525.Az

Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu


 

BU MÖVZUDA KONFRANS KEÇİRİLDİ

Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu <b style="color:red"></b>

Dünən Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə "Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu" mövzusunda konfrans keçirilib.

Konfransda DQİDK və AQUPDK-nın təmsilçiləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, din xadimləri, həmçinin, ictimaiyyət fəalları iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib ki, bu gün Azərbaycanın kənd və rayonlarında yaşayan insanlar sanki hər şeyə qarşı inamlarını itiriblər. Hətta elə ailələr var, elə bil cəmiyyətdən təcrid olunublar. Çoxunun da dövlətin qayğısından, himayəsindən xəbərləri yoxdur. Onlar dövlətin təminatlarından, qanunlarından xəbərdar olmayan məlumatsız insanlardırlar".

Onun sözlərinə görə, xüsusilə də elə qadınlar var ki, onların təhsili yoxdur: "Biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq paytaxtla yanaşı, rayonlarda, kəndlərdə insanlarla sıx işləyirik. Bizə müraciət edən qadınların bəziləri heç ərizə də yaza bilmir. Ancaq həmin qadınlar adama dinlə bağlı dərs keçirlər. Digər problem isə ailə başçısının bu statusdan sui-istifadə etməsi ilə əlaqəlidir. Bununla bağlı bizə kifayət qədər müraciətlər daxil olur. Misal olaraq, bir çox qızlarımız bizə müraciət edir ki, atası ona təhsil almağa icazə vermir. Yaxud hansısa qadın müraciətində qeyd edir ki, həyat yoldaşı onu başını bağlamağa məcbur edir, işləməyə icazə vermir, evdən çölə çıxmağa belə qadağa qoyur. Bu azmış kimi, qadının əmək haqqını əlindən alan kişilər də var. Bəzən kişilər də bizə müraciət edib deyir ki, xanımı hər hansı dini qruplaşmaya qoşulub və övladlarını götürərək başqa ölkəyə gedib. Onlar bizə müraciət edərək deyirlər ki, kömək edin, heç olmasa övladlarımızı geri qaytara bilək".

T. İbrahimova qeyd edib ki, rayonlarda qatı dini düşüncəsi olan ailələrə də rast gəlinir: "Bəzən yerli idarəetmə orqanları həmin ailələrə müdaxilə edə bilmədiklərini deyirlər. Dövlət qurumu da bu kimi halların qarşısında acizdir. Bu kimi hallarda maksimum hər hansı cəza tədbiri ola bilər. Təbii ki, bu da çıxış yolu deyil. Çünki heç bir ailəyə məcbur nə isə etdirə bilmərik. Bu səbəbdən cəmiyyətin əsasları olan Qeyri-Hökumət Təşkilatları, dini icmalar dövlət orqanları ilə əməkdaşlıq etməlidir, bu problemlərlə birgə mübarizə aparmalıyıq".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova vurğulayıb ki, bugünkü cəmiyyət qadınların, anaların tərbiyəsinin məhsuludur. Bu səbəbdən İslamda qadına, anaya münasibət uca tutulur. 

Onun sözlərinə görə, İslam dini qadına ən uca dəyəri verən bir dindir. Elə bir inanc sistemi yoxdur ki, islam qədər qadına dəyər versin. İslam qadını ən uca mərtəbəyə yüksəldən bir dindir:

"İslam qadını şəxsiyyət kimi tanıtdı və onu hüquq sahibi etdi. "Qurani Kərim"in bütün aiyələrinə nəzər salsaq görərik ki, islamda heç vaxt qadın və kişi ayrı-seçkiliyi olmayıb. Qadına da kişiyə də bərabər hüquq verilib.  İslam dini qadınların evə qapanmasını deyil, əksinə, onların cəmiyyətin bütün sahələrində üzərlərinə düşəni etmələrini buyurur. İslamda kişilər və qadınlar eyni dərəcədə söz azadlığına sahibdirlər. İslam qanunlarına əsasən qadın iqtisadi hüquqa malikdir. Müsəlman qadınlar kişilər kimi təhsil alma, iqtisadi, ictimai fəaliyyət göstərmə, dini mərasimlərdə iştirak etmək hüquqlarına malikdirlər. İslam dininə görə, qadın sadəcə evin təmizliyinə baxan və ailə üzvlərinin xidmətində duran bir xidmətçi deyildir. Dinimiz qadına çox önəmli vəzifələr vermişdir ki, onları yerinə yetirə bilməsi üçün qadına lazım olan elm və tərbiyənin verilməsi vacib sayılır".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova isə qeyd edib ki, bu gün Azərbaycanda 15-17 yaş arası qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı xeyli azalıb. Ancaq 2018-ci ildə 2129 belə uşaq dünyaya gəlib, bu isə az rəqəm deyil.
 
Onun sözlərinə görə, bunun üçün 15-17 yaşında təxminən 3000-3500 qız qeyri-rəsmi nikaha girməlidir ki, onlardan da 2129 uşaq dünyaya gəlsin: "Hazırda cənub zonasında erkən nikahlarla bağlı rəqəm Aran zonası ilə müqayisədə elə də qorxulu deyil. Hətta Bakının kəndlərində də erkən nikahlar qeydə alınır. Araşdırmamıza görə, cənub zonasının elə ucqar kəndləri var ki, son 10-15 ildə orada ali təhsil alan bir qız belə yoxdur. Bəzi bölgələrdə isə əksinə, təhsil alan qızların sayı oğlanlardan çoxdur. Bunun da səbəbi odur ki, o bölgədə radikal dini qruplaşmaların təsiri altına düşən oğlanların sayı çoxdur".

Sevinc QARAYEVA

 





20.09.2019    çap et  çap et