525.Az

Paşinyanın populizmə əsaslanan Ermənistan 2050 - strateji İnkişaf sənədi


 

Paşinyanın populizmə əsaslanan Ermənistan 2050 - strateji İnkişaf sənədi<b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyanın bütün sferalarda ciddi uğursuzluqlara düçar olması onun xalq arasında reytinqinin günü-gündən azalmasına səbəb olur.

Paşinyan verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi və insanların etimadını itirməkdə davam edir. Erməni xalqı daha ona inanmır, əvvəlki dəstəyi göstərmir. Firavan həyat, çiçəklənən Ermənistan, xoşbəxt gələcək vəd edən Paşinyan bu gün öz xalqını çörəyə belə möhtac qoyub. Əhalinin sosial vəziyyəti getdikcə daha da ağırlaşmaqdadır, işsizlik, yoxsulluq  ölkənin əsas problemləri olaraq qalmaqdadır.

Paşinyan özünü baş nazir kreslosunda da meydandakı kimi hiss edir, məsuliyyətsiz bəyanatlar verir. Onun bu davranışı, naşılığı hakim komanda arasında da ciddi fikir ayrılığı yaradıb. Bu isə yüksək səviyyəli istefalarda özünü göstərir. Birmənalı demək olar ki, Paşinyan hökumət böhranı ilə üz-üzədir. Milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanesyanın ardınca, Ermənistan polisinin rəisi Valeri Osipyan da istefa verib. Maraqlısı budur ki, qeyd edilən istefalar barədə əvvəlcə Ermənistan mətbuatı hökumət mənbələrinə əsasən yazır, bunlar yüxarı səviyyədə təkzib edilir, az keçməmiş isə rəsmi qərar çıxarılır.

Əlbəttə ki, bu istefalar baş nazir üçün ağır zərbədir. Çünki bu şəxslər sıradan bir adam olmayıblar, ölkənin əsas strukturlarına rəhbərlik ediblər. Erməni mətbuatının yazdığına görə, Osipyan baş nazir Nikol Paşinyanla çətin söhbətdən sonra istefa verib. Məlumata görə, Təhlükəsizlik Şurasının iclasında polisin "Amulsar" qızıl yatağına aparan aktivistlər tərəfindən bağlanmış yolların açılmasına ehtiyac olması haqqında da danışılıb. Osipyan, əməliyyatın rahat keçə biləcəyinə şübhə etdiyini deyərək, güc tətbiq edilməsinin təhlükəli olacağını bəyan edib.

Paşinyan isə bildirib ki, əgər polis rəisi bunu etmək iqtidarında deyilsə, əməliyyatı polis komandiri Vaqe Kazaryan aparacaq. Söhbət Osipyanın istefa ərizəsi təqdim etməsi ilə nəticələnib. Artıq Osipyanın işdən azad edilməsi ilə bağlı prezident Armen Sarkisyan qərar imzalayıb.

Ermənistan mətbuatı yüksək səviyyəli istefaların davam edəcəyini, yaxın zamanda baş nazirinin müavini Mqer Qriqoryan, xarici işlər naziri Zöhrab Mnasakanyan, müdafiə naziri David Tonoyan, fövqəladə hallar üzrə nazir Feliks Çolakyan və ətraf mühüt naziri Erik Qriqoryanın da istefa verəcəyini yazıb. İstefa verəcək hökumət üzvləri arasında maliyyə naziri Atom Cancuqazyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, eləcə də dövlət gəlirləri üzrə komitənin başçısı David Ananyan, səhiyyə naziri Arsen Torosyan, əmək və sosial məsələlər üzrə nazir Zauri Batoyanın da adı çəkilir.

Bu, Paşinyanın tam şəkildə iflası olacaq. İstefa verən şəxslər bunu məhz baş nazirin fəaliyyətini, apardığı siyasəti bəyənmədikləri üçün bunu edirlər.  Çünki iş o yerə çatıb ki, artıq Paşinyanın dediklərinə öz komandasının üzvləri də inanmırlar, onun sadəcə xəyal qurduğunu, arzularını dilə gətirdiyini düşünürlər. Başqa sözlə, Paşinyan qeyri-ciddi bir rəhbər, siyasətçi obrazı formalaşdırıb.

Ona inamsızlığı artıran məqamlardan biri də elan etdiyi Ermənistan 2050 - Strateji İnkişaf sənədi olub. Erməni ekspertlər, sadə insanlar strateji sənəddə verilən vədlərin, reallıqdan uzaq olduğunu qeyd edir, bu zaman mövqelərini beynəlxalq təşkilatlar tərəfindən verilən proqnozlarla əsaslandırırlar. Ermənistan 2050 - Strateji İnkişaf sənədində Ermənistanın maliyyə vəziyyəti ilə bağlı qeyri-real hədəflər müəyyən olunub.  Sənəddə ən mühüm bəndlərdən biri işsizliyin ortadan qaldırılması ilə bağlıdır.  Qeyd edilməlidir ki, Ermənistanın ağır iqtisadi şəraiti və maliyyə çatışmazlığı bugünədək işsizliyin həcminin yüksək qalmasına səbəb olub.

Müstəqilliyin ilk illərinədək rəqəmli işsizlik səviyyəsi, sonrakı dövr ərzində artaraq 2018-ci ildə 17,71 % olub.  Bu rəqəmlər rəsmidir, ekspertlər qeyd edirlər ki, real işsizlik səviyyəsi daha böyükdür. 2016-cı ildə ölkə parlamentində qeyri-rəsmi işsizlik səviyyəsinin 35 % olduğunu və 1 milyondan artıq vətəndaşın yoxsulluq səviyyəsindən aşağı şəraitdə yaşadığı bildirilib.

Ermənistanda rəsmi statistikaya əsasən, əhalinin 4/1-i yoxsulluq səviyyəsindən aşağı vəziyyətdə yaşamaqdadır.

Miqrasiya dalğası günü-gündən genişlənir. Asiya İnkişaf Bankının Ermənistandakı yoxsulluq səviyyəsini Əfqanıstan və bir sıra geridə qalmış ölkələrlə müqayisə edir.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, Ermənistanın ümumi dövlət borcunun həcminin artacağı proqnozlaşdırılır. Ümumi dövlət borcunun artması, Ermənistanın maliyyə resurslarına ehtiyacı olması 2050 Strateji İnkişaf sənədinin qeyri-real hesablamalara əsasən tərtib edildiyini göstərir.

Beynəlxalq ictimaiyyətdən maliyyə dəstəyi uman bir dövlətin, 30 ildən sonra məvacibləri 7 dəfədən çox artıracağı ilə bağlı verdiyi vədlərin real vəziyyətlə əlaqəsi olmayan hədəflərdir.

Ermənistanı təmin edən ən ciddi mənbə ölkə xaricində yaşayan ermənilərdir. Erməni diasporu və ölkə xaricinə miqrasiya edən işçilərin ölkəyə yolladıqları maliyyə vəsaitləri onların ailələrinə yoxsulluq səviyyəsi ilə nisbi mübarizə aparmağa kömək edir.

Dünya Bankının hesabatına əsasən, 2000-2018-ci illər ərzində Ermənistana göndərilən maliyyə vəsaitləri artan xətt üzrə inkişaf edib. Vəsaitin böyük bir hissəsinin (təxminən 70 %) Rusiyada miqrant olaraq yaşayan ermənilər tərəfindən göndərilir, 2014-cü ildən etibarən köçürmələrin azalması ilə müşayiət olunur.  Xarici ianələr, diaspora və miqrantların ölkəyə köçürdükləri maliyyə vəsaitləri üzərində qurulan primitiv iqtisadi model, Ermənistan - 2050 strateji İnkişaf sənədində göstərilən hədəflərə çatmaq potensialına sahib deyil.

Bu gün bəllidir ki, Ermənistanın başlıca problemi Dağlıq Qarabağ münaqişəsidir. Hər kəs anlayır ki, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdur. Münaqişə həllini tapmadan nə iqtisadi inkişaf, nə sosial rifah, bir sözlə, bu ölkə üçün gələcək yoxdur.

Azərbaycanın Ermənistanı beynəlxalq və regional layihələrdən təcrid etmə siyasəti əvvəlki iqtidarları olduğu kimi Paşinyan hakimiyyətini də sərt reallıqlar qarşısında qoyur. Amma hələlik Paşinyan özündən əvvəlkilərin yolu ilə getməyə üstünlük verir: "Qarabağ kartı"ndan istifadə edib, reytinq qazanmaq, hakimiyyətini möhkəmləndirmək.  Onun 2019-cu il avqustun 5-də Xankəndidə "Qarabağ - Ermənistandır və nöqtə" açıqlaması, Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan "miatsum" deməsi də Ermənistan vətəndaşlarını yenidən hərbi ritorika ilə, böyük Ermənistan vədləri ilə aldatmaq niyyətindən irəli gəlir.

Lakin anlamır ki, artıq insanlar üçün bu fəndlər köhnəlib, bununla reytinq artırmaq da mümkün deyil. Paşinyanın həm hərbi, həm siyasi, həm də iqtisadi proqramlarının  reallığa deyil, populizmə, kütlənin emosiyalarını oxşamağa hesablandığı bu gün açıq-aşkardır.

PƏRVANƏ

 





20.09.2019    çap et  çap et