525.Az

İşıq məbədi kimi - Şahanə Müşfiqin reportajı


 

PAYTAXTIN SABUNÇU RAYONUNDAKI NAZİM İSMAYILOV ADINA 80 NÖMRƏLİ MƏKTƏBİN 50 İLLİK YUBİLEYİNƏ

İşıq məbədi kimi - <b style="color:red">Şahanə Müşfiqin reportajı </b>

"Mənə bir hərf öyrədənin köləsi olaram" - deyirdi Həzrəti Əli. Cəmiyyətin inkişafı, aydın və işıqlı gələcəyinin təminatı məhz bizə "bir hərf" öyrədənlərdən, ümumi şəkildə desək, müəllimlərimizdən asılıdır. Müəllimi savadlı, aydın düşüncəli, geniş dünyagörüşlü və vicdanlı olan cəmiyyətin yüksəlişi qaçınılmazdır.

Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi, "bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq".

20 yaşlı "Bilik Günü"m

Sentyabrın 16-sı Azərbaycanda "Bilik günü" kimi qeyd olundu. Ölkənin hər yerində eyni həyəcan, eyni sevinc, eyni xoşbəxtlik yaşanırdı: məktəblərdə ilk zəng çalınırdı...

Həmin gün Bakı şəhəri, Sabunçu rayonu, Nazim İsmayılov adına 80 nömrəli məktəbin taleyində xüsusən əlamətdar idi. Bu ay 50 illik yubileyini qeyd edən məktəb 50-ci dəfədir ki, ailəsinin qoynundan çıxıb ona üz tutan körpələrə bir ana istiliyi, ata qayğısı ilə qucaq açır.

Bioqrafiyamın ilk sətirlərinə adı əbədi həkk olunmuş 80 nömrəli məktəbin 50 illiyi mənim üçün də əlamətdar tarixə təsadüf elədi. Çünki mən də vaxtilə valideynlərinin qoynundan çıxıb sözügedən məktəbin qucağına sığınan o körpələrdən biriyəm. Və mənim məktəbə açılan ilk addımlarımdan 20 il ötür.

Sevindirici və qürurverici haldır ki, ilk "Bilik günü"mün 20 yaşını yenə də doğma məkanda, 11 il ərzində mənə dərs deyən, təkcə hərf yox, elmin əksər sahələrində ilkin bilikləri öyrədən əziz müəllimlərimin arasında keçirtdim.

Sevinc, qürur qarışıq hisslərlə ətrafa göz gəzdirərkən yenə də bir küncdə əllərini ovuşdura-ovuşdura ağlayan 6 yaşlı Şahanəni gözüm aldı. Gülümsədim... Çünki o qızcığazın niyə ağladığını düz 20 ildir bilirəm. O, anasından, atasından ayrıldığı, tanımadığı, bilmədiyi yerə düşdüyü, evi, oyuncaqları üçün darıxdığına görə deyil, kiçik bir yalnışlıq ucbatından siyahıda adı çıxmadığından məktəbə götürülməməkdən qorxduğu üçün ağlayır. Və 20 ilin arxasından balaca Şahanənin o qorxusu bu gün məktəbin Fəxri Məzunu kimi "Bilik günü"nə dəvət olunmağının təməli olaraq görünür. Bilirdim, öncə direktor Raisə Tahirova, sonra ibtidai sinif müəllimi Təranə Şəmsəddinova, sonra dil-ədəbiyyat müəllimi İlahə Axundova, sonra isə ayrı-ayrı müəllimlər gəlib o qızcığazın əlindən tutacaq, gələcəyə addım-addım irəliləməsi üçün yollarına çıraq yandıracaqlar.

Əsrin ortasında...

Dedik ki, bu il 80 nömrəli məktəb 50 illik yubileyini qeyd edir. Onun tarixi haqqında məlumatı məktəbin sabiq direktoru, "Qabaqcıl maarif xadimi", "Əməkdar müəllim", Prezident təqaüdçüsü Raisə Tahirova verdi. Azərbaycan dili və ədəbiyyatı müəllimi Raisə xanım düz 35 il 80 nömrəli məktəbə rəhbərlik edib. Bizim təhsil dövrümüzün çox illəri də elə Raisə müəllimin direktorluğu zamanına təsadüf edib:

"1969-cu ilin iyul ayında Ulu Öndər Heydər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. O, elə ilk zamanlardan hər sahənin olduğu kimi, təhsil sahəsinin də vəziyyəti ilə maraqlanıb. Məlum olub ki, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən orta məktəblərin əksəriyyəti beynəlmiləl məktəblərdir. Həmin dövrdə buradakı 72, 74, 169, 213 nömrəli məktəblərin hamısında həm Azərbaycan, həm də rus bölmələri vardı. O isə soruşur ki, burada milli, yəni sırf Azərbaycan bölməli məktəb varmı. Məlum olur ki, belə bir məktəb yoxdur. Həmin dövrdə də 80 nömrəli məktəbin tikintisi gedirmiş. Ulu Öndərin Sərəncamı ilə qərar verilir ki, tikilən yeni məktəb sırf milli məktəb olmalıdır. Beləcə, adları qeyd olunan məktəblərin Azərbaycan bölmələri əsasında 1969-cu il sentyabrın 23-də qəsəbədə ilk milli məktəb olaraq 80 nömrəli məktəb açılır.

Məktəbin ilk direktoru Hacıməmməd Hacıyev olur. 1973-cü ilə qədər o, buraya rəhbərlik edir. Mənsə o dövrdə İlk partiya təşkilatının katibi idim. Bir çox məktəblərə direktorluq təklif olunsa da, ailə vəziyyətimlə əlaqədar razı olmamışdım. 1973-cü il sentyabrın 23-də katibliyin qərarı ilə mən məktəbə direktor təyin olundum. 35 il bu məktəbə rəhbərlik etdim. 1975-ci ildə Heydər Əliyev bizim məktəbə gəldi. O, hər zaman buranı nəzarətdə saxlayırdı. Çünki o, düz 19 il bizim həmin vaxtlarda tərkibində olduğumuz Lenin rayonundan SSRİ Ali Sovetinə deputat seçilib. O, gəlişində müəllim və şagird kollektivimizlə tanış oldu və qarşımıza öhdəliklər qoydu. Onun dediyi bir cümlə hələ də yadımdadır. O dedi: "Bir şeyi unutmayın, Lenin rayonu fəhlə rayonudur. Sizin məktəbdə oxuyan uşaqların əksəriyyəti də fəhlə balalarıdır. Var qüvvənizlə çalışın, onlara savadınızı əsirgəməyin. Çalışın, qəsəbənin ilk milli məktəbi hər zaman öndə olsun". Həqiqətən də bizim kollektiv o böyük şəxsiyyətin tövsiyyələrini əsas götürərək hər zaman nümunəvi məktəb olub.

1976-cı ildə Azərbaycan SSR-in xalq maarifi naziri Mehdi Mehdizadə gözlənilmədən məktəbimizə qonaq gəldi və bir günü bizim məktəbimizdə keçirəcəyini dedi. O, 3 dərsi dinlədi, müəllimlərimizlə, şagirdlərlə söhbət elədi və çox xoşuna gəldi. Ona görə də həmin vaxt 15 müəllimimizi mükafatlandırdı: 5 müəllimə "Qabaqcıl maarif xadimi", 10 müəllimə isə "Təşəkkürnamə" verdi. Məktəbimiz Təhsil Nazirliyinin baza müəssisəsi olub. Tez-tez xaricdən gələn mötəbər qonaqlar, hətta SSRİ Təhsil naziri də buraya baş çəkib, məktəbimizlə tanış olublar.

Məzunlarımız arasında tanınmış, öz sahəsində sözünü demiş şagirdlərimiz çoxdur".

Təhsil Nazirliyinin xəttilə məktəbin iş təcrübəsi müxtəlif illərdə aşağıdakı mövzularda respublika miqyasında yayılıb: 1. "Şagirdlərlə müstəqil işin təşkili"; 2. "Məktəbdə şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınaraq hərbi - vətənpərvərlik və əmək tərbiyəsinin təşkili"; 3. "Altıyaşlılarla işin təşkili təcrübəsindən".

Məktəbin iş təcrübəsi ilə əlaqədar çıxışlar Sovetlər miqyasında keçirilən konfranslarda da olub: 1. Tallin şəhərində: - "Məktəbdə şagirdlərin hərbi - vətənpərvərlik və fiziki tərbiyə dərslərinin təşkilində hami təşkilatın köməyi"; 2. Minsk şəhərində: - "6 yaşlılarla işin təşkili təcrübəsindən"; 3. Bolqarıstanda: - "Məktəbin iş təcrübəsindən". Məktəb 2010-cu ildə Respublikanın 50 pilot məktəbində Təhsil Nazirliyi və "British Council"ın birgə layihəsi çərçivəsində "İngilis dilinin intensiv tədrisi" üzrə layihəyə qoşulub.

80-ci illərdə məktəb Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı və qalibi olmuş, gümüş medala layiq görülüb.

Raisə müəllimədən sonra məktəbə rəhbərlik edən Abasquliyev Əlislam müəllimin də ömrünün böyük hissəsi bu məktəbin adı ilə bağlıdır. O, 1975-ci ildən burada riyaziyyat müəllimi kimi çalışır. 1993-cü ildə təlim tərbiyyə işləri üzrə direktor müavini, 2008-ci ildən isə direktoru vəzifəsində işləyib. Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində məktəb iştirak edərək 2010-cu ildə qalib olub.

Fəaliyyəti müddətində "Əmək rəşadəti" medalı, "Xalq Maarifi əlaçısı" döş nişanı ilə təltif olunub, 1988-ci ildə "Metodist müəllim", 1994-cü ildə attestasiyanın nəticəsinə görə ali kateqoriyalı müəllim adını alıb. 1985-1994-cü illər Rayon Təhsil Şöbəsinin riyaziyyat fənni üzrə ştatdankənar metodisti olub.

Məktəb 2013-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə əsaslı şəkildə təmir olunub və həmin ilin sentyabrın 12-də dövlət başçısı məktəbin təmirdən sonrakı açılışında iştirak edib: "2014-cü ildə yeni korpusun açılışı ilə əlaqədar möhtərəm Prezidentimiz yenidən məktəbimizdə oldu. Bu halın özü bizim kollektiv üçün çox böyük önəmdir. Bunun mənim rəhbərlik zamanımda olması ilə mən həmişə fəxr edirəm. 2017-2018-ci illərdə mən çalışmanın yaş həddinə görə müqavilə ilə işlədim, sonra isə öz xahişimlə direktorluqdan uzaqlaşdım. Amma yenə də doğma məktəbimdə müəllim kimi fəaliyyətimi davam etdir, övladlarımızın təlim-tərbiyəsi ilə məşğul oluram. Bu məktəb mənim ikinci evimdir. Bu kollektiv məni peşəkar müəllim kimi, cəmiyyətə yararlı pedaqoq kimi formalaşdırdı. Biz buranı bitirən məzunlarımızla hər zaman fəxr edirik. Çünki onlar hər zaman məktəbimizə olan xüsusi hörmətləriylə, sevgiləriylə seçiliblər" - deyir Əlislam müəllim.

Sabunçudan Ağdama...

80 nömrəli məktəb şəhid məzun Nazim İsmayılovun adını daşıyır. Ta uşaqlığımızdan müəllimlərimizin Nazim İsmayılov və onun timsalında torpağımızın bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımız haqqında söhbətlərini dinləmişik.

Nazim İsmayılov 30 oktyabr 1959-cu ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri, Sabunçu rayon 80 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət Neft Akademiyasının Neft qaz-mədən fakültəsinə qəbul olunub. 1978-1980-ci illərdə Vladimirov vilayətinin Kovrov şəhərindəki tank hissəsində hərbi xidmət keçib.

90-cı illərin əvvəllərindən başlayaraq erməni təcavüzkarlarının Azərbaycan torpaqlarını qəsb etməsi, onların Dağlıq Qarabağ və ətraf rayonlarda törətdikləri vəhşiliklər iş həyatında uğurlar qazanan Nazimi gələcək planlarından daşındırır. O, Vətənin harayına biganə qala bilir. Gəncliyində anasını itirən Nazim Azərbaycan sevgisini xəstə atasının, həyat yoldaşının və üç körpə qız övladının ona olan ehtiyacından üstün tutur. 28 oktyabr 1993-cü ildə Sabunçu rayonunda yaradılmış könüllü dəstəyə qoşularaq alay komandiri kimi cəbhəyə yola düşür. İlk döyüşünə doğma Ağdam rayonundan başlayır. Onun komandiri olduğu alay bir sıra uğurlu əməliyyatlarda iştirak edir, Sofulu, Boyəhmədli və başqa kəndlər, bir neçə strateji yüksəklik heç bir itki vermədən erməni təcavüzkarlarından təmizlənir. Lakin 1993-cü il dekabrın Güllücə kəndi uğrunda bu döyüş onun son döyüşü olur. Nazim ömrünün ən şirin çağında şəhidlik zirvəsinə yüksəlir. O, Bakı şəhəri Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Məzunlarına qucaq açan məktəb

Məktəbin hazırki pedoqoji kollektivinin yarıdan çoxu öz məzunlarıdır. Bu, Raisə müəllimənin vaxtilə qoyduğu ənənədir. O deyir: "Mən həmişə istəmişəm ki, məktəbimizin məzunları sonra buraya qayıtsın, onlara dərs deyən müəllimlərlə çiyin-çiyinə işləsinlər. Onların arasında dil-ədəbiyyat, tarix, riyaziyyat, ingilis dili, ibtidai sinif və başqa fənlər üzrə müəllimlər var ki, artıq illərin təcrübəli, öz sözünü demiş pedaqoqlarıdır".

Onlardan biri də uzun illərdən bəri burada dil-ədəbiyyat müəllimi kimi, son bir ildə isə direktor əvəzi olaraq çalışan İlahə Axundovadır. O deyir ki, 50 illik ömrünün 43 ili bu məktəblə bağlıdır: "7 yaşımdan həyatım 80 nömrəli məktəblə bağlanıb. Burada göz açıb, burada böyümüşəm. Hələ tələbə ikən katibəlikdən əmək fəaliyyətimə başlamışam. Mənlə bərabər burada çox məzun müəllimlər işləyir. Bu, məktəbin ənənəsidir. 1990-cı ildən bu günə kimi dil-ədəbiyyat müəllimi kimi işləyirəm. Az müddət təlim-tərbiyə işləri üzrə direktor müavini, keçən ilin sentyabrın 24-dən isə direktor əvəzi olaraq çalışıram.

Dil-ədəbiyyat fənnini tədris etməyin məsuliyyətini hər zaman hiss etmişəm. Çünki balalarımıza öz dilini, ədəbiyyatını, mədəniyyətini sevgiylə tədris etmək elə onlara bilavasitə vətənə, dövlətə sevgi aşılamaq deməkdir. Bu işdə də müəllimim olmuş Raisə xanımın rolu əvəzsizdir".

Məktəbin riyaziyyat müəllimi Gülnarə Məmmədova da artıq 15 ildir burada pedaqoji fəaliyyətlə məşğuldur: "80 nömrəli məktəb yalnız şagirdlər üçün deyil, bizim özümüz üçün də bizi yetişdirən, böyüdən ocaqdır. Biz hər zaman bu məktəbin adına layiq olmağa, onun ənənələrini ən yaxşı şəkildə davam etdirib, gələcəyimizə ötürməyə çalışırıq. Məktəbin adını ucaldan hər bir məzun bizə öz doğmamız qədər əzizdir, dəyərlidir. Biz onlarla fəxr edirik!"

Bir məzun kimi mən də doğma məktəbimi yubileyi və növbəti "Bilik günü" münasibətilə təbrik edir, daha böyük uğurlar diləyirəm!

 





19.09.2019    çap et  çap et