525.Az

Ramiz Rövşənin şeirinə Qaşqay elindən nəzirə


 

Ramiz Rövşənin şeirinə Qaşqay elindən nəzirə<b style="color:red"></b>

Azərbaycanda qaşqaylar haqqında bilgisi olanların sayı o qədər də çox deyil. Uzun illər aramıza çəkilmiş tikanlı məftillər bizi eyni dildə danışdığımız, eyni soydan gəldiyimiz, eyni inanclı insanlardan ayrı salmışdı.

1990-cı ildən sonra gediş-gəliş asanlaşdı. Lakin əlaqələrimiz hələ də istənilən səviyyədə deyil. İran İslam Respublikasına heç olmasa ildə bir dəfə getsəm də, qaşqayların, xələclərin, qarapapaqların, sunqur, kuçan bölgəsində yaşayan türklərin yazıçı və şairlərini, sənət adamlarını, ziyalılarını hələ də yaxşı tanımıram.
Şirazda yaşayan qaşqay aydını, şair və musiqiçi Ərsalan Mirzeyi ilə də Türkiyədə tanış olmuşuq. 2016-cı il may ayının 2-4-də Giresun Universiteti "Beşinci Türk Dünyası Aşıqlar Şöləni və Pərvin Bəhməni" Kaşkai Halk Bilimi Simpozyum" təşkil etmişdi. Ərsalan Mirzeyi də Pərvin xanımın rəhbərlik etdiyi "Hava" ansamblının tərkibində Girəsuna gəlmişdi. Gözəl bir konsert verdilər.

Onunla sonra Şirazda da görüşdük. Bizi Zarqan qəsəbəsindəki evinə də apardı. Ailəsi ilə, oğlu və qızı ilə də tanış olduq. Sonrakı səfərimizdə də Şirazdan xeyli aralıda bulaq başında, eləcə də ortaq dostumuz Əminbəygildə gözəl çalıb-oxumaqla ruhumuzu oxşadı.

Tanburda gözəl çalan və pəsdən oxuyan Ərsalan Mirzeyi 1977-ci ildə Şiraz yaxınlığındakı Beyza qışlağında anadan olub. Firuzabad şəhərindəki universitetdə dil-ədəbiyyat ixtisasına yiyələnib. Çörəyini kasıblara və imkansızlara yardım idarəsində işləməklə çıxarsa da, günün ikinci yarısında özəl kurslarda qaşqay uşaqlarına tanbur çalmağı öyrədir.

Hərdən şeir də yazan Ərsalan Mirzeyi indiydədək "Uzaq yol", "Uşaqlar, ay uşaqlar", "Qaşqay tapmacaları" və "Qaşqay bölgəsində Şəhriyarın "Heydərbabaya salam" poemasına yazılmış nəzirələr kitablarını nəşr etdirib.

Azərbaycan ədəbiyyatını da ardıcıl izləyən Ərsalan Mirzeyi ilə hərdən yazışır və telefonda danışırıq. O, Ramiz Rövşənin bir şeirinə yazdığı nəzirəni mənə göndərmişdi. Mən də "525-ci qəzet"in oxucularına təqdim edirəm.

Ərsalan MİRZEYİ

Bağışla

Ayrılıb gedəndə bu uzaq yolu,
Dalınca getmədim, məni bağışla.
Mən səni, gözəlim, gözlərim nuru,
"Tanıya bilmədim, məni bağışla".
Bu yollar götürüb apardı səni,
Aparıb möhnətdən qurtardı səni,
Ürəyim çox gəzib, axtardı səni,
Tayını bulmadım, məni bağışla.
Tərpəndi dodağın, mələk huyunda,
Balıq tək tordaydı asta (qısa - Ə.Ş.) boyun da.
Şadlığın çağında, sənin toyunda,
Ağladım, gülmədim məni bağışla.
Ayrılıq çağında dedin: "Gələrəm",
Gəlmədin, qədrini indi bilərəm.
Özüm öz yanımda dedim: "Ölərəm"...
"Mən sənsiz ölmədim, məni bağışla".

 





19.09.2019    çap et  çap et