525.Az

Ölməz "Koroğlu" operası, məşhur "Uvertüra"...


 

VƏ BU ƏSƏRİN DAHİ ÜZEYİR HACIBƏYLİNİN TALEYİNDƏKİ MÜHÜM ROLU HAQQINDA QEYDLƏR

Ölməz "Koroğlu" operası, məşhur "Uvertüra"...<b style="color:red"></b>

Azərbaycan professional bəstəkarlıq məktəbinin, milli ("Leyli və Məcnun") və klassik ("Koroğlu") opera sənətimizin banisi dahi Üzeyir Hacıbəyov XX əsrin birinci yarısında dünya musiqisinin inkişafında da müstəsna rol oynayıb.

Üzeyir bəyin doğum günü ilə əlaqədar 1995-ci ildən hər il qeyd edilən 18 Sentyabr - Milli Musiqi Günu münasibətilə onun, zənnimcə, şah əsəri olan "Koroğlu" operası, xüsusən də, bu operanın mühüm hissəsi olmaqla yanaşı, faktiki olaraq müstəqil musiqi əsərinə, Azərbaycan xalqının azadlıq himninə çevrilmiş 81 yaşlı "Qəhrəmanlıq uvertürası"nı bir daha xatırlamağa dərin ehtiyac duyduq. Ən çox da o baxımdan ki, həmin "Uvertüra" öz müəllifinin taleyində müstəsna rol oynayıb, hətta onun xilasına xidmət edib.

Üzeyir Hacıbəyli misilsiz yaradıcılığında böyük novator (yenilikçi) kimi çıxış edərək milli musiqi mədəniyyətimizin, ümumən Şərq bəstəkarlığının inkişafına əsaslı təkan verdi. Sovet dövründə vurğulandığı kimi, "dünya və rus klassiklərinin ənənələrini mənimsəyərək və davam etdirərək, onları milli-xalq incəsənətinin xüsusiyyətləri ilə üzvü surətdə birləşdirən Ü.Hacıbəyli bu əsas üzərində Azərbaycan incəsənətində yeni, professional musiqi dilini yarada bildi və bununla da milli musiqi üslubunun təməlini qoydu". Xalq musiqisinin məzmunu Ü.Hacıbəylinin əsərlərində famamilə yeni keyfiyyat - ümumavropa musiqi yaradıcılığının professional janrları üçün səciyyəvi keyfiyyət kəsb etdi. Lakin milli zəminindən əsla ayrılmadı və özünəməxsusluğunu itirmədi. Azərbaycan xalq musiqisinin "harmonik və polifonik" əsasını üzvü surətdə duyan bəstəkar bunu dahi novator cəsarəti ilə işləyib Avropa "funksional" sistemilə əlaqələndirdi. Onun ölməz musiqisi özündə məzmun dolğunluğu ilə ifadə səmimiliyini birləşdirir, həm professional musiqiçilər, həm də geniş dinləyici kütləsi üçün eyni dərəcədə sevilən və anlaşılandır.

Üzeyir Hacıbəyli parlaq istedad sahibi və nəhəng şəxsiyyət kimi xalqımızın tarixində görkəmli alim-akademik, həmçinin, alovlu vətənpərvər, mütərəqqi ideyaları təbliğ edən, geniş ictimai fəaliyyət göstərən fədakar ziyalı olaraq müstəsna yer tutur. Onun bütün ömrü xalqın tərəqqisi uğrunda çalışan bir mübarizin həyat yoludur. Bu mənada, onun həyatı və yaradıcılığı ilə əlaqədar hər hansı bir yeni, az məlum olan fakt böyük önəm və maraq kəsb edir.

Burada diqqətə çatdıracağımız hər iki mühüm tarixi məqam dahi sənətkarın "Koroğlu" operası ilə bağlıdır. Məlumdur ki, "Koroğlu" operası üzərində Üzeyir bəy 1932-1936-cı illərdə işləyib. Tale belə gətirib ki, "Koroğlu" operası Ü.Hacıbəylinin həyat və yaradıcılığında çox əhəmiyyətli, hətta "xilasedici" rol oynayıb. XVII əsrin əvvəllərində Azərbaycan xalqının yadelli işğalçılara və yerli feodallara qarşı apardığı azadlıq mübarizəsi, xalq qəhrəmanı Koroğlu haqqında yaranmış məşhur dastanının motivləri operanın süjetinin əsasını təşkil edir. El arasında igid və qorxmaz Koroğlu, onun sevgilisi Nigar, cəsur silahdaşları, yel qanadlı Qıratı haqqında çoxlu rəvayətlər vardır. Operanın süjeti üçün uzaq keçmişdə baş vermiş kəndli üsyanları barədə rəvayətlərdən istifadə edən libretto müəllifləri Məmməd Səid Ordubadi və Heydər İsmayılov - Üzeyir bəyin özünün də qismən iştirakı ilə - "sovet dövrünün ideoloji tələblərinə" uyğun olaraq ona müasir ictimai məna verməyə çalışıblar. Xalqın keçmiş qəhrəmanlığından, onun tarixi əhəmiyyətli mübarizəsindən bəhs edən Ü.Hacıbəylinin bu əsəri həm milli, həm də hamı üçün əhəmiyyətli olan professional ümumavropa opera üslublu yüksək bədiilik sintezinin parlaq nümunəsidir. "Koroğlu"nun dərin ideyalılığı, realizmi, musiqi dilinin xəlqiliyi və kompozisiyanın bütövlüyü milli incəsənətin bu şah əsərinə ümumxalq müvəqqiyyəti qazandirdı, eyni zamanda, o dövr üçün Azərbaycan mədəniyyətinin inkişafındakı rolunu və "sovet opera sənətində" fəxri yerini müəyyən etdi.

Operanın premyerası 1937-ci il aprelin 30-da Bakıda M.F.Axundov adına Opera və Balet Teatrının səhnəsində gerçəkləşib. Bu fakt geniş məlumdur və Üzeyir Hacıbəyli ilə əlaqədar bütün yazılı mənbələrdə göstərilib. Lakin az məlumdur ki, bu premyera çox möhtəşəm keçib. Tamaşanın ərsə gəlməsində, məşhur teatr rejissoru İsmayıl Hidayətzadənin quruluşçu rəhbərliyilə 500 nəfərlik yaradıcı və texniki heyət iştirak etmişdı. Ən maraqlı nüans burasıdır ki, "Koroğlu" operasını ümumdünya səviyyəsində məşhurlaşdıran melodik insrumental giriş hissəsi, operanın "Uvertüra"sı ilk quruluşlarda olmayıb, operanın premyerasından yalnız bir ildən sonra ərsəyə gəlib. "Uvertüra"nın opera üçün son dərəcə mühümlüyünü geniş oxucu kütləsinə çatdırmaq üçün qısa bir açıqlama verək. "Uvertüra" "açılış, başlanğıc" mənaları verir, musiqili teatr tamaşalarına (opera, balet, operetta) simfonik orkestrin çaldığı başlanğıc, giriş hissədir. Həmçinin, uvertüra hissəsindən kantata və oratoriyalar, silsilə süita tipli musiqi növlərində və XX əsrdən başlayaraq kino musiqisində də istifadə edilir. Uvertüraların ümumi xüsusiyyəti yaradıcı "niyyətin ayrı - ayrı əlamətlərinin (hissələrinin) ümümi və özü də ən parlaq şəkildə istrumental musiqi vasitəsi ilə birləşdirilməsidir". Tamaşaçılar, dinləyicilər üçünsə uvertüra əsasən musiqili səhnə əsərlərinə orkestr müqəddiməsidir.

"Koroğlu"nun premyerasından sonra, Avropa simfonik musiqi bilicilərinin, konservatoriya professorlarının tənqidi məqalələrində operanın bəyənildiyi ifadə olunur. Qərb simfonizmi ilə Şərq melodiyalarının Azərbaycan musiqi alətlərindən də istifadə etməklə uğurlu sintezi çox yüksək qiymətləndirilir. Ancaq Avropa simfonizmi üslubunda yazılmış operalarda zəruri, ənənəvi olan uvertüra hissəsinin burada yoxluğu bu əsər üçün yeganə qüsur kimi göstərilir. Bu irad Üzeyir bəyi "Koroğlu" operasını təkmilləşdirmək üçün yeni yaradıcılıq axtarışlarına sövq edir. Bu yaradıcı proses bir ilə yaxın müddətdə davam edir. Üzeyir bəy yaradıcılıq fəaliyyətində çox tələbkar, işinə, əsərlərinə hədsiz tənqidi yanaşan, xalq dilincə desək, "astagəl" işləyən bir sənətkar idi. O, bəyənmədiyi not yazılarını cırıb atır, yenisini yazır, ideyaya uyğun melodiya, musiqi axtarir, ilhamla işləyirdi. "Koroğlu" operasının "Uvertüra" hissəsinin üzərində işlədiyi müddət də hədər getmədi və meydana çıxan nadir sənət incisi həmin operanın ümumdünya səviyyəsində məşhurlaşmasına əlavə təkan verdi. Eləcə də "Uvertüra" özü inanılmaz dərəcədə populyar, tez-tez ifa edilən, Azərbaycanda və dünyada çox sevilən müstəqil musiqi əsərinə çevrildi. Birmənalı qəbul olunur ki, "Koroğlu" operasının "Uvertüra"sı bu janrın klassik nümunəsidir və bütün tələblərə cavab verir. Burada operanın qəhrəmanlıq ideyası, xalq kütlələrinin zülmə qarşı mübarizəsı, üsyan etmiş insan leytmotivi dahiyanə ifadə ilə səslənir. İndi bu operanı "Uvertüra"sız təsəvvür etmək ağlasığmaz görünür. Təsadüfi deyil ki, uzun zamandan bəri Azərbaycanda əksər təntənəli gecələr, festivallar, bəstəkarların plenumları, mühüm dövlət tədbirləri bu "Uvertüra" ilə başlanır. 

"Koroğlu" operasının "Uvertüra"nın da daxil olduğu tam variantı tamaşaçı auditoriyası qarşısında, 1938-ci il aprel ayının 2-də Moskvada keçiriləcək Birinci Azərbaycan İncəsənəti Dekadası ərəfəsində, əsərin baş məşqində çalınıb. Maraqlıdır ki, bu dekada zamanı "Koroğlu" operası tamaşaçıların xahişi ilə iki dəfə təqdim edilib.  Dekadanın gedişində Sovet İttifaqının rəhbəri - "Xalqlar atası" İosif Stalin operanı bəyənib, alqışlayıb və çox yüksək qiymətləndirib. Nəticədə, Üzeyir Hacıbəyliyə və əsas partiyanın - Koroğlunun ifaçısı Bülbülə SSRİ Xalq artisti adı verilib. Bu əlverişli məqamı - Stalinin Üzeyir bəydən razılığını və əsərdən məmnun qaldığını görən Azərbaycan SSR-in rəhbəri Mircəfər Bağırov, fürsəti əldən verməyərək, dahi bəstəkarın taleyilə bağlı son dərəcə vacib bir məsələnin - həmin vaxt "mümkünsüz" hesab edilən (bəy oğlu, AXC-nin Himninin bəstəkarı, qardaşı Parisdə mühacir olduğu üçün), lakin o dövrdə "repressiyalardan" qorunmaq üçun həyati baxımdan zəruri olan - Umumittifaq Kommunist (bolşeviklər) Partiyasına üzvlüyü məsələsinin həllini irəli sürüb. Məlumatlar var ki, Mircəfər Bağırovu yüksək qiymətləndirən, onunla hesablaşan Stalin, şəxsi görüş zamanı Azərbaycan rəhbərinin "Üzeyir Hacıbəyovu  partiyaya qəbul etmək lazımdır!" təklifinə gülə-gülə belə bir sualla cavab verir: "Bəs Hacıbəyova kim zəmanət verəcək?" Onda Mircəfər Bağırov usta bir gediş edərək: "Siz və mən!" Bu məqalənin muəllifi 1938-ci ilə aid "Bakinski raboçi" qəzeti toplusunda elmi axtarış apararkən o zaman may ayında dərc edilmiş bir materialda Üzeyir bəyin Kommunist Partiyasına qəbul olunması barədə maraqlı bir məlumata rast gəldi. Orada qeyd edilmişdi ki, "Yoldaş Üzeyir Hacıbəyov Kommunist Partiyasına üzv olmaq üçün ərizə verdikdən sonra Azərbaycan Kommunist Partiyasının üzvlüyünə birbaşa, namizədlik stajı keçmədən qəbul olunmuşdur". Maraqldır ki, hələ 1937-ci ilin dekabrında, Mircəfər Bağırov bu "xilasedici" prosesi daha etibarlı etmək ücün bəstəkar Ü.Hacıbəylinin SSRİ Ali Soveti (Sovet İttifaqı parlamentinə) deputatlığına Naxçıvan Muxtar Sovet Sosialist Respublikasından, "sarsılmaz bitərəflər və kommunistlər blokundan" namizəd irəli sürülməsinə və seçilməsinə nail olmuşdu. Bu, SSRİ və Azərbaycan SSR rəhbərlərinin Üzeyir Hacıbəyli şəxsiyyətinə, yaradıcılığına dərin ehtiramının nəticəsi idi. Beləliklə, "Koroğlu" operasının uğuru, SSRİ rəhbəri İosif Stalinin "toxunulmazlıq" göstərişi və Azərbaycan SSR-in rəhbəri Mircəfər Bağırovun səyləri nəticəsində 30-cu illərin ikinci yarısından tüğyan edən repressiyalar Üzeyir bəydən yan keçir və dahi bəstəkar bundan sonra daha 10 il ömür sürərək, vətəninə, millətinə böyük faydalar verir.

Üzeyir bəyin musiqisi ölümsüzdür. Xüsusilə də onun "Koroğlu" operasının dahiyanə "Uvertüra"sı artıq 81 ildən çoxdur ki, az qala hər gün səslənir, Azərbaycan xalqı və dünyanın digər xalqları, böyük türk dünyası tərəfindən sevilir, alqışlanır. Dahi bəstəkarın əziz, işıqlı xatirəsi millətimizin yaddaşında və dünya musiqi tarixində haqlı olaraq əbədilik yer tutub.

Nizami AĞAYEV
Araşdırmaçı-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 





18.09.2019    çap et  çap et