525.Az

"Multikulturalizmə giriş" dərsliyinin təqdimatı oldu


 

KAMAL ABDULLA: "MULTİKULTURAL ƏHVAL-RUHİYYƏ VƏ MULTİKULTURAL DƏYƏRLƏRƏ QAYĞIKEŞ MÜNASİBƏT AZƏRBAYCAN XALQINA XAS OLAN KEYFİYYƏTDİR"

"Multikulturalizmə giriş" dərsliyinin təqdimatı oldu<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində "Multikulturalizmə giriş" dərsliyinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ölkədəki tolerant mühitdən, Azərbaycan multikulturalizmindən bəhs edib. Bildirib ki, Azərbaycanda istər millətlərarası və dinlərarası münasibətlər, istərsə də multikultural dəyərlər sahəsində əsrlərboyu təşəkkül tapan ənənələr mövcuddur. Multikultural əhval-ruhiyyə və multikultural dəyərlərə qayğıkeş münasibət əsrlərdən bəri Azərbaycan xalqına xas olan keyfiyyətdir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirildi və hazırda uğurla davam etdirilir. Prezidentin müvafiq sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi isə ölkəmizdə bu məsələyə olan xüsusi diqqətin təzahürüdür.

Akademik Kamal Abdulla deyib: "Azərbaycana gələn xarici qonaqlar və turistlər ölkəmizdəki tolerant mühiti, dövlətimizin apardığı multikulturalizm siyasətini yüksək dəyərləndirirlər. Azərbaycan multikulturalizminin müasir dövrdə təntənəsini xarici vətəndaşlar heyranlıqla qarşılayırlar. Bu sahədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Mərkəz yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirir".

K.Abdulla vurğulayıb ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir: "Layihə çərçivəsində dünyanın 21 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni magistratura pilləsində tədris olunur".

O qeyd edib ki, 2019-2020-ci tədris ilindən etibarən ölkəmizin bütün ali təhsil məktəblərinin bakalavr səviyyələrində "Multikulturalizmə giriş" əsas fənn kimi tədris ediləcək. Bu məqsədlə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən fənni tədris edəcək müəllimlərin bilik səviyyələrini artırmaq üçün sentyabrın 2-dən 13-dək hazırlıq treninqi təşkil olunub. Treninqdə yüzdən çox müəllim iştirak edib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə layihəsi olan "Multikulturalizmə giriş" dərsliyi nəşr edilib. Kitabın elmi redaktoru və "Ön söz"ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Dörd bölmədən ibarət kitabın 1-ci bölməsində "Multikulturalizmə giriş" fənninin predmetindən və əhəmiyyətindən bəhs edilib. Digər bölmələrdə isə dini, etnik müxtəliflik və multikulturalizm mövzularına geniş yer verilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib ki, ölkələrin elm, təhsil, mədəniyyət, iqtisadi, siyasi, səhiyyə və digər sahələrdəki nailiyyətləri müvafiq göstəricilər vasitəsilə müəyyən olunur: "Bu göstəricilərlə ölkələrin müvafiq sahə üzrə yeri müəyyən olunur. Multikulturalizm sahəsində də müəyyən göstəricilər var. Multikulturalizm ölkənin inkişafının mühüm bir sahəsini əks etdirir ki, bu da ilk növbədə, etnik mədəni müxtəlifliklərin qorunmasıdır".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı multikultural, tolerant dəyərlərimizin öyrənilməsində "Azərbaycan multikulturalizmi" fənninin tədris olunmasının vacibliyini qeyd edib, bu sahədə "Multikulturalizmə giriş" dərsliyinin mükəmməl hazırlandığını diqqətə çatdırıb.

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov çıxış edərək Azərbaycan multikulturalizmi modelinin öyrənilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində "Multikulturalizmə giriş" dərsliyinin və "Azərbaycan multikulturalizmi" fənninin əhəmiyyətindən söz açıblar.

Tədbir çərçivəsində ölkənin müxtəlif universitetlərindən treninqdə iştirak etmiş 100-dən çox müəllimə sertifikat verilib.

S.QARAYEVA

 





18.09.2019    çap et  çap et