525.Az

Şüşənin o tərəfi və ya peşəkarların məkanı


 

Şüşənin o tərəfi və ya peşəkarların məkanı<b style="color:red"></b>

Dörd ildir ki, artıq mənim üçün doğma məkana çevrilən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində təhsil alıram.

Bir tələbə kimi deyə bilərəm ki, peşəkar jurnalistlər yetişdirməyi qarşısına məqsəd qoyan bu fakültədə təkcə nəzəriyyə ilə kifayətlənilmir, həm də gənc jurnalistlərə təcrübi bilik və bacarıqlar öyrədilir. Dörd illik təhsil müddəti ərzində tələbələrin öyrəndikləri nəzəri bilikləri əyani surətdə tətbiq etmələri üçün fakültəmizdə "Jurnalist" qəzeti, "Jurnalistika.info" saytı ixtiyarımıza verilib. Eyni zamanda, burada illərdir tədris-təcrübə studiyası  fəaliyyət göstərir. Studiyada tələbələr öz verilişlərini hazırlayır, efir mədəniyyətinin sirlərinə yaxından bələd olurlar.

Əlbəttə, bu işdə studiyada çalışan professional kollektiv üzvləri köməyə gəlir. Fakültənin Radio-televiziya kafedrasının müəllimi, studiya müdiri Ramin Rzayev təkcə özünün yüksək insani keyfiyyətləri ilə yox, həm də konkret sahənin bir mütəxəssisi kimi tələbələrin əksəriyyətinin sevgisini, rəğbətini qazanmağı bacarıb. Elə studiyada ərsəyə gətirilən proqramların sayının günü-gündən artmasının səbəbi də birbaşa olaraq peşəkar kollektivin öz işini layiqincə yerinə yetirməsidir. Təsadüfi deyil ki, iş vaxtının hansı saatından asılı olmayaraq adətən studiyada gərgin iş prosesi gedir. Ya veriliş çəkilir, ya montaj prosesi gedir, ya da studiya işçiləri həvəsli tələbələrlə öz bilik və bacarıqlarını bölüşürlər. Verilişlər tam hazır olduqdan sonra isə BDU studiyanın YouTube kanalında yayımlanır və böyük bir tamaşaçı auditoriyasına təqdim olunur. Sevindirici məqam ondan ibarətdir ki, hətta digər fakültələrdə təhsil alan tələbələr də bəzi hallarda öz verilişlərini hazırlamaq üçün studiyamıza üz tuturlar. Studiyada onların heç birinə fərq qoyulmadığının, öz işini bilən kollektivin həvəsi, marağı olan gənclərə maksimum köməklik göstərdiyinin şəxsən şahidiyəm.  "Uğurun alqoritmi", "Sport Up", "Üçüncü mərtəbə" kimi verilişlər nəinki universitetin müəllim-tələbə heyətinin, eləcə də konkret mövzu ilə maraqlananların səbirsizliklə gözlədikləri, həvəslə izlədikləri proqramlardandır.

Yüksək keyfiyyətli verilişlərin hazırlanması üçün BDU studiyada hər cür şərait var - montaj otağı, səsyazma kabineti, kiçik mühazirə auditoriyası və şübhəsiz ki, işıqlı, səliqə-səhmanlı studiya. Necə deyərlər, bura gələn bir daha gəlmək istəyir, içəri girən çıxmaq istəmir. Studiyadakı böyük aparatura sistemləri sanki bura gələnləri ovsunlayır. Yadıma gəlir ki, aparıcısı olduğum "İdmançı" verilişinin ilk qonağı olmuş cüdo üzrə kişilərdən ibarət yığma komandamızın sabiq baş məşqçisi, Əməkdar məşqçi Fərhad Məmmədov studiyanı görər-görməz demişdi: "Maşallah, heç məşhur telekanallarda belə şərait yoxdur".

Yeri gəlmişkən, qeyd edim ki, bu günlərdə "İdmançı"nın bir yaşı oldu. Ötən bir il ərzində studiyadakılardan, həqiqətən, çox şey öyrənmişəm - nitq mədəniyyətindən tutmuş sualların tərtib olunmasına, operatorluqdan tutmuş montaja qədər...Təkcə mən yox, studiya ilə az-çox əlaqəsi olan bütün tələbə-jurnalistlər etiraf edə bilərlər ki, BDU TV-radio bizim üçün əsl məktəbdir.

İndiki tələbələrin böyük bir hissəsi, yəqin ki, gələcəkdə müxtəlif KİV orqanlarında çalışacaq. Əlbəttə, televiziyalara, radiolara üz tutanlar da olacaq. İşləyəcək, öz işləri ilə hətta digərlərinə də nümunə olacaqlar. Yalnız ona görə yox ki, onlar həmin vaxt böyük bir jurnalist nəsli yetişdirmiş BDU-nun Jurnalistika fakültəsinin məzunu adını qazanacaqlar, həm də ona görə ki, hər biri BDU TV-nin yetirməsi olacaq, televiziya, radio işinin əlifbasını məhz burada öyrənmiş olacaqlar.

Studiyamızın qapısı şüşədəndir. Şüşələrin o tərəfində o qədər gözəl bir həyat var ki - musiqi,  görüntü, səs lövhələri ilə dolu bir həyat. Təcrübəli mütəxəssislərin, həvəsli tələbələrin olduğu peşəkarların məkanıdır BDU studiya...

Kənan NOVRUZOV
BDU Jurnalistika fakültəsinin IV kurs tələbəsi

 





18.09.2019    çap et  çap et