525.Az

Günəşin elçisi - esse-monoqrafiyadan fraqmentlər


 

Günəşin elçisi - <b style="color:red">esse-monoqrafiyadan fraqmentlər </b>

Məşhur rus rəssamı İvan Kramskoyun dünyaca tanınan bir əsəri var, Naməlum qadın. O əsər niyəsə mənə Nurəngiz Günü xatırladır həmişə. Bəlkə də heç bənzəyiş yoxdu, amma mənim zənnimdə hətta o əsərin adı da Nurəngiz Gündür.

Tretyakov qalereyasında olarkən o naməlum qadın rəsminin qarşısında xeyli dayandım və içimdə onunla söhbət elədim.

Sanki Nurəngiz xanımla danışırdım.

Bilirəm ki, Nurəngiz xanımın da bu əsərdən xoşu gəlirdi, amma soruşmağı unutmuşdum ki, siz də bu oxşarlığı hiss edirsinizmi? Bəlkə o da hiss edib, bəlkə də yox, amma mən bu əsərdəki obrazda həmişə Nurəngiz xanımı gördüm.

Qalereyada doğma adamımı görürmüş kimi xeyli sevindim, kövrəldim, imkanım olsaydı rəsmin boynuna da sarılardım.

Bu əsərin şəklindən Şuşadakı evimizdə varıydı, divara vurmuşduq. Onda Nurəngiz xanımı televiziyada görürdüm tez-tez. Elə o vaxtdan da bu əsəri Nurəngiz xanıma bənzətmişdim.

Sonra illər keçdi, mən ali təhsil aldım, Bakıda yaşadım, televiziyada gördüyüm adamları yaxından gördüm, yaxından tanıdım, o cümlədən də Nurəngiz xanımı.

Və Nurəngiz xanımı ilk dəfə görəndə, yanılmadığımı hiss elədim. Yəni zənnimdə aldanmamışdım.

Mənim aləmimdə oxşarlıq çoxuydu.

Bu əsərin sirri, sehri nə qədəriydisə, elə Nurəngiz xanımın əsrarı, gözəlliyi o qədəriydi.

***

Sanki sevgidən yoğrulmuşdu. İnsanda insanlara, otlara, ağaclara, hər bir canlıya, ya elə cansız şeylərə də, məsələn adi qələmə, adi stula, bir güllü nəlbəkiyə, bir xırda böcəyə qarşı nə qədər mərhəmət olardı, nə qədər qayğı olardı. Güllərlə danışardı, divara sığal çəkərdi, ağacları dinləyərdi, yağışı ovcuna yığıb nəsə deyərdi.

Bir çatlayan əşyaya ürəyi yanar, bir qırılan stul ayağına ufuldayardı.

Yanından ötdüyü adamları saxlamaq, niyə bikefsən, nə dərdin var, soruşmaq istəyərdi. Əlindən gələni edərdi hamı üçün, əlindən nə gəlirdisə əsirgəməzdi.

Bir ananın xəstə uşağına,
Bir yaralı quşun qırıq qanadına,
bir kimsəsizə,
bir işsizə,
bir arxasıza arxa olmuşdu.
Hardanıydı bu qədər sevgi,
bu qədər mərhəmət...
Heç özü də bilmirdi.

Amma bir şeyi bilirdi ki, zəifə, imkansıza, gücsüzə, kasıba mütləq kömək etmək, dərdini dinləmək, söykək olmaq lazımdır.

Vəfatından sonra Nurəngiz xanımı el ağladı, el yola saldı, el haray çəkdi. Qızı Jalə xanım deyir ki, anamı sevən və anamdan yaxşılıq görən nə çox insan var imiş. Heç bunların çoxundan mənim xəbərim olmayıb.

Anam bunları necə edib, necə çatdırıb, bilmirəm...

***

Bir də Nazim Hikməti sevirdi. Elə çox sevirdi ki, şeirlərini oxuyanda, ya dinləyəndə gözlərini yumardı.

Dəfələrlə şahidi olmuşdum bunun. Harasa uzaqlara gedərdi Nazim Hikmətin sətirlərinin qanadlarında. Bir xeyli vaxtdan sonra qayıdardı. Bu qayıdış bahara qaranquş qayıdışıydı...

Sevdiyi şeir "Günəşi içənlərin türküsü" Nazim Hikmətin ən məşhur və ən sevilən şeiridir ki, Nurəngiz xanım bu şeiri Günəş kimi ciyərlərinə çəkirdi. Sətir-sətir içirdi bu şeiri.

Bu bir türkü:-
toprak çanaklarda
güneşi içenlerin türküsü!
Bu bir örgü:-
alev bir saç örgüsü!
kıvranıyor;
kanlı; kızıl bir meş'ale gibi yanıyor
esmer alınlarında
bakır ayakları çıplak kahramanların!

İlk dəfə Nurəngiz xanımın ifasında tanıdım bu şeiri. Tanıdım və sevdim. Bildim ki, Günəşi içənlər də var və Günəşi də içmək olarmış, necə ki, o qəhrəmanlar kimi.

Ben de gördüm o kahramanları,
ben de sardım o örgüyü,
ben de onlarla
güneşe giden
köprüden
geçtim!
Ben de içtim toprak çanaklarda güneşi.
Ben de söyledim o türküyü!

Nazim Hikmət sevgisi bir həsrət kimi keçirdi içindən. O böyüklükdə şairin qədrini bilmədilər, deyirdi və kədərlənirdi ki, o böyüklükdə şairinə yiyə çıxmadı milləti. O gözəllikdə şair vətənindən didərgin düşdü, zindanlarda şeirlər yazdı, axırda da vətən həsrətiylə qürbətlərdə öldü. Bu, çox ağrıdırdı onu.

Söhbətlərimizdə dəfələrlə vurğulayırdı ki, Nazim Hikmət türk şeirinə yeniliklər gətirdi, azadlıq uğrunda çarpışdı, qeyri-adiliyi ilə seçildi, sevildi, amma qürbətdə gözlərini yumdu, bax bu, onu ağrıdırdı.

İşte:
şu güneşten
düşen
ateşte
milyonlarla kırmızı yürek yanıyor!

Sen de çıkar
göğsünün kafesinden yüreğini;
şu güneşten
düşen
ateşe fırlat;
yüreğini yüreklerimizin yanına at!

Akın var
güneşe akın!
Güneşi zaptedeceğiz
güneşin zaptı yakın!

Həm də çox maraqlı və şərəfli bir hadisədir ki, Nazim Hikmətin ilk kitabı "Günəşi içənlərin türküsü" 1928-ci ildə Bakıda çap olunub və beləliklə, sərbəst şeirin sehrinə salıb oxucularını. Heç yadımdan çıxmaz...

Nurəngiz xanıma həsr olunmuş televiziya proqramının birində belə bir ifadə işlətdim ki, sərbəst şeirimizin baniləri Nazim Hikmət, Rəsul Rza, Mikayıl Rəfili və digərləri olub. Ancaq şeirimizə sərbəstliyi Nurəngiz Gün gətirib. Bu ifadəm ədəbiyyatşünaslar tərəfindən çox rəğbətlə, riyazi aksiom kimi qəbul edildi.

Nurəngiz xanım deyirdi, çoxları elə bilir şeir sərbəstdirsə, onu yazmaq çox asandır, yəni sərbəstin nə qafiyəsi olur, nə də hecası. Amma düşünmürlər ki, sərbəst şeirin öz ritmi, öz musiqisi, öz ahəngi olur və şeir su kimi axıb gedir adamın dilində.

Güneşi içiyoruz sesinde!
Coşuyoruz,
coşuyor!..
Yangınlı ufukların dumanlı perdesinde
mızrakları göğü yırtan atlılar koşuyor!

Şairin vətən yanğısından danışardı Nurəngiz xanım, Pirayəyə sevgisindən, həyat eşqindən, mübarizəsindən, qorxmazlığından, şeirlərindən yanğıyla danışardı.

- Mübarizə bu gün də var, yarın da... misralarını həyatının şüarı kimi həmişə önə çəkərdi.

Bir də xatırladırdı ki, "Şair öz xalqının carçısı olmalıdır" və Nazim Hikmət həm öz xalqının, həm də bütün insanlığın yorulmaz azadlıq carçısıydı.

Akın var
güneşe akın!
Güneşi zaaaaptedeceğiz
güneşin zaptı yakın!

Bu sərbəst şeirin özünəməxsus ahəngi var və oxuduqca o ritmə düşürsən. Şeirin sərbəstliyini unudursan, sətirlər elə ahənglə oxunur ki, o ahəngdən çıxa bilmirsən.

Nazim Hikmətin böyüklüyü həm türk şeirinə gətirdiyi sərbəstlikdə, həm yenilikdə, həm sərbəst şeirin ritmində, həm də Günəşi içən şair olmasında idi.

Nurəngiz Gün həmişə Nazim Hikməti yada salanda Günəşi içən adam deyirdi.

Və Günəşi içən adamın həsrəti şeirlərindən keçirdi.

Merdivenlerimizin çengelini
yıldızlara asarak,
ölülerimizin başlarına basarak
yükseliyoruz
güneşe doğru!

Nazim Hikmət təkcə türklərin deyil, elə bütün dünyanın da böyük şairi idi. Onun nəfəsi, şeirləri, açdığı cığır yeni, avanqard idi. Bununla belə bu yenilikdə bir azadlıq hayqırtısı, bir azadlıq həsrəti vardı. O, böyük inqilablar şairi idi. O dövrün bütün ictimai-siyasi hadisələrinə həmişə öz münasibətini bildirmiş və bu hadisələr onun yaradıcılığına sirayət etmişdir. Şair haqsız olan hər şeyə qarşı mübarizə aparmış və öz sözünü deməkdən çəkinməmişdir.

Hərdən də deyirdi ki, o boyda sevgi yaşayasan, bir qadını o qədər sevəsən, axırda ömrünü bir rus qadınla başa vurasan. Həyat elə amansız sürprizlərlə doludur ki, bu amansız sürprizləri amansızcasına yaşamağa məhkumsan. Nazim Hikmət ölənə kimi Pirayənin həsrətiylə yandı, yandı və axırda da kül oldu. Böyük sevgiydi Nazim Hikmətin sevgisi. Elə Günəş boyda böyük idi.

Günəşi içən adam Nazim Hikmət!

Günəşli günlər yaxındadır,
Günəşli günlərdən keçirik...
Umudlar bizim,
Sabahlar bizim.
Hələ sabahlarda Günəşli günlər görəcəyik,
Hələ Günəşli günlər adına sənin
Günəşli şeirlərini oxuyacağıq,
səni Günəşli sevəcəyik,
Günəşli xatırlayacağıq.

Toprak bakır
gök bakır.
Haykır güneşi içenlerin türküsünü,
Hay-kır
Haykıralım!

Nurəngiz xanım Nazim Hikmət şeirinin qanadlarında gözlərini yumub Günəşə yol aldı və Günəşi içənlərin türküsünü oxuya-oxuya Günəşdən keçdi... uzaqda azadlıqlar ölkəsində indi Nazim Hikmətlə birlikdə oxuyur "Günəşi içənlərin türküsü"nü.

***

Həzin bir xəyal kimi xatırlayıram...
Yerişini,
duruşunu,
gülüşünü,
səsini,
baxışlarını,
gözəlliyini...

Bu dünyadan bir gözəl keçdi,
gözəlliklərdən keçdi!
Və gözəlliyə doğru yol alıb gözəlliyə qarışdı.
Gözəl nə varsa onları sevdi,
gözəl nə varsa onlardan yazdı,
gözəl nə varsa...

Gözəl nə varıydı ki...
Gözəl uşaqlıq varıydı,
gözəl gənclik varıydı,
gözəl günlər varıydı,
gözəl güllər varıydı, şəbgül adlı,
gözəl quşlar varıydı, qu adlı,
gözəl şəhər varıydı, Bakı adlı...

Bu şəhərin qədim küçələrini qarış-qarış gəzdi,
ağaclarıyla söhbət elədi,
daşlarıyla dost oldu,
insanlarını sevdi...

Sevgisi Xəzər boydaydı,
bəlkə də Xəzərdən də böyük, göylər qədəriydi,
bəlkə də xəyallar qədəriydi -
xəyallar tükənmir axı.

Hamını sevdi,
hamını doğma sandı,
hər kəsi anlamaq istədi,
anladı da...

Geniş ürəkli, təmiz qəlbliydi...
ürəyinə dünyaları sığışdırdı,
göylərdə qanadlandı,
şeirlər yazdı, yazdı...

Bir gün də anladı ki, şeir onun həyatıdır,
və şeirsiz yaşaya bilmir,
şeirsiz nəfəs ala bilmir,
şeirsiz həyat yox ona.

Qollarını geniş açdı, açdı..
uçdu, uçdu,
şeir oldu,
ən gözəl şeir.
Bəlkə də rəssamıydı...
Rənglərin diliylə danışırdı,
mavinin çalarlarıyla,
yaşılın çeşidləriylə,
qaranın ağıyla,
ağın qarasıyla,
güllərin qoxusuyla,
çiçəklərin rəngiylə...

Bəlkə də bəstəkarıydı,
şeirləri nəğmə kimi oxuyurdu,
sözləri yağış kimi bəstələyirdi,
misraları not-not çizirdi vərəqlərə.

Sonra çiçəklər oxuyurdu bəstələrini,
quşlar oxuyurdu nəğmələrini,
sular zü mzümə edirdi həmin notları.

Bəlkə də buluduydu...
Səhralara yağırdı,
meşələrə yağırdı,
susuz çöllərə yağırdı.
quruyan göllərə yağırdı.

Yağdı çiçəklər cana gəldi,
yağdı torpaqlar yaşıllandı,
yağdı bahar gəldi,
qaranquşlar qayıtdı,
qayıtdılar yuva qurmağa.

Bəlkə də şəbgülüydü,
gecə açırdı,
səhər gördüklərindən şirə çəkirdi arı kimi.

Bəlkə də arıydı...
sözlərə qonurdu,

misralara qonurdu,
şeirlər süzülürdü dodaqlarından.

Bəlkə nağıllardan gəlmişdi,
Günəşli nağıllardan.
Qəmərə dost oldu,
Hilala yoldaş,
Ayparayla sirdaş...

Sonra da nağıllara qarışdı,
Günəşli nağıllara,
Günəşlə birgə qüruba endi,
qüruba endi ki,
nə vaxtsa Günəşlə birgə doğsun.

 





21.09.2019    çap et  çap et