525.Az

Ağa qızı - Züleyxa Nadir yazır


 

Ağa qızı - <b style="color:red">Züleyxa Nadir yazır</b>

-Təxminən 17-18 il əvvəl kəndə getmişdim. Uşaqlarımla birlikdə qəbristanlığa baş çəkib atamı ziyarət etdim.

Mənim orada olduğumu görən kənd camaatı yanımıza gəldi, bizimlə birlikdə atamın qəbrini ziyarət etdilər. Qəbristanlığa gələ bilməyənlər isə evə gəldilər.  Çox sevindiklərini gizlətmədilər, mənə də xoş oldu.  O qədər gözəl və maraqlı görüş idi ki... İnsanlar ailəmiz haqqında xoş söz söyləyir, atamı ən  gözəl xatirələrlə anırdılar. Uşaqlarım kənd camaatının bu hərəkətinə heyrət etmişdilər. Onlar gedəndən sonra böyük oğlum dedi ki, türk filmlərinə oxşadı,  elə bil ağa qızını görməyə gəlmişdilər...

***

Əslində film həyatın bədii formada əksidir. Doğrudur, ekran əsərində həyatın ağı-qarası bir qədər obrazlı verilir, amma bütün hallarda tamaşaçı orda az və ya çox dərəcədə, ya da qismən özünü, ailəsini, tale yaşantılarını görür. Bu baxımdan hər insan ömrü bir filmdi. Yazımın qəhrəmanının oğlu da ANAsının taleyində xoş ovqat yaradan bir "film"lə üz-üzə gəlib. Və  ANAsı  həmin filmin qəhrəmanı kimi gözündə ucalardan da uca olub. Nə gözəl! Nə böyük xoşbəxtlik! Bu, hər anaya nəsib olan məqam deyil. Bu xoşbəxtlik hər qadının alnına yazılmır, hər ana onun tamını dada bilmir. "Ağa qızı" tutulunu daşımaq elə də asan deyil. Gərək onun məsuliyyətini daşımağı bacarasan. Gərək bu adın ləyaqəti və şərəfi sənin baş tacın olsun...

Bəli, ona doğrudan da "ağa qızı" demək olar. Oturuşu, duruşu,  iri gözləri, mənalı baxışları, zərif, incə səsi, kübar davranışı, ağır oturub batman gələn xasiyyəti məhz "ağa qızı"  titulu ilə assosiasiya olunub. Bəs, kimdi bu ağır oturub batman gələn ağa qızı? Tanış olun: tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin ümumi gigiyena və ekologiya kafedrasının dosenti Fəridə Əli. O Fəridə Əli ki, dərs dediyi ictimai səhiyyə fakültəsinin çoxlu sayda tələbəsi ciddiliyindən dolayı bu xanımdan bir qədər çəkinsələr də, tələbələrin dostu, yolgöstərəni, sevimli və əziz müəllimi kimi rəğbət qazana bilib. Deyir ki:

-Bunun kökündə tələbə-müəllim münasibətlərinin doğru istiqamət götürməsi dayanır.  Cəmi iki dərsdən sonra tədris etdiyim fənni tələbələr sevirlər.  Gigiyena tibbin xüsusi sahəsidir. O, həyat şəraitini, insan əməyinin insana təsirini və müxtəlif xəstəliklərin profilaktikasını öyrədir. Şəxsi gigiyena  sağlamlığı qorumağa və möhkəmləndirməyə, eləcə də ömrü uzatmağa  kömək edir. Azərbaycan Tibb Universitetində  təhsil alan tələbənin gigiyenanı  dərindən bilməsi onun daha yaxşı həkim olmasına təkan verir.

Fəridə xanım təkcə tələbələrindən danışmır ki? Yeri gələndə, söz düşəndə çalışığı kollektivdən, iş yoldaşlarından, müəllimlərdən də  sevə-sevə çöz açır, onların  ən yaxşı xüsusiyyətlərini dilə gətirir:

-26 nəfərlik kollektivin 18 nəfəri müəllimdi. Bilirsiniz bu nə deməkdi? Biliyini tələbəsinə ötürən 18  öyrətmənin bir ailədə birləşməsi deməkdi. Müəllim əxlaqında, davranışında, biliyində  tələbəyə nümunə olmalıdır.  Universitet müəllimi pedaqoqdu, həm də psixoloqdu. O hər bir tələbənin  xasiyyətinə bələddi, kimliyini yaxşı tanıyır. Mənim müəllim yoldaşlarım bu keyfiyyətləri hər gün özləri ilə auditoriyaya daşıyırlar. Kafedramızın təkcə müəllimləri deyil, digər işçiləri də bir çox  yaxşı keyfiyyətin daşıyıcılarıdı. Biz doğrudan da ailə kimiyik. Bir-birindən incimək, küsmək kimi hallar bu kollektivdən uzaqdı.  Kafedra müdirimiz Mirzə Kazımovun yeri isə bir başqadı. Onun adı gələndə hər kəs bilir ki, yaxşılıq, insanlıq, pedoqoji əxlaq və metod Mirzə müəllimin qiymət verdiyi keyfiyyətlərdi. Çünki özü bu xüsisiyyətlərin sahibidir.

***

Otuz iki il əvvəl Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirib. Uşaq həkimi işləmək  onun ən ali arzusu olub. Bu arzunun toxumlarını ürəyinə  respublikanın məşhur  uşaq həkimi, tibb elmləri doktoru, professor Adilə Namazova səpib.  Fəridə xanım uşaqlığının cazibəli xanımı  haqqında həvəslə, sevgi ilə danışır:

-Adilə xanım idealım idi, televiziyada ona baxırdım, haqqında oxuyurdum, qürur duyurdum. Mənə elə gəlirdi ki, əzizimdi, doğmamdı. Gələcəkdə mən də onun kimi məşhur olmaq istəyirdim.

O arzunun cücərib boy atmasında isə Əfruz həkim, Raisa həkim və Ədalət həkim böyük rol oynayıblar. Adlarını çəkdiyim sonuncu üç həkim Fəridə xanımın uşaqlıqdan şəxsən tanıdığı həkimlər olublar. Onlar vaxtilə Ağdamın savadlı, sayılıb-seçilən, sənətini gözəl bilən həkimləri kimi tanınıblar. Raisa həkimlə  bir az qohumluqları olduğu üçün evlərinə gedib-gəlib, həm də  balaca Fəridənin həkimi olub.

Onuncu sinfi bitirəndən sonra sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna verərkən böyük qardaşı Kamilin də məsləhətinə qulaq asıb. O, gənc Fəridəyə uşaq həkimi olmasını xahiş edib. "Uşaqlar dünyanın ən saf, ən təmiz məxluqlarıdı. İstəyirəm sən də hər zaman  saf olasan, təmiz qalasan"  deyib. Nə yazıq ki, amansız tale Fəridə xanımın qardaşını 25 yaşında onlardan ayırıb. Əgər sağ olsaydı hələ də saflığını itirməyən, təmizliyini qoruyan, xeyirxah, humanist və ədalət hissi güclü olan bacısı ilə fəxr edərdi. Əminəm ki, indi onun ruhu bacısından dolayı  çox rahatdı.

İş elə gətirib ki, Fəridə xanım institutu bitirəndən sonra böyük  xəstəxanalarda  işləmək arzusunun əlindən tuta bilməyib. Tələbəykən ailə qurmuşdu, iki oğlu var idi. Ona görə övladlarının da tərbiyə aldığı bağçada işləməyə üstünlük verib. Gəncliyində gerçək ağa qızı kimi davranan Fəridə xanım  evlənəndən sonra həyat kitabının yeni bir səhifəsini açdı. Burada o, artıq ağa qızı deyildi, evinin işini görən, xörək bişirən, gecə-gündüz uşaqlarının nazı ilə oynayan, həyat yoldaşını sevən, ona qayğı ilə yanaşan, hər qulluğunda dayanan, xüsusi diqqət ayıran ev xanımı oldu...

On iki il  uşaq bağçasında həkim işləyib. Doğrudu, burda da uşaqların sağlamlığına xidmət edib, qismən də olsa istəyinə nail olub.  Amma bütün hallarda Azərbaycanda tanınan həkim olmaq, respublikada hər kəsin sənə inandığı, uşağını etibar etdiyi  həkim olmağın  zövqü bir başqadı. Neynəməli? Görünür taleyin yolu bəzən insanı arzusundan çox, bacardığı, fayda verəcəyi başqa bir işə doğru aparır. İndi həmin  zövqü  Fəridə xanım tibb elminin yolunda addımlamaqdan alır.  Universitet  həyatı möcüzəli bir aləmdi, qaynar dünyadı. Bu odlu-alovlu dünya  onun həyatına başqa bir anlam qatıb, ayrı bir məna verib. Artıq pedoqoji fəaliyyətlə məşğuldu, gənclərlə çalışır, mühazirə oxuyur, yazır-pozur, iş planı qurur, dərs cədvəli tərtib edir və s. Bütün bunlar Fəridə Əlinin həyat ritminin ən  gözəl notlarıdı.

Tibb Universiteti onun uşaqlıq arzusunu gənclik dövründən keçirib bu günə gətirən bir körpüdü. Onun taleyindən keçən bu körpü acılı-şirinli xatirələrdən "tikilib". Xoş ovqatlı illər, sevincli günlər, təbəssüm dolu dəqiqələr həyatında iz qoymuş qəmin, kədərin üstündən keçmək üçün tikilmiş ikinci bir körpüdü. Nə xoş ki, bu körpülərin kəsişmə nöqtəsi yoxdu, paralel yollardı. Onun ömür yoluna səyahət etmək istəsən hər körpüdən ayrıca keçməli olacaqsan...

***

Fəridə xanımla illərin dostu deyilik. Son zamanların rəfiqəsi olaraq da davranış sərgiləmirik. Təsadüfü tanışlıq bundan da üstün olan bir doğmalıq hissi ilə bizi bir-birimizə yaxınlaşdırıb. Və həmin doğmalığın ali keyfiyyətlərini özündə birləşdirən dəyərlər bizi arabir görüşməyə, söhbət edib dərdləşməyə yönləndirib. Və mən hər görüşümüzdə bu gözəl xanımın zəkasına, qüruruna və ləyaqət hissinin  təmizliyinə, eləcə də qadınlıq şərəfini uca tutmasına heyran oluram. Bu zərif xanımın abır və həya hissinə aşiqəm. Mənə elə gəlir ki, onun qüsuru yoxdu. Ləyaqətli qadın o demək deyil ki, qüsursuzdu.  Yox, əlbəttə.  Amma analıq və qadınlıq şərəfini uca tutan qadının əxlaqı və şərəfi  çox ucadadır. O, əlçatmazdı. Ki... bu da qüsursuzluq deməkdi. Fəridə xanım məhz bu əlçatmazlıqda dayanıb. Ona həsəd aparanlar, paxıllıq edənlər qat-qat aşağıda dayanıb boylanırlar, amma görə bilmirlər. Ona görə ki, bu səmimi xanım heç vaxt belələrinin səviyəsinə enmir.

***

Şəxsiyyəti əlçatmaz  olan bu qürurlu xanımla vaxtaşırı aramızda olan söhbətlərdən yaranan  bəzi məqamları öz dilindən  çatdırmaq istəyirəm. Həmin söhbətlərdə verdiyim pərakəndə sualların cavabı onun iç dünyasından xəbər verir.

-Bu həyatda nədən narazısan?

-Ancaq özümdən narazıyam.

-Bəs, həyatdan nə öyrəndin?

-Adam kimi adam olmağı və ən böyük sərvətin elm, savad, bilik olduğunu.

-Bir iş görməmişdən, bir addım atmamışdan  əvvəl nəyi düşünürsən?

-Kimin qızıyam, kimin bacısıyam, kimin anasıyam, kimin həyat yoldaşıyam? Bunlara zərrə qədər də kölgə düşməsin deyə ən yaxşı bidiyim yolu seçirəm.

-Səncə, səviyyəli insanlar kimdi?

-Özünü idarə edənlər.

-İnsanda ən çox dəyər verdiyin amil nədi?

-Ədalətli və səmimi insanlar hər cür sevgiyə layiqdirlər. Yersdiz  gülən və qeybətcil qadınları sevmirəm.

-Hər bir insanın qəm yükü, kədər çəkisi var. Bu mənada səni ən çox ağrıdan yük...

-Ağdam həsrəti çox ağrılıdı.  Uşaqlığımın ən gözəl anları orda qalıb. Hər bir qarabağlı kimi mənim də yurd həsrətim həyatımın "yol yoldaşıdı". Ağdamsızlıq çox ağırdı...  Anamın 50 yaşında, qardaşımın 25 yaşında dünyadan köçmələri isə bir ayrı yükdü. Onların kədərini daşımaq çox çətindi. Bəzən dözə bilmirəm... mənim gözəl anam əslində 50 yox, 400 il yaşayıb. Həyatını 8 övladının arasında bölüb. Hər birimizə ayrılıqda 50 il əmək verib, zəhmət çəkib, yuxusuz gecələr keçirib, yorğun və əziyyətli anları olub. Bunları üst-üstə toplayanda 400 edir. Zəhmli və ciddi anam anaların ən gözəli, ən sadəsi idi...

-Anana bənzərliyin nə qədərdi, hansı xasiyyəti ondan götürmüsən?

-Doğruları danışmaq, dürüst və ciddi olmaq, yalana nifrət etmək, ailəmə bağlı olmaq kimi keyfiyyətləri anamdan götürmüşəm. Bir də xörək bişirməyi ondan öyrənmişəm.

***

Elm adamı, müəllim, xanım, qadın, və ən əsası sevimli  ANA, nənə olan Fəridə Əli haqqında bundan sonra da nə qədər yazsam, danışsam bitirə bilmərəm. Amma son olaraq bir məqamı yazmaqdan vaz keçə bilmirəm. Uşaqlarının onu ağa qızına bənzətdiyi hadisəni mənə danışmamışdan əvvəl də hiss etmişdim ki, bu sevimli xanımın damarlarında ağa, bəy qanı axır.

Əminəm ki, hisslərim məni yanıltmır...

Olaylar.az

 





20.09.2019    çap et  çap et