinin şotlandlarınkından altı dəfə az olduğu bildirilir.

"Kral? Haradadır onun cəsədi?" - deyə Marqaret soruşdu. "Biz böyük matəm təşkil edəcəyik. Mənim oğlum Ceyms kral elan olunmalıdır. Haradadır kralın cəsədi? Axı Ceyms, Malkolmdan sonra, Robert de Bryusdan sonra Şotlandiyanın ən böyük kralı idi. Tayfa başçıları tartanlarında (çarpaz naxışla toxunmuş yun parçadan olan şotland kişi yubkalarında) gələcək, tabut ətrafında dolaşacaqlar, şotland ağısını dilə gətirəcəklər. Biz öz kralımızı şərəfləndirəcəyik, onu heç vaxt unutmayacağıq".

(Ardı var)

 





17.09.2019    çap et  çap et