525.Az

Kinorejissorlar Gildiyası "Connect" TV-ni müəllif hüquqlarını pozmaqda günahlandırır


 

Kinorejissorlar Gildiyası "Connect" TV-ni müəllif hüquqlarını pozmaqda günahlandırır<b style="color:red"></b>

Azərbaycan Professional Kinorejissorlar Gildiyası kabel televiziyası olan "Connect"  MMC-ni  məhkəməyə verib.

Tərəflər arasında artıq iki ildən çoxdur davam edən narazılığın səbəbi "Connect" televiziyasında yayımlanan retroslyasiya yolu ilə yayımlanan audiovizual əsərlərdir-filmlərdir.

İddiaya görə, "Connect"  MMC  fəaliyyətə başladığı dövrdən  Kinorejissorlar Gildiyasının dəfələrlə rəsmi və qeyri-rəsmi müraciətlərinə baxmayaraq, audiovizual əsərlərin istifadəsinin hüquqi əsaslarını yaratmadan - yəni Professional Kinorejissorlar Gildiyası  ilə müqavilə bağlamadan və müəllif qonorarı ödəmədən,  hüquqların qorumasını kollektiv idarəçilik təşkilatı olan Kinorejissorlar Gildiyasına vermiş müəlliflərin - rejissorların, ssenaristlərin, operatorların, rəssamların və bəstəkarların müəllifi olduğu filmləri  kabel televiziyası vasitəsilə retranslyasiya yolu ilə nümayişini qanuna zidd olaraq həyata keçirir.

Professional Kinorejissorlar Gildiyası İdarə Heyətinin sədri Hüseyn Mehdiyev deyir ki, Gildiya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat kimi Azərbaycan Respublikasının "Müəlliflik hüququ və əlaqəli hüquqlar" haqqında qanununun 41-ci maddəsinə uyğun olaraq yaradılmış və həmin qanunun 42-ci maddəsində göstərilən funksiyaları yerinə yetirir, həmçinin,  həmin qanunun 43-cü maddəsində göstərilən vəzifələri daşıyır.

Azərbaycan Respublikası "Müəlliflik hüququ və əlaqəli hüquqlar" haqqında qanununun 41-ci maddəsinin 2-ci bəndinin 4-cü hissəsinin tələbinə uyğun olaraq əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun  və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Audivisual əsər istehsalçıları və filmlərin müəllifləri - rejissor, ssenarist, operator, rəssam və bəstəkarlar öz hüquqlarının idarə olunması, qorunması və müdafiəsi  məqsədi ilə Kinorejissorlar Gildiyasına  kollektiv idarəçiliyə veriblər.

Professional Kinorejissorlar Gildiyası "Connect" MMC-yə  2015-ci ildən başlayaraq müxtəlif tarixlərdə dəfələrlə məktub göndərərək göstərilən audiovizual əsərlərin retranslyasiyasının hüquqi əsaslarını yaratmaq məqsədilə onlarla lisenziya müqaviləsi bağlanmasını təklif etsə də, televiziya bunların heç birinə cavab verməyib.

Kollektiv idarəçilik təşkilatının icazəsi olmadan "Connect" MMC tərəfindən audiovizual əsərlərin retranslyasiya etdirilməsi və heç bir qonorar ödənilməməsi müəlliflərin "Müəlliflik hüququ və əlaqəli hüquqlar" haqqında qanunla qorunan hüquqlarının pozulması deməkdir. Bundan başqa, "Connect" MMC audiovizual əsərlərin kollektiv idarəçiliyini həyata keçirən təşkilatın icazəsi olmadan filmləri retranslyasiya etdirməklə və heç bir qonorar ödəməməklə Kinorejissorlar Gildiyasının işgüzar nüfuzuna ciddi xələl gətirib.  Bütün bunları nəzərə alaraq Gildiya televiziyanı aşağıdakı iddia və tələblərlə məhkəməyə verib:

1. Professional Kinorejissorlar Gildiyası  ilə müqavilə bağlananadək  "Connect" MMC  tərəfindən TV kanalların retranslyasiyanın həyata keçirilməsinin qadağan edilməsi barədə;  

2.  Kollektiv idarəçiliyi Professional Kinorejissorlar Gildiyası tərəfindən həyata keçirilən audiovizual əsərlərin qanunsuz retranslyasiyasını həyata keçirdiyinə görə  30.000 (otuz min) manat kompensasiyanın "Connect" MMC-dən tutularaq  Professional Kinorejissorlar Gildiyasına ödənilməsi barədə;  

3. İşgüzar nüfuza vurulmuş zərərə görə, "Connect" MMC-dən Professional Kinorejissorlar Gildiyasının  xeyrinə 20.000 (iyirmi min)  manat  ödənməsi  barədə qətnamə qəbul edilsin.

2018-ci ilin 19 fevral və 10 avqust tarixlərində keçirilən məhkəmələrdən sonra bu iddialar təmin edilmədiyindən APKG Apellyasiya məhkəməsinə müraciət edib. Sentyabrın 18-də keçirilən son iclasda Azərbaycan Professional Kinorejissorlar Gildiyasının nümayəndəsi, vəkil Əkbər Bağırov, "Connect" MMC-nin vəkili Mahir Məmmədov və Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi İqbal Əskərov, eləcə də tanınmış kino xadimləri iştirak ediblər. Hüseyn Mehdiyev, Şeyx Əbdül, Elxan Cəfərov, Ramiz Həsənoğlu, dünyasını dəyişmiş sənətkarlarımızın - Həsən Seyidbəyli, Tofiq Tağızadə, Davud İmanovun hüquqi varisləri və başqaları prosesdə iddiaçı tərəf kimi iştirak edərək "Connect" TV-nin onların hüquqlarını pozduqlarını deyiblər.

Tərəflərin qarşılıqlı razılığa gəlməsi, işin daha dərindən araşdırılması məqsədi ilə məhkəmə prosesi oktyabrın 2-nə kimi təxirə salınıb.

Şahanə MÜŞFİQ

 





22.09.2019    çap et  çap et