525.Az

"Çap məhsullarına ƏDV tətbiqi böyük problemlər yaradır"


 

"Çap məhsullarına ƏDV tətbiqi böyük problemlər yaradır"<b style="color:red"></b>

Azərbaycana idxal olunan çap məhsullarına görə tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) aradan qaldırılması uzun müddətdir ciddi müzakirə mövzusudur.
 
Problemi həm mətbuat yayımı şirkətləri, həm də qəzet, jurnal və kitab çapı ilə məşğul olan qurumlar gündəmə gətiriblər. Məsələ Mətbuat Şurasında, hətta Milli Məclis səviyyəsində müzakirəyə çıxarılsa da, hələ ki  müsbət nəticə əldə olunmayıb.

Məlumat üçün bildirək ki, 2016-cı ilin yanvarın 1-dək ölkəyə idxal olunan qəzet kağızlarına, redaksiya, nəşriyyat və poliqrafiya məhsullarına ƏDV tətbiq olunmurdu. ƏDV-dən azad olmalar Vergi Məcəlləsinin 164.1.7-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə qeyd olunur ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) vergi ödəməkdən azaddır.

Lakin qeyd etdiyimiz tarixdən sonra Dövlət Gömrük Komitəsi (DGK) ölkəyə gətirilən kütləvi informasiya vasitələri məhsullarına ƏDV tətbiq etməyə başlayıb. Burda əsas anlaşılmazlıq ondan ibarətdir ki, Vergi Məcəlləsinə görə, çap məhsulları ƏDV-dən azaddırlar. Vergi Məcəlləsinin sözügedən maddələri açıq-aşkar şəkildə qəzet kağızlarının, redaksiya, nəşriyyat və poliqrafiya məhsullarının alqı-satqısının bütün növlərinə görə ƏDV-nin tutulmasına imkan vermir, lakin Dövlət Gömrük Komitəsinin rəhbərliyi Nazirlər Kabinetinin 2015-ci ildən ləğv edilən 11 saylı qərarını əsas götürür.

Mövzu ilə bağlı "525"ə danışan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli deyib ki, zamanında ƏDV-nin ləğvi əsaslandırılıb və bunun üzərinə birtərəfli ləğv qoyulmuşdu, sonradan isə bərpa edildi. "Məsələnin vacib tərəfi budur ki, ölkədə çap sənayesinin durumu onsuz da yaxşı vəziyyətdə deyil.  Satış aşağıdır, reklam gəlirləri demək olar ki, yox səviyyəsindədir.  Söhbət çap məhsullarından gedir. Bu baxımdan təklif olunmuşdur ki, konkret kağız üzərinə qoyulmuş ƏDV götürülsün ki, bu da həmin KİV-lərə böyük dəstək ola bilərdi", - deyə M.Ələsgərli bildirib. Onun sözlərinə görə, əslində, çap məhsullarına ƏDV-nin tətbiqi dövlətə elə də böyük gəlir gətirmir, bunun məbləği bir neçə yüz min manatdır, hətta milyonla da ölçülmür: "Göründüyü kimi, ƏDV-nin tətbiqi dövlət büdsəsinə çox az gəlir gətirir, amma qarşılığında ölkə əhalisinin çap məhsulları ilə təmin edilməsi baxımından çox böyük problemlər yaradır, onların keyfiyyətinə, çapına, kəmiyyətinə ciddi maneə törədir. Ona görə də Mətbuat Şurasnda  təkliflər paketi hazırlanmışdı və Şuranın sədri Əflatun Amaşov Milli Məclisdə həmin təklifləri səsləndirib.

Vurğuladığım kimi, burda təkcə çap sənayesində çalışanlar deyil, eyni zamanda, ölkə əhalisi də uduzur. Çünki çap məhsullarının tirajının düşməsi keyfiyyət məsələsində ciddi problem yaradır. Onsuz da dövlət KİV-lərin maliyyələşməsi üçün əlindən gələn dəstəyi verir, sadəcə olaraq burda dövlətin verdiyi dəstək digər tərəfdən ƏDV-nin tətbiqi ilə KİV-in əlindən çıxarılır. Ona görə də ciddi problemlər yaranır. Bu baxından təklif olunmuşdur və yenə də həmin təklif qüvvəsində qalır ki, nə qədər ki, çap məhsulları ilə bağlı durum yaxşı deyil, reklam aşağıdır, satışda problem var, heç  olmasa ƏDV götürülsün. Bunun artıq ölkədə ənənəsi var. Yəni qeyd etdiyim kimi, zamanında belə bir addım atılıb.  Amma vergi qanunvericiliyinə dəyişiklik ediləndən sonra yenidən bərpa olundu. İndi ənənə varsa, ƏDV yenidən götürülə bilər. Amma istənilən halda bu, parlamentin səlahiyyətində olan məsələdir". 

M.Ələsgərli deyib ki, məsələ daimi olaraq  gündəmdədir. MŞ sədri, millət vəkili  Əflatun Amaşov hər zaman bunu diqqətdə saxlayır:  "MŞ-nın ölkədə KİV-in durumunun yaxşılaşdırılması ilə bağlı təkliflər paketi var, orda çoxsaylı məsələlər öz əksini tapıb. ƏDV ilə yanaşı, yayım infrastrukturunun formalaşdırlması, reklam məsələsinin yoluna qoyulması, yəni 10-dan yuxarı təklif var ki, biri ƏDV ilə bağlıdır. Bu məsələ daim gündəmdədir və hesab edirəm ki, reallaşma ehtimalı böyükdür".

PƏRVANƏ

 





20.09.2019    çap et  çap et