525.Az

Prezident: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”


 

Prezident: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”<b style="color:red"></b>

“Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. “Əsrin kontraktı”nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılmışdır. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var”.

APA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə çıxış edərkən bildirib.

Ölkə başçısı qeyd edib ki, o vaxt Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı:

“Ermənistanın ölkəmizin torpaqlarını işğal etməsi, gedən vətəndaş müharibəsi, iqtisadi çətinliklər, bir daha demək istəyirəm ki, Azərbaycanı investisiya üçün əlverişli ölkə kimi təqdim edə bilməzdi. O vaxt ulu öndər Heydər Əliyevin xidmətlərindən biri də o olmuşdu ki, investorları inandıra bilmişdi və Dövlət Neft Şirkətinin rəhbərliyi - bizim dostumuz rəhmətlik Natiq Əliyev, Xoşbəxt Yusifzadə, Valeh Ələsgərov, mən və digər əməkdaşlar çalışırdıq investorları inandıraq ki, Azərbaycana sərmayə qoymaq olar, sərmayə qoymaq lazımdır və Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək. Belə də oldu. “Əsrin kontraktı”nın icrasına qoyulmuş sərmayə artıqlaması ilə qaytarıldı. Xarici investorlar milyardlarla dollar gəlir əldə etdilər. Azərbaycan dövləti yüz milyard dollardan çox gəlir əldə etdi”.

“Əsrin kontraktı”nın əhəmiyyətindən söz açan Preziden İlham Əliyev vurğulayıb ki, bu kontrakt dünya təcrübəsində özünə layiqli yer tutur: “Həm dövlətin, həm də investorların maraqları təmin olundu. Eyni zamanda, neftdən əldə edilmiş gəlirlər ölkəmizin sürətli inkişafına şərait yaratdı. Biz dünyada neft sənayesində gedən işlərdən xəbərdarıq. Bir çox hallarda neft xoşbəxtlik gətirmir, faciə gətirir, qarşıdurma gətirir, qeyri-bərabərlik gətirir, ədalətsizlik gətirir. Azərbaycanın timsalında neft xeyir gətirib. Çünki neftdən əldə edilmiş gəlirlər ümumi inkişafımıza sərmayə kimi qoyuldu. Sosial məsələlərin həlli üçün şərait yaratdı. Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün imkan yaratdı. Müasirləşən şəhərlər, abadlaşan kəndlər, ölkədə gedən quruculuq, abadlıq - bütün bunların təməlində bizim neft sənayemiz dayanır”.

 





21.09.2019    çap et  çap et